07 Avqust 2020 00:16
889
SİYASƏT
A- A+

Dəyişikliklərin, islahatların hədəfi Azərbaycanın hərtərəfli, dinamik və dayanıqlı inkişafının təmin edilməsidir


Mayis SƏFƏRLİ: "Bu işdə dövlət başçısına dəstək verməyi, onun yanında olmağı özümüzə borc bilirik”


Son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar həm də siyasi sferada bir sıra keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmaqdadır.

Xüsusən hakimiyyətlə müxalifət arasında yeni siyasi dialoq mühitinin yaradılması, onların təklif və təşəbbüslərinin dinlənilməsi, parlament idarəçiliyində müxalifət təmsilçilərinə yer verilməsi, yeni partiyaların qeydə alınması islahatların uğurla həyata keçirildiyini göstərir.

Azərbaycan Yurddaş Partiyasının sədri Mayis Səfərli ilə söhbətimiz də bu barədədir.


Yeni konfiqurasiyanın formalaşmasında müxalifət partiyalarının yer alması pozitiv hadisədir


İstər fiziki, istər bioloji, istərsə də sosial sistemlərdə nizam meyarı, həddi, ölçüsü deyilən bir anlayışın olduğunu deyən Mayis Səfərlinin sözlərinə görə, əgər inkişaf prosesində ləngimə, durğunluq yaranarsa, bu, sistemin daxilində neqativlərə yol açar, mənfi meyillərə, geriləmələrə səbəb olar: "Azərbaycan demokratik hüquqi dövlətdir.

Belə cəmiyyətlərdə daimi yenilənmə, islahatlar şərtdir. Demokratiya, əslində, dinamik bir prosesdir - zamanın ruhuna uyğun olaraq inkişaf etməlidir. Odur ki, Prezident İlham Əliyevin 2016-cı il referendumundan sonra bəyan etdiyi və 2018-ci ilin prezident seçkilərindən sonra həyata keçirilməsinə start verdiyi genişmiqyaslı islahatlar, o cümlədən siyasi sferadakı keyfiyyət dəyişikliklərini vaxtında atılan addım, dövlət idarəçiliyində xüsusi bir bacarıq kimi dəyərləndirirəm”.

Mayis Səfərli bildirdi ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin müasirləşdirilməsi işində xeyli önəmli nəticələr əldə edilib, Prezident Administrasiyasında həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil olunan dialoq, şöbənin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə keçirdiyi görüşlər artıq davamlı xarakter alıb: "Prosesin ictimaiyyət tərəfindən müsbət qarşılanmasının səbəblərindən biri odur ki, hakim siyasi partiyanın - Yeni Azərbaycan Partiyasinın sədri olan ölkə başçısı bütün siyasi qüvvələri, o cümlədən radikal baxışları və fəaliyyəti ilə seçilən təşkilatları da dialoqa dəvət etdi. Bu gün siyasi sistemdə yeni konfiqurasiyanın formalaşmasında müxalif partiyaların mütləq əksəriyyətinin yer alması pozitiv hadisədir. Yeni siyasi münasibətlərin qurulması işində partiyaların qeydiyyata alınması məsələlərinin yüngülləşdirilməsi, siyasi arenaya yeni təşkilatların gəlməsinə uyğun şəraitin yaradılması, müstəqillik tariximizdə ilk dəfə olaraq, müxalifət nümayəndələrinin parlament rəhbərliyində təmsil olunması, söz yox ki, yeni düzəni xarakterizə edən əsas faktorlardır. Bütün bunlar cəmiyyətimizin daha da demokratikləşməsinə, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə xidmət edir, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin artmasına layiqli töhfəsini verir. İnanıram ki, dövlətimiz pandemiyaya qalib gəldikdən sonra bu islahatların intensivliyi daha da artacaq, digər sahələrdə olduğu kimi, demokratik inkişaf yolunda da bir çox yeni uğurlara imza atacaq”.


İlham Əliyevin liderliyi ilə ölkəmiz son 17 ildə özünün tarixiboyu ən yüksək inkişaf nöqtəsinə çatıb


Qeyd etdiyimiz kimi, bu prosesdə ən mühüm məsələlərdən biri müxalifətin təklif və təşəbbüslərinin dinlənilməsidir. Azərbaycan Yurddaş Partiyasının təşəbbüsləri, proqram və təklifləri barədə danışan Mayis Səfərli öncə dedi ki, rəhbərlik etdiyi partiya 1993 -cü ildə təsis olunaraq dövlət qeydiyyatından keçib və 27 illik fəaliyyəti boyu hər zaman dövlət və milli maraqlarımızı əsas götürüb:

- Zaman-zaman iqtidar-müxalifət münasibətlərinin normallaşdırılmasından ötrü çeşidli təkliflərlə çıxış etmişik. Parlamentdə təmsil olunduğumuz 2000-2005-ci illərdə və ondan sonrakı dövrdə hakimiyyətlə müxalif qüvvələrin əməkdaşlığının zəruri olduğunu, bunun dövlətimizin ümumi işlərinə xeyir gətirəcəyi barədə təbliğatdan heç vaxt geri çəkilməmişik. Prezident Ilham Əliyevin dialoq təklifinə ilk cavab verən təşkilatlardanıq. Bizim partiya hələ illər öncə irəli sürdüyü Siyasi Məşvərət Mərkəzinin yaradılması təklifini bu gün də aktual hesab edir. Ümummilli problemlərin, ölkəmizə qarşı yarana biləcək təhdid və təhlükələrin müzakirəsinin aparılması, birgə mövqelərin formalaşdırılması üçün nəzərdə tutduğumuz Məşvərət Mərkəzi iqtidar və müxalifəti təmsil edən siyasi qüvvələri bir araya gətirən ictimai təsisat ola bilər. Düşünürəm ki, müharibə şəraitində olan, ərazi bütövlüyü pozulmuş dövlətimiz üçün bu məqbul bir iş olardı.

Mayis Səfərli əlavə etdi ki, Yurddaş Partiyası əslində XX əsrin 80-ci illərinin sonunda eyniadlı ictimai birlik kimi fəaliyyətə başlayıb: "Məqsədimiz dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə əlaqələr qurmaq, onları təşkilatlandırmaq, hüquqlarını qorumaq idi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, biz dünyada Azərbaycan diaspor hərəkatının ilk cığırını açmışıq. 1988-93- cü illər ərzində o zamankı sovetlər birliyi ərazisində və digər xarici ölkələrdə məskunlaşmış yurddaşlarımızın 65-dən çox milli mədəniyyət mərkəzlərini, cəmiyyətlərini qurduq. Xalqımızın haqq səsinin, Qarabağ həqiqətlərinin, ermənilərin vəhşiliklərinin beynəlxalq aləmə çatdırılmasında əlimizdən gələnləri edirdik. Bu işin dərinliyinə vardıqca, dövlətin dəstəyinə, yardımına ehtiyac duyurduq. Bu səbəbdən də partiyaya çevrilməyə, hökuməti diaspor işinə sövq etməyə qərar verdik.

O illərdə Azərbaycanda sabitlik yox idi, müstəqilliyini yenicə əldə etmiş ölkəmiz böhran içərisində çabalayırdı. Siyasi qarşıdurmalar hakimiyyət boşluğu yaratmışdı. Müraciətlərimizə baxan yox idi. Ölkədə baş verən proseslərdən, hərc-mərclikdən bezən xalqımız təkidlə böyük dövlət adamı, dünya şöhrətli siyasətçı Heydər Əliyevi Bakıya dəvət etdi. Gecəsini gündüzünə qatan Ulu Öndər siyasi böhrana son qoydu. Ölkəni parçalanmaqdan xilas etdi. Bir müddət sonra partiya sədri olaraq xaricdəki azərbaycanlıların problemləri ilə bağlı Prezident Heydər Əliyevə məktub göndərdim. Əsl dövlət xadimi olaraq Prezident bu işə xüsusi diqqət göstərdi. Administrasiyadan təkliflərimizi istədilər, hazırlayıb verdik. Cəmi bir neçə ildən sonra, - onda mən 2-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı idim, - bu işə start verildi. Diaspor ilə bağlı qanunvericiliyin hazırlanmasında şəxsən iştirak etdim. Bu fəaliyyəti həyata keçirmək üçün Dövlət Komitəsinin yaradılması bizim partiyamızın proqramına tam uyğun bir məsələ oldu. Hakimiyyətlə, hakim partiya - YAP ilə əlaqələrimiz o vaxtdan möhkəmləndi”.

Mayis Səfərlinin sözlərinə görə, Yurddaş Partiyasının hakimiyyətdə təmsilçiləri yoxdur, lakin Prezident İlham Əliyevin Azərbaycan xalqı, dövləti naminə fəaliyyətini hər zaman dəstəkləyib: "Ədalət naminə demək lazımdır ki, İlham Əliyevin liderliyi ilə ölkəmiz son 17 il ərzində özünün tarixi boyu ən yüksək inkişaf nöqtəsinə çatıb. Hazırda Azərbaycanda dövlət həyatının bütün sahələrində islahatlar həyata keçirilir. Dəyişikliklərin, islahatların hədəfi əlbəttə ki, ölkəmizin hərtərəfli, dinamik, dayanıqlı inkişafının təmin edilməsidir. Bu işdə də dövlət başçısına dəstək verməyi,onun yanında olmağı özümüzə borc bilirik”.

Söhbət zamanı partiya sədri qeyd etdi ki, müxtəlif siyasi qüvvələr arasında, o cümlədən hakimiyyətlə siyasi spektrin bütün tərəfləri arasında davamlı təmasların mövcudluğu demokratik -hüquqi dövlətlərin təbiətindən irəli gələn zəruri bir məsələdir:

- Bir qədər əvvəl siyasi qüvvələrin davamlı əlaqələrinin və əməkdaşlığının bizim cəmiyyətimiz üçün də vacib olduğunu bildirdim. Hazırda, kiçik istisnalarla, ölkənin bütün siyasi partiyalarının bu prosesdə fəal iştirak etməsini Prezidentin, onun siyasətini icra edən müvafiq strukturların uğuru kimi qiymətləndirirəm. Bu, həm də, ölkə başçısının apardığı yeni siyasi kursun, artıq reallaşdırdığı xeyli dəyişikliklərin siyasi partiyalar tərəfindən birmənalı dəstəklənməsinin təzahürüdür. Qeyd etmək yerinə düşərdi ki, hakimiyyətlə siyasi partiyalar arasındakı dialoq qarşılıqlı anlaşma, əməkdaşlıq, fikir plüralizmi və siyasi baxışlara hörmət əsasında həyata keçirilir. Bu gün Azərbaycanda formalaşan siyasi mühit özündə tolerantlığı ehtiva edir. Hər kəsin görüşlərinə, baxışlarına hörmət yeni siyasi münasibətlərin normasına çevrilib.


Müxalifətçilik şər-böhtan yağdırmaq, görülən işləri qaralamaq deyil


Yurddaş Partiyasının sədri onu da bildirdi ki, müasir dünyada müxalifətsiz demokratik cəmiyyətləri təsəvvür etmək mümkün deyil. Çünki demokratiya haqqındakı nəzəriyyələrdə göstərildiyi kimi, siyasi müxalif qüvvələr hüquqi dövlətin ümümi mənzərəsinin tərkib hissəsidir: "Belə ki, siyasi bir institut olaraq, müxalifət cəmiyyətdə müxtəlif sosial qrupların maraqlarını əks etdirir. Demokratik şəraitdə hakimiyyətlər istənilən qüvvə və maraqlarla hesablaşmalıdır. Başqa sözlə, həmin maraqların ifadəçisi olan müxalifət partiyasının tələblərinə, təkliflərinə diqqət yetirilməli, həssaslıqla yanaşılmalıdır. Heç kəsə sirr deyil ki, bizdə müxalifətçilik mədəniyyəti demokratik cəmiyyətin ruhuna və tələblərinə hələ cavab vermir, xeyli aşağıdır. Hər hansı bir işin öhdəsindən gələ bilməyən, yaxud seçicilərin səsini qazanmayan bir partiya fəaliyyətini təhlil etmək, buraxdığı səhvləri götür-qoy etmək əvəzinə, öz işinə qiymət vermək yerinə, icazəsiz- filansız 5-10 adamla çıxır küçəyə və "istefa” qışqırırlar. Başa düşmək lazımdır ki, bizi keçən əsrin 90-cı illərinin əvvəllərindən 30 ilə qədər böyük bir tarixi məsafə ayırır. O illərin siyasi xarakteristikası da , mübarizə metodları da fərqli idi. İndi zaman dəyişib. İdeyaları, baxışları ifadə etmək, yaymaq üçün fərqli vasitələr mövcuddur. Artıq küçələrdə, meydanlarda qışqırmağa heç ehtiyac yoxdur.

Birdə ki, insanlar boş və mənasız sözlərə indi qulaq asmırlar. Müasir elektorat gerçəkliyə əsaslanan, həyata keçirilməsi mümkün olan, daha yaxşı rifah vəd edən, ona yetişməyin aydın yollarını göstərənlərə və işləməyi bacaranlara səs verir. Müxalifətçilik qarşısındakına şər-böhtan yağdırmaq, görülən işləri qaralamaq deyil! Toplum bunu əsla qəbul etmir. Bu bir həqiqətdir ki, müxalifət düşərgəsində fəaliyyət göstərən siyasi təşkilatların bir çoxu Kommunist partiyası qəlibində qurulub. Bu partiyalarda yuxarıların qərarı aşağılar üçün məcburidir, çoxluq azlıq üzərində dominantdır, azlığın fikrinə, ideyalarına sayğı, hörmət yoxdur. Özünüz deyin, bu demokratiyadırmı? Əlbəttə ki, yox! Bu, daha çox proletariat diktaturasına bənzəyir. Doğrudur, günümüzdə Azərbaycanda normal, sivil metodlarla mübarizə aparan müxalifət partiyaları da var. Onların bir qismi, hətta, Milli Məclisdə təmsil olunur. Lakin, yeniləşməyə, dövrün tələblərinə uyğunlaşmağa ehtiyac duyulan siyasi qüvvələr hələ də az deyil.

Partiya sədri bildirdi ki, geniş ictimaiyyətin müsbət qarşıladığı yeni siyasi münasibətlər formatında AXCP və Müsavatın yer almaması, əslində, gözlənilən idi: "Belə ki, təəssüflər olsun ki, bu qüvvələr uzun illərdir bütün məsələlərdə anormal mövqe sərgiləyirlər. Radikalların bütün fəaliyyəti Azərbaycanda həyata keçirilən normal işlərə kölgə salmaq, həqiqətləri sosial şəbəkələrdə başqa fonda təqdim etməkdir. Özünütəcrid, əslində, həmin təşkilatların özlərinə ziyan vurur. Onların getdikcə zəifləməsi, geriləməsi , ictimai-siyasi proseslərə təsir imkanlarını itirməsi günümüzün reallığıdır. Mənim qənaətimə görə, müxalifət düşərgəsi İlham Əliyevin yeni siyasi kursunu dəstəkləməlidir. Məhz dəyişən, yeniləşən qanunların hörmət edildiyi demokratik bir ölkədə müxalifətin öz siyasi arzularını gerçəkləşdirmək imkanları xeyli artır”.


Azərbaycanda əhalinin sağlamlığını qoruyan etibarlı dövlət siyasəti mövcuddur


Yurddaş Partiyasının sədri pandemiya ilə bağlı dövlətin həyata keçirdiyi mübarizə tədbirləri barədə də qənaətlərini bölüşdü. Onun sözlərinə görə, Azərbaycanın koronavirusa qarşı həyata keçirdiyi çevik, dinamik, səmərəli tədbirlər dünyada qabaqcıl bir nümünədir və bunu Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizin rəhbərinə ünvanladığı təşəkkür məktubları da sübut edir: "Azərbaycanın belə vacib bir məsələdə öncüllər sırasında yer alması, söz yox ki, ilk növbədə Prezident İlham Əliyevin xalqımızın həyat və sağlamlığının qorunmasında vaxtında atdığı adekvat addımları savadlı və bacarıqlı idarəçiliyi ilə bağlıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti də vətəndaşlarımızı son dərəcədə məmnun və nikbin edir. Qısa zaman kəsiyində səhiyyəmizin imkanlarının genişləndirilməsi, yeni klinikaların, xəstəxanaların istifadəyə verilməsi, maska, qoruyucu vasitələr, dezinfeksiya məhsullarının ölkədə istehsalının təşkil edilməsi Azərbaycanın koronavirusla mübarizədə ortaya qoyduğu çevik işlərdir. Bu tədbirlərin nəticəsində ölkəmiz pandemiya ilə bağlı yaranmış vəziyyəti tam nəzarətə almağı bacaran azsaylı dövlətlərdən biridir. Virusun vətəndaşlarımızın üzərində yaratdığı maddi,iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə geniş sosial dəstək proqramları artıq neçə vaxtdır ki, icra olunur. Bir sözlə, Azərbaycanda əhalinin sağlamlığını qoruyan etibarlı dövlət siyasəti mövcuddur”.

O da diqqətə çatdırıldı ki, Azərbaycan dövləti, onun Prezidenti bu təhlükəli bəladan xilas olmaq üçün ehtiyacı olan ölkələrə də yardım əlini uzadır. İndiyə qədər milyonlarla dollar məbləğində dava - dərman, maska, qoruyucu vasitələr və digər ləvazimatlar 30-dan çox dövlətə göndərilib. "Azərbaycan yeganə ölkədir ki, bu bəşəri təhlükə ilə mübarizədə dünya birliyinin səylərinin və gücünün birləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürür və konkret fəaliyyət ortaya qoyur. Azərbaycanın təşkilatçılığı və sədrliyi ilə koronavirusla bağlı aprelin 10-da Türk dövlətlərinin, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə toplantılarını keçirildi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının hazırkı sədri kimi təşəbbüsü ilə beynəlxalq həmrəyliyin nümunəsi olaraq pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçılarının səviyyəsində onlayn konfransının keçirilməsi bütün dünyada əks - səda yaratdı. Əlbəttə ki, bu bizim Prezidentimizə və dövlətimizə beynəlxalq ictimaiyyətin etimadı və hörmətinin ifadəsidir” - deyə Mayis Səfərli bildirdi.

Mayis Səfərli ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə də söhbətləşdik. Partiya sədri bildirdi ki, Prezident İlham Əliyevin yeni siyasi kursunda dövlətimizin əsaslarını, təhlükəsizliyini təhdid edən korrupsiya və rüşvətə qarşı mübarizə xüsusi yer tutur: "Hətta indiki, pandemiya ilə mübarizə aparıldığı çətin bir dövrdə də ictimai bəla olan korrupsiya ilə mücadilə bir an olsun belə Prezidentin diqqətindən kənarda qalmır. Son bir neçə ay ərzində vəzifəli şəxslərin saxlanılaraq barələrində həbs qəti-imkan tədbiri seçilməsi antikorrupsiya kursunun çox sərt və ciddi olduğundan xəbər verir. Korrupsiya, rüşvət təhlükəli cinayətlərdir. Burada söhbət təkcə dövlət vəsaitlərinin mənimsənilməsindən, talan edilməsindən getmir. Belə ağır hüquqpozmalar, həmçinin, əhalidə narazılıq və inamsızlıq yaradır. Dövlət başçısının nümayiş etdirdiyi iradə və qətiyyət, inanıram ki, ölkədəki islahatları dönməz edəcək, cəmiyyətimizdə korrupsionerlərə əsla yer olmayacaq. Bu mübarizədə biz siyasi partiya olaraq Prezidentin yanındayıq”.


Azərbaycan pandemiyadan sonra əvvəlki inkişaf templərini bərpa edən ilk dövlətlərdən olacaq


Partiya sədrinin Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyası, iqtisadi islahatlar barədə münasibətini də öyrəndik. Mayis Səfərli qeyd etdi ki, iqtisdiyyat hər bir dövlətin güc qaynağıdır və əgər yetərincə pul-para olmasa, heç bir ölkə inkişaf edə bilməz, onun müstəqilliyi sual altına düşə bilər: "Biz bunu ötən yüzilliyin 90-cı illərinin əvvəllərində öz tariximizdə görmüşük. Ölkəni böhran bürümüşdü. İqtisadiyyat çökmüşdü. Dövlət büdcəsi belə yox idi. Səbəb çox sadə idi. Xəzinəni formalaşdırmağa mənbələr qalmamışdı. Belə bir çətin vaxtda xalq tərəfindən Bakıya dəvət edilən Ümummilli Lider Heydər Əliyev hər bir işi sıfırdan başladı. O ağrılı, acılı günlərdən 27 il keçir. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolu qət edib. Hazırda özünün makroiqtisadi göstəricilərinə görə ölkəmiz güclü dövlətlər sırasındadır”.

Qeyd olundu ki, Prezident İlham Əliyevin reallaşdırdığı iqtisadi islahatlar, onun təşəbbüsü və liderliyi ilə həyata keçirilmiş nəhəng transmilli layihələr Azərbaycanımızı dünyada söz sahibinə çevirib: "Bu bir faktdır ki, böyük bir coğrafiyanı əhatə edən regionumuzda heç bir iqtisadi layihə dövlətimizin razılığı olmadan həyata keçirilmir. Dünya miqyasında baş verən iqtisadi çaxnaşmalara, ticarət savaşlarına, böhranlara rəğmən keçən il ölkəmizdə ümumdaxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu göstərici 3,5 faiz təşkil edir. Kənd təsərrüfatımız 2019-cu ildə 7 faiz böyüyüb. İnflyasiya cəmi 2,6 faiz olub. Əhalinin pul gəlirləri onu 2,5 dəfə üstələyib. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatıb. Zənnimcə yaxşı nəticələrdir. Mən bunları davam etməkdə olan iqtisadi islahatların bəhrəsi kimi görürəm. Bu kontekstdə bir məsələyə də diqqət yetirmək istəyirəm. Ötən ilin nəticələrinə görə Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil edib. Əlbəttə, məhz güclü iqtisadi potensialımız sayəsində ölkəmizdə çoxlu sayda yeni-yeni sosial layihələr icra edilib, infrastrukturla bağlı böyük işlər görülüb”.

Mayis Səfərlinin sözlərinə görə, düzdür, dünyada təhlükəli bir durum yaratmış pandemiya iqtisadiyyatımıza da təsir edib, lakin virusu məhv edəndən sonra Azərbaycan bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sferada əvvəlki inkişaf templərini bərpa edən ilk dövlətlərdən olacaq: "Malik olduğumuz bütün rezervlər, düzgün qurulmuş dövlət siyasəti və başlıcası mükəmməl idarəetmə sistemimiz bunu deməyə əsas verir”.

Söhbəti yazdı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video