06 Avqust 2020 00:30
876
CƏMİYYƏT
A- A+

Effektiv tədbirlər yumşaldılmalara zəmin yaratdı


Azərbaycan dövləti insanların sağalması və ağır vəziyyətdən az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edib


Azərbaycan koronavirusun Uhandan alovlanıb dünyaya yayılmağa başladığı ilk zamandan etibarən operativ formada ona qarşı mübarizə aparır. Dövlətimiz epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün demək olar ki, bütün qüvvələrini səfərbər edib.

Səhiyyə sisteminin dərhal koronavirusla mübarizə hazırlığına gətirilməsi, burada yaradılan möhkəm maddi-texniki baza, modul tipli xəstəxanaların inşası, müasir laboratoriyaların quraşdırılması pandemiyanı nəzarətdə saxlamağa imkan verib. Hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib. Onlar müasir avadanlıqlarla təchiz olunub. Buna görədir ki, 28 minə yaxın virusa yoluxmuş vətəndaşımız müalicə olunaraq sağaldılıb, koronavirusdan həyatını itirənlərin sayı minimum həddə olub.

Dünya təcrübəsindən də məlumdur ki, virusun erkən aşkarlanması infeksiyanın yayılmasının qarşısını zamanında almağa kömək edir. Bu sahədə görülən operativ tədbirlər nəticəsində hazırda ölkəmizdə 31 laboratoriya fəaliyyət göstərir. Qarşıda isə onların sayının 45-ə çatdırılması planlaşdırılır. İndiyə qədər Azərbaycanda 750 mindən çox test keçirilib ki, bu da adambaşına keçirilmiş testlərin sayına görə dünyada qabaqcıl yerlərdə olmağımıza imkan verib.

Azərbaycan dövləti insanların tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxması üçün bütün imkanlarını səfərbər edib və hazırda da bu istiqamətdə lazım olan bütün işlər görülür.


SMS icazə ləğv olundu, çimərliklər açıldı


Ölkədə atılan qabaqlayıcı addımlar, tətbiq olunan karantin rejimi sayəsində pandemiyanı nəzarətdə saxlamağa, hətta müsbət dinamika əldə etməyə nail olundu.

Mərhələli şəkildə koronavirusa qarşı həyata keçirilən effektiv tədbirlər tədricən sərt karantin rejimindən yumşaldılmalara keçidi sürətləndirib. Hazırda da koronavirusun ilkin mərhələsində olduğu kimi, virusa yoluxanların sayında xeyli azalma, sağalanların sayında isə artım müşahidə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargah hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verib.

Belə ki, ötən gündən etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən çimərliklər istifadəyə verilib.


Bu məhdudiyyətlər qüvvədədir


Eyni zamanda COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında 31 avqustadək davam etdəcək.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda bir sıra məhdudiyyətlər qüvvədədir.

Həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və "Mall”ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti bu sıradadır.

Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla), açıq havada idman yarışları və oyunları da daxil olmaqla, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi dayandırılıb.


Yumşaldılmalar COVID-19-un yox olması kimi başa düşülməməlidir


Operativ Qərargah virusa yoluxanların sayının azaldılması, vətəndaşları və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.

Unudulmamalıdır ki, yumşaldılmanın COVID-19-un yox olması kimi başa düşərək qaydalara əməl etməmək, məsuliyyətsizlik göstərmək virusun yenidən alovlanmasına səbəb ola bilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu məsələyə toxunaraq vətəndaşları daha diqqətli olmağa çağırdı: "Müəyyən miqyas və birgə səylərimiz nəticəsində yoluxmanın azalmasına nail olduq. Amma bu bizi qane etmir. Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub. Biz daha aşağı yoluxma gözləyirdik. Buna görə də gələcəkdə bundan çəkinməyə çağırırıq”.


Pandemiya tələblərinə əməl etsək, payız-qış mövsümündə digər respirator viruslara qarşı da mübarizə apara bilərik


Operativ Qərargahın brifinqində o da qeyd edildi ki, payız-qış aylarında kəskin respirator virus infeksiyalarının artması qaçılmazdır. Buna görə də daha diqqətli olmalıyıq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib ki, hazırda xəstəxanalardakı aktiv xəstə sayının azalması üçün çalışırıq. May ayında yumşalma nəticəsində xəstə sayında artım olmuşdu. Ümid edirik ki, analoji vəziyyət bu dəfə olmayacaq.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycana xaricdən mütəxəssislərin gəlməsi vacib amildir: "Pandemiya ilə mübarizəyə hər zaman hazırıq. Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının artması qaçılmazdır. Əgər koronavirusla mübarizədə tələb olunan qaydalara ciddi əməl etsək, digər viruslara qarşı da mübarizə apara bilərik. Maskadan hamı istifadə etməli, gigiyenik qaydalar nəzərə alınmalı və sosial məsafə mütləq qorunmalıdır”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video