05 Avqust 2020 19:31
482
SİYASƏT
A- A+

“Theparliamentmagazine.eu” portalında ermənilərin son təxribatlarından bəhs edən məqalə dərc edilib


Avropanın nüfuzlu "Theparliamentmagazine.eu” portalında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayevanın ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərdən bəhs edən məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə deputat beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-da və Avropada yaşayan azərbaycanlıların keçirdikləri dinc aksiyalar zamanı ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə çəkib. Bildirilib ki, xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbi iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Tovuz rayonundakı mövqelərinə artilleriyadan istifadə etməklə hücuma keçməsi, sərhəd kəndlərdə yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olub.

"Məlumdur ki, Ermənistan bu təxribatın törədilməsində Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışır. Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin Tovuz rayonu ərazisi ölkəmiz üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgədir. Belə ki, Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri, o cümlədən Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vacibliyini qeyd etməliyik”, - deyə yazıda vurğulanır.

Məqalədə, həmçinin bildirilir ki, rəsmi Bakı Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruktiv yanaşma nümayiş etdirir. Lakin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün olmayıb. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri olub: "Ermənilər sərhəddə törədikləri təxribatın ardınca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. İyulun 21-də Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Daha bir təxribat və hücum Los-Anceles şəhərində baş verdi, bir qrup erməni Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla yeddi azərbaycanlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Los-Anceles polisi hücumlarla yanaşı, nifrət cinayətlərinə görə cinayət işi açıb. Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycadakı səfiri Earle Litzenberqer bu hücumun heç bir əsasının olmadığını vurğulayıb. Səfir əlavə edib ki, ABŞ söz azadlığı hüququnu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Azərbaycanın Brüsseldəki səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin qarşısında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və partlayıcı maddələr ilə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə "REAL TV" nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaqla yanaşı, diplomatların ailələrinin yaşadığı əraziyə hücum cəhdi də oldu.”

Məqalədə K.Nurullayeva xüsusilə erməni gənclərin terror təşkilatı-ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladır. Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də bir neçə ermənini saxlayıb.

İyulun 24-də Avstraliya Federal Polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb.

Məqalədə o da qeyd olunur ki, Ermənistan sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü və destruktivliyi nümayiş etdirir. Təəssüf ki, bu vaxta qədər sülh danışıqlarında nəticə əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölüb və ya yaralanıb. Ümumilikdə, 20 min nəfər həlak olub, 50 min nəfər əlil olub, münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşüb, əsir-girov götürülüb”. Bununla belə, Azərbaycan Avropa İttifaqının və digər beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq humanitar əlaqələri gücləndirmək məqsədilə işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə bu və ya digər şəkildə Ermənistanla əməkdaşlıq etməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video