04 Avqust 2020 22:56
613
CƏMİYYƏT
A- A+

Tedros Qebreyesus: Maska təkcə qoruma vasitəsi yox, həm də həmrəylik rəmzidir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bir daha hər kəsi üstündə antiseptik gəzdirməyə və lazım gəldikdə maska taxmağa çağırıb. AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, maska təkcə qoruma vasitəsi yox, həm də həmrəylik rəmzidir.

"Biz, həmçinin bu həftə dünyadakı tərəfdaşlarımızla birlikdə maska ilə bağlı fləşmob təşkil etmək istəyir və insanlardan bizə maskalı fotolarını göndərmələrini xahiş edirik”, - deyə Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bəyan edib. Tedros söyləyib ki, o, özü həmişə üstündə əlləri üçün dezinfeksiyaedici vasitə və insanların sıx toplaşdığı yerlərdə istifadə etmək üçün maska gəzdirir.

"Zərurət yarandıqda maska taxın, fiziki məsafəyə, öskürəndə isə etiket qaydalarına riayət edin, insanların sıx toplaşdığı yerlərdən çəkinin, əllərinizi tez-tez yuyun. Belə olan halda siz həm özünüzü, həm də başqalarını qoruya bilərsiniz”, - deyə ÜST-nin başçısı tövsiyə edib. O, virusun hələ də bütün dünyada tüğyan etdiyini və bu günə ona qarşı effektiv bir vasitənin olmadığını vurğulayıb.

"Hazırda bir sıra vaksinlər klinik sınaqların üçüncü mərhələsindədir. Biz, insanların yoluxmasının qarşısını ala biləcək müəyyən qədər vaksin əldə edə biləcəyimizə inanırıq. Lakin indi bununla bağlı əlimizdə mükəmməl vaksin yoxdur, və ola bilsin ki, heç vaxt olmasın. Bu gün hətta bu təhlükəli virusun yayılmasının qarşısını ala bilmiş ölkələr və ərazilər də sayıqlığını itirməməlidirlər. Seroloji tədqiqatlar göstərir ki, insanların əksəriyyəti virusun əvvəllər ciddi yayıldığı ərazilərdə belə yoluxmaya məruz qalırlar”.

Qebreyesus epidemioloji nəzarəti gücləndirilməyə, yoluxanlarla təmasda olanları izləməyə və onları təcili izolyasiya etməyə çağırıb: "Təhlükəsizlik və müvafiq monitorinq tədbirlərini yumşaltmayın, çünki məhdudiyyətlərin çox tez götürülməsi yeni yoluxma hallarının artmasına gətirib çıxara bilər”.

Onun sözlərinə görə, ötən həftə ərzində hətta koronavirus böhranından çıxmış bir sıra ölkələrdən də COVID-19-un yenidən yayılması barədə məlumatlar daxil olub. Lakin müvafiq ciddi tədbirlərə riayət etməklə çoxları vəziyyəti nəzarətdə saxlamağa müvəffəq olur. Xəstələrə yardım edilməsində də artıq müvəffəqiyyətlər əldə olunur.

"Bu virus haqqında biz hər gün yeni nəsə öyrənirik. Mən çox şadam ki, dünya müalicə metodlarının müəyyənləşdirilməsində irəliləyişə nail olub. Bu, COVID-19-un ən ağır formalarında olan xəstələrin müalicə olunmasına kömək edəcək”, - deyə ÜST-nin başçısı vurğulayıb.

Tedros Qebreyesus söyləyib ki, ÜST-nin ekspertlər qrupu bu günlərdə Çində işini yekunlaşdırıb. Görülən işlərin nəticələri gələcəkdə infeksiyanın ilkin mənbəyinin təyin edilməsi istiqamətində aparılacaq tədqiqatların əsasını təşkil edəcək. Bu məqsədlə ÜST tərəfindən xüsusi beynəlxalq qrup yaradılıb. Qrupa Çin və digər ölkələrdən olan ekspertlər daxil olacaq. Epidemioloji tədqiqatlara Uxan şəhərində başlanacaq.

Baş direktor ötən həftənin cümə günü rəhbəri olduğu qurumun fövqəladə iclasında COVID-19 epidemiyasının beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə hal olması barədə yekdil qərara gəldiyini bildirib. Səhiyyə sahəsində yaranmış bu vəziyyətin hələ uzun müddət davam edəcəyini vurğulan komitə üzvləri aidiyyəti qurumları yerli, milli, regional və qlobal səviyyədə epidemiya əleyhinə aparılan tədbirləri zəiflətməməyə çağırıb.

Qeyd edək ki, bu gün koronavirusa yoluxanların sayı 17,5 milyona çatıb. Təxminən 680 min nəfər isə bu virusdan həyatını itirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video