01 Avqust 2020 21:28
605
SİYASƏT
A- A+

“Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında təntənəli mərasim keçirilib


Ölkəmizdə davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin iştirakçıları üçün "N” nömrəli hərbi hissənin əsgər klubunda təntənəli bayram mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki ölkənin dövlət bayraqları ilə bəzədilən salonda əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hər iki dövlətin himnləri ifa olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə nazirinin Qurban bayramı münasibətilə təbrikləri tədbir iştirakçılarına çatdırılıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq, qardaşlıq ənənələrindən, bu münasibətlərin bu gün də prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da möhkəmlənərək uğurla davam etdiyindən danışıb.

Ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün "Sevincimiz də, kədərimiz də birdir” kəlamları mərasimin leytmotivinə çevrilib.

Keçən əsrin əvvəllərində Azərbaycan oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Naxçıvanda ermənilərin törətdikləri qətliamlara Kazım Qarabəkir paşanın rəhbərliyi ilə son qoyulması minnətdarlıqla yad edilib.

Cari il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində baş verən hərbi toqquşmadan danışan A.Qurbani bildirib ki, ilk gündən qardaş Türkiyə də bizə mənəvi dayaq olub.

Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə bu il də reallaşan, hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri yenə də Ermənistanı qorxuya salıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır” fikri tədbir iştirakçıları tərəfindən ayaqda alqışlanıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun ifasında Türkiyə və Azərbaycan xalqlarının musiqi, mahnı və rəqslərindən, savaş marşlarından ibarət konsert proqramı böyük maraqla qarşılanıb, videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Abdulla Qurbaninin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə hazırladığı "Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” kitab-albomu hədiyyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video