31 Iyul 2020 09:12
771
CƏMİYYƏT
A- A+

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir


Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır.

AZƏRTAC xəbər verir ki, builki Qurban bayramı dünyada davam edən pandemiya şəraitində qarşılanır. Uca Allahın yaratdığı insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Eləcə də bayramın keçirilməsi, qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Qeyd edək ki, dini qurban kəsmə mərasimi İslamdan da əvvəl olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Bu, İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda "Qurani-Kərim”də yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı” da deyirlər.

Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin xatirəsi yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: "Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video