12 Iyul 2020 00:31
599
SİYASƏT
A- A+

BMT-nin daha bir indeksinə görə Azərbaycan regionda liderdir


Pandemiyanın bütün planeti cənginə aldığı bir vaxtda ən az eşidilən xəbərlər iqtisadiyyatın inkişafı, hansısa dövlətlərin yeni uğurlara imza atması ilə bağlıdır. Reallıq elədir ki, biz nailiyyətlərdən daha çox itkilər haqqında məlumatlar alırıq. Belə bir zamanda BMT kimi mötəbər beynəlxalq qurumun "Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında "Davamlı inkişaf məqsədləri indeksi” üzrə Azərbaycanın 54-cü pillədə qərarlaşmasını bəyan etməsi, sözün əsl mənasında, ürəkaçan xəbərdir.

Eyni zamanda o da qürur doğuran bir məqamdır ki, "Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderə çevrilmişdir. Ölkəmiz 54-cü yerdə qərarlaşmaqla yanaşı, bütün qonşularından xeyli irəli sıçrayaraq onları geridə qoya bilmişdir. Hesabatda Azərbaycandan sonra gələn ölkələr də diqqət çəkir. Belə ki, Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci yerdədir. Azərbaycanın ərazilərini zəbt edən işğalçı Ermənistan isə 75-ci pillədə ilişmişdir.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuata açıqlamasında Azərbaycanın "Davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqladığını diqqətə çatdırıb.

Sənəddə Azərbaycanın bir neçə sahədə əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlərə nail olmuşdur. Məxsusi olaraq qeyd etmək vacibdir ki, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplamış, Şərqi Avropa və Mərkəzi Asiya regionunda sözü gedən indeks üzrə orta göstəricini 70,9 bala çatdırmışdır.

İnsanların sosial rifahının yüksəlməsini təsdiq edən maraqlı bir fakt da ondan ibarətdir ki, hesabat Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsulun qeydə alınmadığını təsdiqləyir.

Təbii ki, qazanılan bütün uğurların qayəsini Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi islahatlar təşkil edir.

Dövlət başçısı müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılmasını mərhələli islahatlarla həyata keçirir, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün zəruri olan bütün addımları atır.

Artıq hər bir Azərbaycan vətəndaşı əmindir ki, ölkədə həyata keçirilən sosial siyasət mahiyyət etibarı ilə hər bir kəsin rifahının yüksəlməsinə xidmət edir. Bu baxımdan 2019-cu ildə reallaşdırılan sosial paketlərin ölkə əhalisinin rifahının yüksəlməsinə necə müsbət təsir etməsini xatırlatmaq yerinə düşər. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin səmərəli həlli dünyanın aparıcı reytinq agentliklərinin diqqət mərkəzindədir. Ümumiyyətlə, ölkənin enerji təhlikəsizliyinin təminatı, mövcud olan ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti və Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən həmişə yüksək qimətləndirilir. Azərbaycan, sözün həqiqi mənasında, istənilən çətinlikləri aşmaq və inamla inkişaf etmək gücünü bütün dünyaya nümayiş etdirə bilən ölkəyə çevrilmişdir.

Politoloqlar belə hesab edirlər ki, Azərbaycanın davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür və bir daha onu təsdiq edir ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malikdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video