12 Iyul 2020 00:29
763
SİYASƏT
A- A+

Dünya yenidən qapanır


Ölkələr koronavirusla mübarizədə ən səmərəli yol kimi karantin rejiminin sərtləşdirilməsini görürlər


Dünya aylardır qlobal pandemiya ilə mübarizə aparır. Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun - COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Lakin hələ də ölkələr bu virus qarşısında aciz durumda qalıb. İnfeksiya daha da güclənir, yoluxma halları rekord həddə çatır.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib ki, COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir: "Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”.

Dünya dövlətləri də bu təhlükənin fərqindədirlər və vətəndaşların sağlamlığını qorumaq naminə lazımi addımları atırlar. Hazırkı şəraitdə ən optimal yol karantin rejiminin yenidən sərtləşdirilməsidir. Bir çox ölkələr koronavirusla bağlı məhdudiyyətləri yumşaltdıqdan sonra ciddi problemlərlə üzləşiblər. Məhdudiyyətlərin yumşaldıldığı ölkələrdə COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayında sürətli artım baş verir. Mütəxəssislər yoluxma sayının artmasını yumşaldılma tədbirlərindən sonra insanların qaydalara riayət etməmələri, maska taxmamaları və ya sosial məsafəni gözləməmələri ilə əlaqələndirir və məhdudiyyətlərin tətbiqinin zərurətə çevrildiyinə diqqət çəkirlər. Elə ona görə də dünya ölkələri yenidən qapanmaq, karantin rejimini sərtləşdirmək qərarı verib.

Yoluxma və ölüm sayına görə dünyada birinci yerdə olan ABŞ-ın 30-dan çox ştatında son bir həftədə COVID-19-a yoluxma hallarında ciddi artım qeydə alınıb. Həmin ştatların səhiyyə departamentlərinin nümayəndələri xəstəxanalara və reanimasiyaya yerləşdirilən xəstələrin xeyli artdığını və ciddi çarpayı problemi yarandığını qeyd ediblər.

ABŞ-ın məşhur infeksionisti Antoni Fauci hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol kimi məhdudiyyətlərin yenidən tətbiqini təklif edib.

O bildirib ki, virusun yaratdığı problemlərdən əziyyət çəkən hər bir ştatda ciddi məhdudiyyətlərin tətbiqi zəruridir.

Kolumbiya Prezidenti İvan Duke koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimini avqustun 1-dək uzatmaq qərarı verib. Bu, ölkədə yoluxma sayının yenidən kəskin artması ilə əlaqədardır. Təkcə iyulun 9-da Kolumbiyada 5,3 mindən çox yoluxma faktı qeydə alınıb. Bugünədək ölkədə 134 minə yaxın şəxs virusa yoluxub, 4714 nəfər ölüb.

İspaniyada da vəziyyət ürəkaçan deyil. Ölkənin şimal-qərb regionunda rəsmilər çıxış yolu kimi məhdudiyyətlərin yenidən tətbiqini görürlər. Ekspertlər hesab edirlər ki, İspaniyada virusa yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub. Bundan başqa, 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi virusa yoluxub.

İspaniyanın Kataloniya muxtar regionunda 210 min əhalisi olan Seqria rayonuna isə giriş-çıxış bağlanıb. Son bir həftə ərzində bu bölgədə 400 yoluxma qeydə alınıb. Rayondan yalnız zəruri işlə bağlı çıxmağa icazə verilir.

Bir neçə həftə əvvəl COVID-19-la bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra Avstriyada da yoluxma halları artmağa başlayıb. İyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları sürətlə artdığına görə rəsmi qurumlar qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Yuxarı Avstriya federal əyalətinin qubernatoru Tomas Şteltser və səhiyyə məsələləri üzrə referent Xristine Haberlander pandemiyaya qarşı səmərəli mübarizənin təmin edilməsi üçün məhdudiyyətlərin sərtləşdirilməsinin vacib olduğunu bildiriblər. T.Şteltser əhalinin maskadan istifadə qaydalarına riayət etməsinə nəzarət məqsədilə hətta hərbi qüvvələrin cəlb ediləcəyini də bəyan edib. Vyana şəhərinin meri Mixael Ludviq də yaxın günlərdə qaydaların sərtləşdiriləcəyini istisna etməyib.

COVID-19-a yoluxma sayında yenidən artım səbəbindən Avstraliyanın Viktoriya ştatının Melburn və daha bir neçə şəhərində təcrid rejimi altı həftəlik müddətə bərpa edilir. Bu ərazilərdə yaşayan insanlara iki nəfərdən çox toplaşmaq, qonaq getmək qadağan olunub. İaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək. Təhsil müəssisələrində məşğələlər dayandırılıb. Karantin zonalarında yaşayan əhali evlərini yalnız işə, həkimə və mağazaya getmək üçün tərk edə bilər.

"Hələ də yayılan koronavirusun mövsümi davranışı haqqında hər şeyi bilmirik. Bütün dövlət xidmətləri, mütəxəssislər, yerlərdəki aidiyyəti şəxslər payız və ya qışda epidemiyanın yenidən alovlanmasının qarşısını almaq üçün səfərbər olunub”.

Bunu isə Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon deyib. O, COVID-19 epidemiyasının yenidən baş qaldıracağını, hətta ikinci dalğanın başlaya biləcəyini və vəziyyətin ciddi olduğunu bildirib. Baş direktor epidemiyanın yenidən başlanmasını şərtləndirən əsas amilin insanların davranışı olduğunu vurğulayıb: "Bunun qarşısını almaq istəyiriksə, hər kəs gigiyena qaydalarına riayət etməli, fiziki məsafə saxlamalı və maska taxmalıdır. Bu qaydalara insanların bir-birinə yaxın olduğu və qapalı məkanlarda xüsusi diqqət yetirilməlidir”.

Tokionun qubernatoru Koike Yuriko iyulun 9-da Yaponiya paytaxtında koronavirus infeksiyasının kəskin artımı ilə bağlı sakinləri sayıqlığı artırmağa çağırıb. Tokio hökumətinin koronavirus üzrə işçi qrupunun iclasında çıxış edən K.Yuriko deyib ki, yeni yoluxanların 75 faizinin 20-30 yaşlarında gənclər olması xüsusilə narahatedicidir. Qubernator, həmçinin, yeni yoluxma hallarının əksəriyyətinin Tokionun gecə əyləncə mərkəzləri ilə bağlı olduğunu qeyd edib.

Rekord sayda yoluxma halının qeydə alınmasının aparılan testlərin sayının artması ilə əlaqədar ola biləcəyini deyən K.Yuriko əlaqədar qurumları sayıq olmağa və monitorinqlərin sayını artırmağa çağırıb.

Bolqarıstanın hakimiyyət orqanları fövqəladə vəziyyət rejiminin iyulun axırına qədər uzadılması barədə qərar verib. Fələstin Dövlətinin hakimiyyət orqanları da karantin tədbirlərini sərtləşdirib.

Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri olan Ukraynada yaranmış vəziyyətlə əlaqədar hakimiyyət orqanları paytaxtın və bir çox vilayətlərin karantin şərtlərinin yumşaldılmasına hazır olmadığını bəyan edib.

Rumıniyada koronavirus xəstələrinin sayının artması hökuməti ciddi narahat edir. Vətəndaşları sanitar normalara riayət etməyə, sosial məsafə saxlamağa çağıran müvafiq qurumlar vəziyyətin kəskinləşməsinin yeni məhdudiyyətlərin tətbiqi ilə nəticələnə biləcəyini söyləyib.

Ən ağır vəziyyətin yaşandığı ölkələrdən biri də İrandır. Yoluxanların və ölənlərin sayında gündən-günə baş verən sürətli artımla əlaqədar İranda məhdudiyyətlər yenidən sərtləşdirilib. Ölkə rəsmiləri məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna etməyiblər.

COVID-19 pandemiyası ilə əlaqədar Özbəkistanda karantin rejimi iyulun 10-dan avqustun 1-dək yenidən gücləndirilir. Qərar ölkədə COVID-19 koronavirusunun kəskin surətdə artması, ölüm hallarının çoxalması ilə əlaqədar qəbul edilib. Yaşı 65-dən yuxarı olanlar bir daha özünütəcrid rejiminə keçirilir, toy və digər ailə şənlikləri qadağan olunur. Restoranlar, kafelər, yeməkxanalar, çayxanalar (evə çatdırılma istisna olmaqla), məscidlər, kilsələr və digər dini qurumlar, geyim bazarları, ticarət və əyləncə mərkəzləri, sanatoriyalar, pansionatlar, uşaq düşərgələri, məktəbəqədər tərbiyə müəssisələri, uşaq bağçaları, idman salonları, fitnes klublar, hovuzlar, qonaq evləri, çimərliklər və digər istirahət məkanlarının fəaliyyəti dayandırılır. Avqustun 1-dək dövlət orqanlarının əməkdaşlarının bir hissəsi məzuniyyətə göndərilir, digər hissəsi isə distant fəaliyyət göstərəcək.

Şəhərlərdə ictimai nəqliyyatın hərəkəti də tam dayandırılır, taksilərin fəaliyyətinə icazə verilir, fərdi avtomobillərin sahibləri səhər saat 7-dən 10-a, axşam saat 17-dən 20-dək şəhərə çıxa bilər. Xüsusi icazəsi olan müxtəlif avtomobillər isə işləyəcək.

Özbəkistanın Səhiyyə Nazirliyi yanında koronavirusla mübarizə üzrə qərargahın üzvü professor Həbibulla Okilov ölkənin sərt karantin rejiminə qayıtmasının səbəbini yumşaldılma tədbirlərindən sonra insanların qaydalara əməl etməməsi ilə əlaqələndirib. O bildirib ki, hazırkı vaxtda resurslar tükənir, xəstəxanalar dolur, həkim çatışmazlığı problemi yaşanır. Bütün bunlara görə ölkədə sərt karantin rejiminin tətbiqi zərurətdir.

Qazaxıstanın Kostanay vilayətində koronavirus infeksiyasının yayılmasının artması səbəbindən iyulun 11-dən 13-dək sərt karantin rejimi tətbiq ediləcək. Son sutka ərzində Kostanay vilayətində 1435 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan başqa, Almatı şəhərində də həmin günlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Ümumiyyətlə, iyulun 5-dən Almatı şəhərində iş günləri ərzində ictimai nəqliyyat məhdud rejimlə fəaliyyət göstərir.

Türkiyədə yeni növ koronavirus infeksiyasının geniş yayılma riski qalmaqdadır. Hazırda Anadolu bölgəsində koronavirusun birinci dalğası davam edir. İnfeksiyanın yayılma vəziyyətinə görə, Qurban bayramında vilayətlər üzrə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ilində dərslərin normal qaydada başlanması infeksiyanın yayılmasına görə ölkədəki vəziyyətlə bağlı olacaq. Bəzi vilayətlərdə əsgər yola salma mərasimlərinə tətbiq edilən qaydalar həmin vilayətlərdəki infeksiya riski ilə bağlıdır.

İsraildə də koronavirus infeksiyasının yayılması səbəbindən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub. İsrailli professor Leonid Eydelman yoluxma hallarının çox olduğu ərazilərdə karantin rejiminin tətbiqinin zəruri olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək insanları bu virusla yaşamağı öyrənməyə çağırıb.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video