11 Iyul 2020 01:39
740
CƏMİYYƏT
A- A+

Ölkədəki epidemioloji vəziyyətə uyğun addımlar atılır


Koronavirusun yayılma arealını azaldan səmərəli tədbirlərdən biri də karantin rejiminin tətbiqidir


COVID-19 pandemiyası ilə bağlı dünyada yaşanan böhran davam edir. Yeni növ koronavirusun hələ Yer üzərində nə qədər qalacağı, ondan qurtuluşun mümkün olub-olmayacağı barədəki suallar hələ də açıq qalmaqdadır. Bununla bağlı mütəxəssis açıqlamaları təəssüf ki, ürəkaçan deyil.

ABŞ-ın baş infeksionisti, koronavirusla mübarizə üzrə işçi qrupunun baş eksperti doktor Entoni Fauçi bildirib ki, dünya hələ yeni koronavirus pandemiyasının ilkin mərhələsindədir: "Biz Braziliya və Cənubi Afrika Respublikasında və indi də Asiyada koronavirusa kütləvi yoluxma hallarını müşahidə edirik. Biz çox güman ki, zəifləmədən öncə güclənəcək qlobal pandemiyanın hələ başlanğıcındayıq”.

Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın qarşısını almaq üçün birlikdə koordinasiyalı tədbirlər görməsə, virus daha bir neçə ay aktiv olaraq yayılacaq.


Qlobal böhranla mübarizə davam edir


Azərbaycanda virusla mübarizə qətiyyətlə davam etdirilir.

Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, uyğun addımlar atılır.

Buna baxmayaraq hələ də yoluxma sayı yüksəkdir. Təəssüf ki, koronavirus infeksiyasının ilkin mərhələsində ölkəmizdə əldə olunan müsbət dinamika, pandemiyanın şərtlərinə əməl etməyən, virusun yox olduğunu sanan bəzi məsuliyyətsiz şəxslər sayəsində vəziyyət mənfiyə doğru gedir. Demək olar ki, son müddətdə gündəlik yoluxma sayının 500-dən aşağı düşməməsi də bunun göstəricisidir. Bu isə bütün sahələrə mənfi təsir edir, xüsusilə də səhiyyə sisteminin yüklənməsinə, tibb işçilərimizin əziyyətinin birə on qat artmasına səbəb olur, onların da həyatına təhlükə yaradır.


Həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir


Dünyada koronavirusa yoluxanların 24 faizə qədərini tibb işçiləri təşkil edir. Təəssüfləndirici haldır ki, Azərbaycanda da virusa yoluxan tibb işçiləri var. Təkcə Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında 57 tibb işçisi koronavirusa yoluxub.

İlk gündən etibarən Azərbaycanda virusdan sağalanların sayının yüksək olması, ağır xəstələrin həyata qaytarılması, virusa yoluxan hər bir vətəndaşımız uğrunda gecə-gündüz mücadilə aparılması fədakar tibb işçilərimizin şücaətidir. Məhz onlar sayəsində 10 mindən çox vətəndaşımız təhlükəli bəladan qurtularaq doğmalarının, əzizlərinin yanına qayıdıb. Tibb işçilərimiz, həkimlərimiz yarım ildir ailələrindən uzaqda, yorğunluq, yuxusuzluq bilmədən, yoluxma təhlükəsinə baxmayaraq, sözün əsl mənasında, ölüm-dirim savaşı aparırlar.

Həkimlərimizin virusa qarşı mübarizəsi, vətəndaşlarımızın sağalması uğrunda öz canlarını belə heçə sayaraq fədakarlıq etmələri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların bu müstəsna fəaliyyəti lazımınca dəyərləndirilir.

Xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilir.

Amma koronavirusla ön cəbhədə vuruşan həkimlərimizin səhhəti təkcə dövlət rəhbərliyimiz tərəfindən düşünülməməlidir. Eyni zamanda hər bir vətəndaşımız pandemiya şərtlərinə əməl edərək, onların yükünün ağırlaşmamasına, həyatlarının təhlükəyə düşməməsinə rəvac verməlidir.

Həkimlərimiz bizi qorumaq üçün əllərindən gələni edirlər, biz də sosial məsafə saxlayaraq, maska taxaraq, gigiyena şərtlərinə əməl edərək onlara bu işdə dəstək olmalıyıq, onları qorumalıyıq...


Bəzi vətəndaşlar stasionar postların yığışdırılmasını karantin rejiminin başa çatması kimi başa düşürlər


Dünya təcrübəsinə əsasən demək olar ki, koronavirusun yayılma arealını azaltmaq üçün görülən effektiv tədbirlərdən biri də karantin rejiminin tətbiqidir. Buna görə də yoluxma faizi yüksək olan şəhər və rayonlarımızda sərt karantin rejimi tətbiq edilib. Qoyulan tələblərin əməl edilməsinə ciddi nəzarət var.

Ötən gündən etibarən Bakıda xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş mobil polis postlarının sayında artım müşahidə olunur. Belə ki, paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparırlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərini əhatə edən bütün küçə və prospektlər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb: "Xidmətdə müvəqqəti mobil postların təşkil edilməsi ilə bağlı göstəriş var. Hazırda bu cür xidmət aparılır. Sərt karantin rejiminə nəzarəti əməkdaşlarımız bir neçə üsulla həyata keçirir. Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”.

V.Əsədov vətəndaşlara müraciət edərək zərurət yaranmadıqca onları şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb: "Bəzi vətəndaşlar stasionar postların yığışdırılmasını karantin rejiminin başa çatması kimi başa düşürlər. Vətəndaşlara bildiririk ki, sərt karantin rejimi davam edir. Vətəndaşlar icazələrinin olub-olmadığını yoxladıqdan sonra evdən çıxmalıdırlar. Qoruyucu vasitələrdən istifadə etmənin vacibliyini bir daha diqqətə çatdırırıq”.


Qaydaları pozanlar məsuliyyətə cəlb olunurlar


Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 9-u və 10-u ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1287, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 151, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə 2 nəfər olmaqla, ümumilikdə, 1440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib ki, qeyd olunan müddət ərzində, ümumilikdə, 595 nəqliyyat vasitəsinin müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Bu savaşdan qalib ayrılmaq mümkündür


Koronavirusu təhlükəli edən onun sürətli yoluxma xüsusiyyətidir. Buna görə də A-dan Z-yə bütün şəxslərdən maksimum diqqətli olmaq tələb olunur. Hazırda biz virusla müharibə şəraitində yaşayırıq. Bu savaşda qalib gəlmək isə hər bir vətəndaşın şəxsi məsuliyyət göstərməsinə bağlıdır.

Təbii ki, cəmiyyətimizin böyük əksəriyyəti məsuliyyət, nizam-intizam göstərir. Amma karantin günlərində qayda pozanlara da rast gəlirik ki, bu hallar da tamamilə aradan qaldırılmalıdır. Çünki bu, milli təhlükəsizlik, xalqımızın var olması ilə bağlı vacib məsələdir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video