10 Iyul 2020 00:17
2028
Mədəniyyət
A- A+

Dövlət Rəmzləri Muzeyi mədəni həyatımızda mühüm yenilikdir


Son illər bir-birinin ardınca müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr və görkəmli dövlət xadimlərinin, tanınmış şair və yazıçıların ev-muzeyləri yaradılır. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə dövlət qayğısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin varlığını yüksək dəyərləndirən Ulu Öndər respublikada bu sahənin genişləndirilməsinə, onların maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm vermişdir. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər görkəmli şəxsiyyətlərinin memorial-xatirə, mənzil, habelə bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əlyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır.

Xatırlayanda ki, bu sıradan olan neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni vandalları tərəfindən qarət olunub və dağıdılıb ürək ağrısı ilə böyük təəssüf hissi keçiririk. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni terrorçuları 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər. Bu gün düşmən tapdağı altında olan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın, görkəmli musiqiçi Qurban Pirimovun xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin filialı və digər müzeylərimiz tamamilə qarət edilib, binası dağıdılıb.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın tarixini və mədəni irsini özündə yaşadan muzeylərin yaradılması, bu sahəyə dövlət qayğısı, habelə muzey işinin təşkili və inkişaf etdirilməsi bu gün Azərbaycan Prezidenti İlham Əlyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

"Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə dövlət başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə qüvvədə olan "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması respublika ərazisində dövlət əhəmiyyətli məqsəd kimi qarşıya qoyulmuşdur. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində "Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır, habelə Dağlıq Qarabağ bölgəsində müxtəlif təyinatlı yeni muzeylər yaradılır. Belə muzeylərdən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə Tərtər rayonunda inşa olunmuş Dövlət Rəmzləri Muzeyidir. İnşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Binanın üzərində hündürlüyü 72 metr olan dövlət bayrağı dalğalanır, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub, ərazisində zövq oxşayan səliqə-sahman və yaşıllıq yaradılıb.

Muzeyin sərgi zalında 8 bölmə var. Burada xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Cümhuriyyət dövründə, sovet Azərbaycanında və müstəqillik illərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkilləri, dövlət rəmzləri haqqında kəlamlar nümayiş etdirilir. Muzeydə, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar da yer alıb. Digər bir guşədə Azərbaycanın müxtəlif dövrlərini özündə əks etdirən xəritələr sərgilənib.

Cari il iyun ayının əvvəllərində Ağcabədi, Tərtər və Ağdam rayonlarına səfəri zamanı Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etmişdir. Bu münasibətlə muzey əməkdaşlarını və ictimaiyyət nümayəndələrini təbrik edən dövlət başçısı Azərbaycanın müxtəlif dövrlərini özündə əks etdirən xəritələrə baxmış, təklif və tövsiyələrini vermişdir. "Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın”, - deyə ölkə rəhbəri iradını da bildimişdir.

Daha sonra Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki, "İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.”

Xatırladaq ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında müzeylərin mühüm əhəmiyyəti var. Onların arasında son vaxtlar bölgələrdə rəmzlər müzeylərinin yaradılması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir. Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Çünki dövlət başçısı bu ideyanı reallaşdırmaqla dövlət atributlarının tariximizdəki əhəmiyyətinə diqqət çəkib. Dövlət Rəmzləri Muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqları, sikkələr, tarixi keçmişə dair bir çox materiallar bu muzeylərin qiymətli eksponatları sırasına daxildir. Yeni fəaliyyətə başlayan Dövlət Rəmzləri Muzeyindəki eksponatlar azərbaycançılıq məfkurəsinin uğurlu təbliği kimi ziyarətçilərdə, xüsusilə gənclərdə böyük rəğbət doğurur.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video