Alternative content

15:00 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın milli maraq və mənafelərini layiqincə təmin edən siyasət
Azərbaycanın milli maraq və mənafelərini layiqincə təmin edən siyasət
ANA SƏHİFƏ / SİYASƏT
00:36 09.07.2020


Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Prezident İlham Əliyev respublikanın yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir


Ötən ilin sonlarından yayılan COVID-19 infeksiyası bəşəriyyəti yeni çağırışlarla üz-üzə qoyub. Bu mənada koronavirusun yayılmasının qarşısının alınması, iqtisadi geriləmənin aradan qaldırılması, insanların sağlamlığı və təhlükəsizliyi kimi məsələlər indi bütün sivil ölkələri düşündürən qlobal problemlərdir.

Azərbaycan dünyanın bir parçası olduğundan yaranmış vəziyyət respublikamızı ciddi sınaq qarşısında qoydu. Lakin bu gün dünyada koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında Azərbaycanın adı birincilər sırasında gəlir. Eyni zamanda respublikamız COVID-19-la qlobal mübarizəyə də mühüm töhfələr verir.


Vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyinin təmin olunması əsas vəzifədir


COVID-19 infeksiyasının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmayıb. Odur ki, koronavirus pandemiyası indi hamımız üçün ümumi bəla və ümumi imtahan sayılır. Hazırda bu vəziyyət bütün bəşəriyyət üçün təhlükə mənbəyi qalmaqda davam edir. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki mümkün olmayıb. Bəzi mütəxəssislərin haqlı olaraq qeyd etdiyi kimi, bu, sadəcə pandemiya deyil, bəşəriyyətə qarşı başlanmış silahsız, əsgərsiz bir müharibədir. Amansızlığı ilə dünya müharibələrindən heç də geri qalmayan qeyri-adi bir müharibə. Artıq son statistikaya görə, bütün dünyada bu infeksiyaya yoluxanların sayı 11 milyonu, vəfat edənlərin sayı ilə 500 mini ötüb. Təxminən altı ay ərzində bu qədər insan itkisinin olması virusun kifayət qədər təhlükəli olduğunu göstərir.

Virus ölkəmizdən də yan ötmədi. Lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində ilkin mərhələdə Azərbaycan koronavirusla mübarizədə uğurlu nəticələr əldə etdi. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən tədbirlər göstərdi ki, Azərbaycan dövləti insanların sağlamlığı üçün lazım olan bütün addımları atır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması, cənab İlham Əliyevin fərman və sərəncamları ilə məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması, xaricdən tibbi laboratoriyaların alınması, modul tipli xəstəxanaların yaradılması, qoruyucu tibbi maska fabriklərinin açılması, sahibkarlıq subyektində çalışan 600 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsinin dövlət tərəfindən ödənilməsi, işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi, ictimai iş yerlərinin yaradılması cənab İlham Əliyevin öz xalqının yanında olduğunu, öz vətəndaşının taleyinə son dərəcə diqqətlə yanaşdığını növbəti dəfə təsdiq etdi.

Təəssüf ki, may ayında karantin rejiminin yumşaldılmasına başlanılmasından sonra virusa yoluxma hallarında artım baş verdi. Vəziyyət, xüsusən, iyun ayında daha da pisləşdi ki, bunun da səbəbi məhz vətəndaşların özlərinin məsuliyyətsizliyi, karantin rejimi tədbirlərinə əməl etməmələridir. Vətəndaşlarımızın dövlətin pandemiyaya qarşı mübarizəsinə həsasslıqla yanaşması, Prezidentin çağırışlarına və Operativ Qərargahın tövsiyələrinə ciddi dəstək nümayiş etdirmələri virusun yayılmasının qarşısının alınmasında əsas məsələlərdir. Mən hər bir vətəndaşımızı bu qaydalara əməl etməyə çağırıram. Əgər biz bu məsələdə həmrəylik nümayiş etdirsək, virusa uğurla qalib gələ biləcəyik.


Azərbaycan Prezidentinin liderlik missiyası


Koronavirus insanların həyatını təhlükə altında qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Yaxın dövrlər üçün üfüqdə ümidverici heç nə görünmür. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıblar.

Bu qlobal problem bir sıra şərtləri diktə edir ki, onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası bu məsələdə ortaya mövqe qoya bilməyiblər, dünyanın aparıcı dövlətləri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Bir daha təkrar edim ki, müharibə ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və fraqmentar xarakter daşıyan tədbirlərlə yanaşı, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.

Təsadüfi deyil ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ən əsası ilk gündən koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini bəyan edən Prezident İlham Əliyev bu məsələdə də qlobal liderlik missiyasını öz üzərinə götürüb.


Türk dövlətlərinin həmrəyliyinin güclənməsi zamanın tələbidir


Qlobal problemlə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının Zirvə görüşü oldu. Bu gün türk dövlətlərinin həmrəyliyinin güclənməsi zamanın tələbidir. Çünki ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin sıx və səmərəli əməkdaşlığı, həmrəy olmaları qloballaşan və sürətlə dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu, türk dövlətlərinin qlobal təhdid və çağırışlara cavab verə bilmələri, daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz maraqlarını müdafiə etmələri baxmından olduqca vacibdir.

Dünyanın koronavirus təhlükəsi ilə təhdid olunduğu bir vaxtda türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri, bu qlobal problemin mənfi təsirlərini azaltmaq üçün birgə səy göstərmələri xüsusilə aktualdır. Təsadüfi deyil ki, rəsmi Bakı məsələyə məhz bu prizmadan yanaşır. Məhz İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olub.

Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirdi. Belə bir görüş isə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bəli, Azərbaycan Prezidenti indiki həssas durumda belə böyük siyasi qətiyyət nümayiş etdirərək Türk Şurasının sədri kimi bu qurumun səmərəli fəaliyyətinə nail olur, eyni zamanda, qardaş və tərəfdaş ölkələrlə həmrəylik nümayiş etdirir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan prezidentləri və Macarıstanın Baş naziri ilə yanaşı, ÜST-nün Baş direktoru Tedros Adhanom Gebreyesusun konfransda iştirakı İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin təsdiqi idi. Təsadüfi deyil ki, konfrans iştirakçısı olan bütün dövlət rəhbərləri, o cümlədən ÜST-ün Baş direktoru Prezident İlham Əliyevə təşəkkürlərini ifadə etdilər. Çıxışlarda fövqəladə Zirvə görüşünün koronavirus pandemiyası ilə mübarizədə türkdilli dövlətlərin həmrəyliyini daha da möhkəmləndirəcəyi birmənalı bəyan olundu.

Azərbaycanda koronavirusla mübarizə sahəsində və problemin sosial-iqtisadi sferaya təsirini azaltmaqla bağlı müəyyən təcrübə formalaşıb. Respublikamız bu təcrübəni yaxın və tərəfdaş ölkələrlə bölüşməyə, onlara gərəkən yardımı etməyə də hazırdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas niyyətlərdən də biri məhz bu olub. "Fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”, - deyə Prezident İlham Əliyev konfransdakı çıxışında bəyan etdi.

Xatırladım ki, ötən ilin oktyabrında VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Azərbaycana keçib. İndiyə qədər Azərbaycan nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirib. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. Bütövlükdə Azərbaycan özünün şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir.

Sədrlik dövründə isə rəsmi Bakının əsas məqsədi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə nail olmaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək. Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi respublikamızın bu istiqamətdə atdığı mühüm addımlardan biri oldu. Təbii ki, Zirvə görüşünün keçirilməsi və səslənən təkliflərin həyata keçirilməsi koranavirus təhlükəsinin səngimədiyi ağır dövrdə türkdilli dövlətlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Ən əsası isə odur ki, Azərbaycan Prezidentinin təşəbbüsünün dəstəklənməsi və təqdir olunması türkdilli dövlətlər arasındakı həmrəyliyin möhkəm olduğunu və İlham Əliyevin qeyd etdiyi kimi, onların yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanında olduğunu göstərir.


Qoşulmama Hərəkatı pandemiyaya qarşı


Məhz Türk Şurasının fövqəladə Zirvə görüşündən sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə baş sındırdıqları halda Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizədə qlobal həmrəyliyə həsr olunan növbəti beynəlxalq tədbir baş tutdu. Bu, mayın 4-də keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü oldu.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının ötən ilin oktyabrında Bakıda keçirilən XVIII Zirvə görüşü Azərbaycanın olduqca mühüm beynəlxalq siyasi uğuru kimi tarixə düşdü. Çünki bu Zirvə görüşü ölkəmizdə müstəqilliki illərində keçirilən ən böyük siyasi tədbir olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarının qlobal miqyasda dəstəklənməsi ilə yadda qaldı. Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisi idi. Başqa bir etimad ondan ibarətdir ki, Azərbaycan 2022-ci ilədək Qoşulmama Hərəkatına rəhbərliyi həyata keçirəcək. Hərəkatın sədri isə Prezident İlham Əliyevdir.

Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi. BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Təşkilatda 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi.

Zirvə görüşünə BMT Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisi oldu.

Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı isə Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olub.

Bu tədbiri keçirməklə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Eyni zamanda Zirvə görüşü göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Ən əsası isə Zirvə görüşü koronavirusla qlobal mübarizənin daha da güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Zirvə görüşündə yekun nitqində bu barədə deyib: "Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir”.

Zirvə görüşü ilə bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Azərbaycanın COVID-19-a qarşı mübarizədə göstərdiyi qlobal həmrəylik nümunəsi yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşmadı. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırmaqla, 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verdi. Həmin ölkələrin bir qismi Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının üzvləridir. Beləliklə, bütün dünya üçün önəmli vaxtda Azərbaycan əsil liderlik nümunəsi ortaya qoydu. Dünyada ikinci bir dövlət tapmaq çətindir ki, pandemiya dövründə Azərbaycan qədər humanitar yardım göstərsin.

Amma bir məsələni də unutmaq lazım deyil ki, dövlətlər inkişaf səviyyələrinə, daşıdıqları siyasi, mədəni, mənəvi və digər dəyərlərə, mənsub olduqları cəmiyyətlərin daxili tələbatlarına görə bir-birindən fərqlənir. Bu baxımdan hər bir ölkənin spesifikası fərdi yanaşma tələb edir. Ona görə koronavirusla mübarizədə qlobal həmrəyliyin nümayiş etdirilməsi hər ölkəyə eyni yanaşmanın tətbiqi anlamına gəlməməlidir. Məhz hər bir ölkənin tələb və xüsusiyyətlərinin nəzərə alınacağı təqdirdə qlobal milli həmrəylik öz müsbət nəticəsini verə bilər.


İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi iclası keçiriləcək


COVID-19-un qlobal problem olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi.

Bundan sonra təklif Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Hərəkatın sədri kimi Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları”na uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Prosedura əsasən, BMT-yə üzv azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Sevindirici haldır ki, müddətin bitməsinə qədər 130-dan çox dövlət təşəbbüsə dəstək verib.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Beləliklə, bu dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılacaq. 130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü dəstəkləməsi bütün dünyaya məlum bir həqiqətə yeni işıq saldı. Bu həqiqət isə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi arenada ən yüksək nüfuza malik dövlət başçılarından biri olmasıdır. Bəli, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması prosedurunun uğurla yekunlaşması, ilk növbədə, dövlətimizin rəhbərinin beynəlxalq münasibətlər sistemindəki yüksək siyasi nüfuzunun təsdiqi oldu. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərir ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.


Torpaqlarımızın azad olunmasının hüquqi və siyasi əsasları möhkəmlənir


Son dövrlərin mühüm hadisələrindən biri də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq və terrorçuluq siyasətini bir daha tutarlı faktlarla beynəlxalq ictimaiyyət qarşısında ifşa etməsi oldu. Bu beynəlxalq tədbir həm də Prezident İlham Əliyevin Ermənistana vurduğu növbəti ifşaedici diplomatik zərbə oldu.

Bu sammitdə Prezident İlham Əliyevin Azərbaycanın üzləşdiyi işğalla bağlı faktları diqqətə çatdırması Ermənistana növbəti siyasi-diplomatik zərbənin vurulması ilə nəticələndi. Hər dəfə olduğu kimi, beynəlxalq təşkilatların tədbirində söz alıb Prezident İlham Əliyevin fikirlərinə cavab vermək istəyən erməni baş nazir təcrübəli dövlət başçıları və siyasətçilər arasında bir daha tamamilə yad biri olduğu təsirini bağışladı. Eyni zamanda Ermənistanın baş naziri söhbətə müdaxilə etmək istəyərkən əslində ölkəsinin işğalçılıq siyasətini ifşa etmiş oldu. Bunun ən bariz nümunəsi Paşinyanın beynəlxalq aləmdə qəbul olunmuş "Naqornıy Karabagh” ifadəsini işlətməsidir. Məlum olduğu kimi, erməni rəsmi təbliğatı Qarabağı qondarma ifadə olan "Artsax” adlandırır. Hansı ki, bu ifadə heç erməni icitmaiyyətində də işlək deyil. Beynəlxalq səviyyədə isə "Naqornıy Karabagh” ifadəsindən istifadə olunur ki, buradakı "Karabagh” Azərbaycan dilində Qarabağ sözünün ingiliscə yazılışıdır. Paşinyan məhz bu sözü işlətməklə Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etmiş oldu və bununla da həm də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi.

Paşinyan növbəti yalana imza atdı. Əslində burada təəccüblü heç nə yoxdu. Çünki xəstə erməni təfəkkürü məhz yalan və saxtakarlıq üzərində qurulub. Erməni baş nazirin yalanı isə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarı ilə bağlı oldu. Belə ki, Paşinyan yalan danışaraq iddia etdi ki, guya həmin qərarda Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi barədə fikirlər yer alıb. Onun daha bir narazılığı isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun qəhrəman kimi qəbul olunması idi.

Birincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 26-da çıxardığı "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar hər kəs üçün əlçatandır və onunla tanışlıq göstərir ki, həmin sənəddə Paşinyanın idda etdiyi kimi, Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsi ilə bağlı bir söz belə yoxdur. Eyni zamanda bu qərarın çıxarılması ilə erməni tərəfi qarşıya qoyduğu əsas hədəfə nail ola bilməyib və Budapeşt şəhərində baş vermiş hadisəyə ğörə Azərbaycanın məsuliyyət daşıması barədə ermənilərin iddiası tamamilə iflasa ugrayıb.

Prezident İlham Əliyevin "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” sözləri isə cəmi bir neçə cümlə ilə Ermənistanın terrorçu siyasətinin ifşası oldu. Cənab İlham Əliyev erməni terrorçuluğunun yalnız bir epizodunu xatırlatdı. Erməni terroru ilə bağlı həqiqətləri kifayət qədər uzatmaq olar. Çünki onların həyata keçirdikləri qanlı cinayət əməllərinin sayı bir deyil, iki deyil, çoxdur. Bu hadisələr zamanı zərər çəkənlər həm də elə Avropa və Amerika vətəndaşları olublar.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində baş verənlər Ermənistanın beynəlxalq səviyyədə ifşa siyasətinin uğurlu davamı idi. Prezident İlham Əliyevin səsləndirdiyi bütün fikirlər dünya ictimaiyyətinə bir daha ciddi mesaj oldu. Dövlət başçısı Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqla haqqın bizim tərəfimizdə olduğunu əsaslandırdı.

Bütün bunlar Azərbaycanın Ermənistan üzərində qələbəsini yaxınlaşdırır, işğal edilmiş torpaqlarımızın azad olunmasının hüquqi və siyasi əsaslarını möhkəmləndirir.

(Ardı var)

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM