09 Iyul 2020 00:29
757
SİYASƏT
A- A+

Beynəlxalq əməkdaşlığı təşviq edən uğurlu təşəbbüslər


İlham Əliyevin qlobal liderlik missiyası pandemiya ilə birgə mübarizəyə təkan verdi


Qlobal pandemiya elan edilən yeni növ koronavirus (COVID-19) dünyanı təhdid etməkdə davam edir. 2020-ci il başlayandan ölkələr bu gözəgörünməz təhlükə ilə savaşır, amma hələ də onu məhv etmək istiqamətində əhəmiyyətli addım atmaqda acizdirlər.

Virus heç bir vəchlə yoxa çıxmır, əksinə yoluxma arealını hər keçən an genişləndirərək, qarşısıalınmaz bir fəlakətə çevrilir. Dünyanın altını üstünə çevirərək bütün yaşam sahələrini iflic edib, insanlığın varlığını təhdid edir. Təhlükədən isə yalnız ona yoluxmamaq sayəsində qurtuluş mümkündür. Yayıldığı ilk dönəmdə olduğu kimi, dünya hazırda da özünə qapanaraq virusdan qorunmağa çalışır. Sərhədlər yenidən bağlanır, ləğv edilən, yumşaldılan karantin rejimlərinə dönülür. Düşünülür ki, yalnız bu yolla COVID-19-un sürətli yoluxma zəncirini qırmaq mümkündür. Yeni növ koronavirus hava-damcı yolu ilə insandan-insana keçdiyi üçün sosial məsafə, maskadan istifadə və şəxsi gigiyenaya əməl olunması həyati əhəmiyyət daşıyır.


Virusla effektiv mübarizə


Azərbaycan virusla ilk zamandan etibarən effektiv mübarizəyə başladı. Sərhədlərini bağladı, ölkə daxilində sərt karantin rejimi elan olundu. Ölkəyə yeni laboratoriyalar gətirildi və virusun erkən aşkarlanması üçün aparılan testlərin sayı xeyli artırıldı. Eyni zamanda COVID-19 infeksiyası aşkarlanan bütün xəstələr ən müasir tibb müəssisələrində müalicə olundular. Bu da infeksiyaya yoluxmuş xeyli sayda xəstənin sağalaraq evlərinə dönməsində, vəziyyəti ağır olanların həyata qayıtmasında əhəmiyyətli rol oynadı.

Dövlətimiz qlobal böhranın ölkəmizdə daha az hiss olunması üçün bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər gördü. Karantin rejimi tətbiq olunandan ölkə vətəndaşlarına diqqət və qayğı göstərildi, maddi yardımlar edildi. Pandemiyadan zərər çəkən sahələrə dəstək göstərildi. Hazırda da bu tədbirlər davam etdirilir.

Azərbaycanın pandemiya ilə müvəffəqiyyətlə apardığı bu mübarizə üsulu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də ölkələrə dəfələrlə nümunə göstərildi.

Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu tədbirlər ölkəmizi böyük bir bəladan xilas etdi. Buna görə ölkəmizin bütün guşələrindən dövlət başçımıza ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur.


Yer üzünün ortaq bəlasından beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür


Hazırda dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki, Yer üzünün ortaq bəlası olan COVID-19 təhlükəsindən beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür.

Elə dünyanın bu çətin günlərində Azərbaycanın etibarlı dost, dara düşənə əl uzadan güvəniləcək ölkə olması atdığı humanist addımlarla bir daha təsdiqini tapır. İndiyə qədər vətənimiz koronavirusla mübarizəyə dəstək olmaq üçün dünyanın 30-dan çox ölkəsinə humanitar və maliyyə yardımı göstərib.

İyulun 6-da Prezident İlham Əliyev ölkə KİV-inə verdiyi müsahibə zamanı söylədi ki, göstərilən bu yardımlar piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik məqsədi kimi edilir: "Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik”.


Darda qalana yardım əli uzatmaq Azərbaycan xalqının təməl dəyərlərindəndir


Heç şübhəsiz atalarımızın, "dost dar gündə tanınar” sözü də məhz belə çətin günlərdə insanların davranışını aydın xarakterizə edir. Bu kontekstdən yanaşanda əminliklə demək olur ki, artıq bütün dünya bilir ki, darda qalana yardım əli uzatmaq Azərbaycan xalqının təməl dəyərlərindəndir.

Ölkə rəhbəri sözügedən müsahibəsində bu məsələyə də toxundu: "Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”.


COVID-19 pandemiyasına qarşı birgə mübarizə...


Bu müddət ərzində Azərbaycan həm də ÜST-ə 10 milyon dollar ianə verib. Birinci ianə sırf onların öz planlarını həyata keçirməsi üçün, ikinci ianə isə pandemiyadan ən çox əziyyət çəkən və ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına üzv ölkələrə nəzərdə tutulub. Həmçinin ölkəmiz tərəfindən bir çox beynəlxalq təşkilatlara da maliyyə yardımı göstərilib.

COVID-19 pandemiyasına qarşı mübarizədə ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb. Prezident İlham Əliyevin qlobal liderlik missiyası pandemiya ilə beynəlxalq mübarizəyə birbaşa təkan verdi.

Dövlətimizin rəhbərinin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi də elə buna bariz nümunədir.

Burada bir haşiyə çıxmaq yerinə düşər ki, Ermənistan bu təşəbbüsün əleyhinə çıxaraq bir daha xəbis xislətini, Prezidentimizin də vurğuladığı kimi, ksenofob, irqçi və faşist mahiyyətini göstərdi.


Azərbaycan COVID-19-la təkcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla mübarizə aparır


"Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışır”. Bu fikirləri isə BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev və Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Bəli, bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan bu gün COVID-19 təhlükəsi ilə sadəcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla mübarizə aparır. Çətinliyə baxmayaraq, bütün səylərini koronavirusun dünyadan yox olmasına səfərbər edib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən bu qlobal missiya məhz Yer üzündə təhlükəsizliyin, sülhün, insanlığın var olmasına yönəlib.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video