06 Iyul 2020 15:08
378
SİYASƏT
A- A+

Milli Məclisin deputatının məqaləsi Misirin “Əl-Əhram” qəzetində dərc olunub

 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi Misirin və ərəb dünyasının ən nüfuzlu mətbu orqanı olan "Əl-Əhram” qəzetində nəşr olunub.

Məqalədə Elman Nəsirov yazır ki, COVID-19 pandemiyası bütün dünyanı əsarətə alsa da, hər şeyin bir sonu olduğu kimi, postpandemiya dövrünün də gələcəyi labüddür. Bu dövr yeni geosiyasi reallıqları ortaya qoya bilər. Həmin reallıqlardan biri də mövcud münaqişələrin həlli prosesində yeni yanaşmalar və imkanların ortaya çıxması gerçəkliyi ilə bağlıdır. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də istisna təşkil etmir. Ermənistanın mövcud mürəkkəb daxili vəziyyəti və qeyri-müəyyən xarici siyasəti belə mülahizə irəli sürməyə əsas verir.

Deputat fikrini əsaslandıraraq qeyd edir ki, 2018-ci ildə Ermənistanda siyasi hakimiyyəti zəbt etmiş Nikol Paşinyan və onun komandası, əslində, "demokratiya pərdəsi” altında siyasi opponentlərə qarşı geniş təzyiq və təqib kampaniyası aparır. Azad söz addımbaşı boğulur. İstənilən fərqli düşüncə süngü ilə qarşılanır. Erməni xalqı hər gün daha çox dərk edir ki, onu inqilabla aldadıblar. Pandemiya dövrü isə mövcud hakimiyyətin bütün eybəcərliklərini öz çılpaqlığı ilə üzə çıxarıb. COVID-19-un yayılma dinamikasına və miqyasına görə Ermənistan Cənubi Qafqazın "qırmızı zonası” hesab olunur. Paşinyan hökuməti yeni reallıqda özünün bütün zəifliyi və çürüklüyünü nümayiş etdirməkdədir. Bu, ilk növbədə, Ermənistanda klanlararası mübarizənin kəskinləşməsində özünü göstərir. Paşinyanın əleyhinə olan "Qarabağ klanı” ölkədəki bütün siyasi müxalifətin birləşdirici həlqəsinə çevrilməkdədir. Paşinyan iqtidarının qeyri-müəyyən, eyni vaxtda "iki stul”da oturmaq mahiyyəti kəsb edən xarici siyasət kursu da fiaskoya uğramaqdadır. Rusiya siyasi olimpində Nikol Paşinyana qarşı etimadsızlıq mühiti mövcuddur. Təsadüfi deyil ki, Nikol Paşinyanın hakimiyyətdə olduğu son 2 il ərzində Rusiya Prezidenti Vladimir Putin bir dəfə də olsun müttəfiq hesab olunan dövlətə - Ermənistana rəsmi səfər etməyib. Eyni zamanda, Nikol Paşinyan bu siyasətinin qarşılığında Qərbdən də lazımi dəstəyi ala bilməyib.

Məqalədə Elman Nəsirovun ərəb ictimaiyyətinin diqqətinə çatdırdığı məsələlərdən biri də postpandemiya dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli imkanları və perspektivləri ilə bağlıdır.

Həmin məsələ ilə bağlı müəllif xüsusi olaraq vurğulayır ki, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib. Bu mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında: ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.

Eyni zamanda, müəllif münaqişənin həlli imkanları ilə bağlı aşağıdakı elmi qənaətini ərəb oxucuları ilə bölüşür: COVıD-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət olunacağını proqnozlaşdırmaq mümkündür. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə ya "göyərçin” obrazına, ya da "qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də postpandemiya dövrünün başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsəcək. Bu dəfə "məxməri” olmaya da bilər...Bir sözlə, istənilən halda postpandemiya dövründə Ermənistanı qorxulu "sürprizlər”in müşayiət edəcəyinə inananların sayı daha ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video