05 Iyul 2020 00:23
881
CƏMİYYƏT
A- A+

Onların işindən hamı razılıq edir


Bu gün cəmiyyətimizin ayrılmaz bir parçasına çevrilən könüllülərin təmənnasız xidmətindən çox danışılır. Bəlkə də illər öncə belə bir xidmətin göstərilməsi üçün ayrı-ayrı təşkilatlarda könüllülərın toplanacağı heç ağıla da gəlməzdi. Azərbaycan dövlətinin bu istiqamətdə örnək olması nəinki Cənubi Qafqazda, Avropada da geniş diskussiya yaradıb, belə xidmət növlərinin təşkili təqdir və təbliğ olunub.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimaiyyətə və cəmiyyətə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır. Könüllülük fəaliyyəti insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlir. Eyni zamanda bu insanlar, xüsusilə gənclər bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər. Bu fəaliyyət müxtəlif sahələrdə ola bilər: əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək göstərilməsi, uşaqlar və gənclərlə işlərin aparılması, mədəni, tarixi sərvətlərin qorunması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması, insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği və s.

Ötən müddətdə Azərbaycanda könüllülər bir sıra uğurlu nəticələr əldə ediblər. Artıq dövlət və qeyri-hökumət təşkilatlarının könüllüləri respublika ictimaiyyəti arasında yüksək nüfuz qazanıblar. 2020-ci ilin "Könüllülər ili” elan edilməsi isə müxtəlif sahələrdə xidmət göstərən könüllülərin məsuliyyətini xeyli artırdı. İlin əvvəlindən ölkəmizdə yayılmağa başlayan koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə bu hərəkatın üzvlərinin xidmətləri geniş ictimaiyyət tərəfindən birmənalı şəkildə alqışlandı. Dövlət başçısı da öz çıxışlarında könüllülərin fəaliyyətini daim müsbət qiymətləndirir. Belə bir xidmətin daha geniş şəbəkəni əhatə etməsi isə qarşıda duran mühüm məsələlərdən olduğu xüsusi vurğulandı.

Ölkənin əksər şəhər və rayonlarından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, təsisçi könüllü təşkilat və hərəkatların nümayəndələrinin iştirakı ilə "Könüllü qəhrəmanların may görüşü” adı altında keçirilən videokonfrans ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandı. Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə görülən işlərlə bağlı verilən məlumatlar, onların növbəti dövrdə fəaliyyət planı barədə təklifləri dinlənildi. Xatırladaq ki, xüsusi fəallığı ilə seçilən 30 könüllü "Ayın könüllüsü” adına layiq görüldü və mükafatlandırıldı.

Azərbaycan könüllüləri bugünədək pandemiya ilə mübarizə çərçivəsində bir sıra proqram-layihələrin icrasını həyata keçiriblər. Könüllülük hərəkatı ilə "Biz birlikdə güclüyük!” devizi rəhbər tutularaq, respublikanın 31 rayon və şəhərində, eləcə də Bakı şəhərinin 12 rayonunda "Bir-birimizi qoruyaq!” aksiyası təşkil edilib. Həmin aksiyada ümumilikdə 323 nəfər könüllünün iştirakı ilə 60 mindən artıq vətəndaş maarifləndirilib, onlara 46350 ədəd tibbi maska, 93350 cüt əlcək və 200 mindən çox maarifləndirici buklet paylanılıb.

9 May - Faşizm üzərində qələbə günü, istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərən veteranlarımız Azərbaycan könüllülərinin də diqqətindən kənarda qalmayıb. Respublikanın müxtəlif şəhər və rayonlarında 128 könüllü 100-dən çox veteranı ziyarət edərək, onları bayram sovqatı ilə sevindirib.

Aprel ayından start götürmüş "Böyüklərimizi qoruyaq” aksiyasını davam etdirən könüllülər paytaxt Bakıda və regionlarda 6000-dən çox tənha yaşayan ahılların, aztəminatlı, eyni zamanda şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib, onlara müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında kömək göstəriblər. Müqəddəs Ramazan bayramı münasibətilə 63 nəfər könüllü 21 rayon və şəhərdə yaşayan 100-ə yaxın aztəminatlı ailə və tənha yaşayan ahıl vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırıb.

Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyən və fəaliyyətində "ASAN Könüllüləri” Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, "Formula-1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” Təşkilatı, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər Proqramı, "Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların fəaliyyəti gündən-günə genişlənməkdədir.

Azərbaycan Prezidentinin "Biz birlikdə güclüyük!” devizini əsas tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək reallaşdırılan "Böyüklərimizi qoruyaq!”, "Könüllü qonşu”, "Biz birlikdə güclüyük!”, "Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində yeni maraqlı aksiyalar davam etdirilir. Keçirilən aksiyalar çərçivəsində əhalinin çox olduğu müxtəlif məkanlarda könüllülər üzərində koronavirusdan qorunmaq məqsədilə hazırlanan təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırırlar. Belə ki, karantin qaydalarına riayət olunan yerlərin girişlərinə "Burada qaydalara əməl olunur” və "Nümunəvi obyekt”, ictimai nəqliyyatda və parklarda, şəxsi avtomobillərdə, insanların köynəklərində "aralı əyləş, sağlam ol”, "məsafə saxla”, "bir-birimizi qoruyaq”, "sağlamlıq məsafəsi saxlayın” yazılı xüsusi stikerlər yapışdırılır, həmçinin əhali arasında maarifləndirmə işi aparılır. Bütün bunlar həm də koronavirusla mübarizədə gecə-gündüz çalışan həkimlərimizə, tibb işçilərinə könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video