04 Iyul 2020 00:35
1707
İQTİSADİYYAT
A- A+

Regionun nəqliyyat qovşağı və logistika mərkəzi


İlham ƏLİYEV: "Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib”


Azərbaycanın bölgənin lider ölkəsi olmasını şərtləndirən mühüm amillərdən biri beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında yaxından iştirakıdır. Tranzit imkanlarının müasir dövrdə ölkənin iqtisadiyyatında, regional və beynəlxalq mövqeyində rolunu ilk gündən düzgün qiymətləndirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq qlobal nəqliyyat dəhlizləri məhz ölkəmizdən keçir.


Bütün yollar Azərbaycanda birləşir


Son illər dünyanın hər yerində beynəlxalq yükdaşımaları sahəsində rəqabət daha da yüksəlib. Bu da onu göstərir ki, ölkələr arasında əlaqələrin məzmunu keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını qoruyub saxlayır. Belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.

Tarixi "İpək yolu”nun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. İndinin özündə də Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin digər regionlarında beynəlxalq hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin və təyyarə parkının yenilənməsi xarici iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir və ən əsası bütün yollar Azərbaycanda birləşir.

Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin iyulun 2-də keçirilən videokonfrans vasitəsilə görüşündə dövlət başçısı İlham Əliyev respublikamızın tranzit imkanlarının artırılması istiqamətində son dövrlər görülən işlər barədə məlumat verdi. "Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır” - deyən İlham Əliyev respublikamızın etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqlədiyini bildirdi.


"Şərq-Qərb nəqliyyat dəhlizi” tam şəkildə fəaliyyət göstərir


Azərbaycanın ən mühüm coğrafi üstünlüklərindən biri tarixi "İpək yolu”nun üzərində yerləşməsidir. Bu imkandan uğurla yararlanan Azərbaycan tranzit imkanlarını artırmaqla digər dəhlizlərlə müqayisədə yüklərin daha sürətli, səmərəli və təhlükəsiz daşınmasını təmin edir.

Bununla əlaqədar olaraq Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə inşa olunan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm ölkəmizin tranzit imkanlarını artırıb, həm də Avropadan Asiyaya və əksinə yük daşımaçılığında yeni keyfiyyət mərhələsinin əsasını qoyub. Tarixi "İpək yolu”nun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihə Prezident İlham Əliyevin böyük siyasi iradəsi nəticəsində uğurla reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradıb. Ən əsası bu dəmir yolu bağlantısı daşımaçılıqda yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti "Şərq-Qərb nəqliyyat dəhlizi”nin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verir.

Onu da xatırladaq ki, Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” layihəsinə bir neçə tranzit marşrutu daxildir ki, onlardan biri də Çindən başlayıb Mərkəzi Asiya Respublikalarından, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iqtisadi səmərəliliyi Çində yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev "Şərq-Qərb nəqliyyat dəhlizi”nin artıq tam fəaliyyət göstərdiyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, bu nəqliyyat dəhlizi ilə 2019-cu ildə 8,7 milyon ton yük daşınmışdır. Cari ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatıb. Qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin altı ayında daşınmış yüklərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.


Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi artır


Azərbaycanın iştirak etdiyi nəqliyyat dəhlizlərindən biri "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”dir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin son illərdə daha sürətlə həyata keçirilərək başa çatdırılmasını təmin edib. Bu məqsədlə Prezident İlham Əliyev 2015-ci ilin dekabr ayında "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, bütün qüvvələr səfərbər olunub, Astara stansiyasından İran sərhədinə qədər dəmir yolu çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsü tikilib. Azərbaycanda cənub istiqamətində magistral avtomobil yolu da ən müasir standartlar səviyyəsində yenidən qurulub.

Videokonfransda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Keçən il bu dəhliz vasitəsilə 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb.


Ölkəmiz qlobal rəqabətdə mühüm uğurlar qazanır


İki il əvvəl Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tam istifadəyə verilməsi isə Asiya ilə Avropanın, Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırdı. Beləliklə, bu gün Azərbaycan özünü təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

Azərbaycanda Şərq-Qərb və Şimal-Cənub istiqamətində yollar Ələtdən keçir. Ələt qəsəbəsi isə Xəzərin sahilində yerləşir. Göründüyü kimi, yeni limanın burada salınması tamamilə qanunauyğundur. Beləliklə, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaradır. Bu liman ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verir, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edir. Bu kompleks həm də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Bu gün dünyanı gəmiçiliksiz təsəvvür etmək mümkün deyil. Dəniz nəqliyyatı ticarətin və qloballaşmanın əsasına çevrilib. Gəmilərlə qida məhsulları, texnologiyalar, dava-dərman və digər vacib mallar göndərilir. Dünyada, xüsusən inkişaf etməkdə olan ölkələrdə əhalinin sayı durmadan artır, bununla əlaqədar ucuz başa gələn və səmərəli dəniz daşımaları iqtisadi artım və davamlı inkişaf üçün getdikcə daha çox əhəmiyyət kəsb edir.

Azərbaycanın tranzit imkanlarının artırılması istiqamətində bu məsələ də daim diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir.

Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımalarının artırılmasına xidmət edəcək.

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində gedən qlobal rəqabətdə böyük uğurlar qazanır. Beləliklə, ölkəmizin tranzit və logistik imkanlarının genişlənməsi baxımından yeni mərhələ başlayıb. Gətirəcəyi iqtisadi dividendlərlə yanaşı, bu imkanların yaradılması həm də Azərbaycanın regionda və dünyada söz sahibi statusunu möhkəmləndirən mühüm faktordur.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video