04 Iyul 2020 00:35
658
SİYASƏT
A- A+

Keçmiş hərbi xunta Paşinyanı devirməyə hazırlaşır


Baş nazir fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir


Ermənistanda şiddətlənən koronavirus pandemiyası baş nazir Nikol Paşinyan iqtidarı üçün getdikcə daha böyük təhdidə çevrilir. Ona qarşı olan qüvvələr pandemiya ilə mübarizədən istifadə edib Paşinyana qarşı daha fəal iş aparırlar.

"Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan bu xüsusda bildirir ki, Ermənistan koronavirus daşıyıcılarının sayına görə dünya "çempion”larındandır: "Koronavirusdan 600-ü ötən ölüm səhiyyə nazirinin qürurlu olmasına mane olmur”.

"Ədalətli Ermənistan” təşəbbüs qrupunun üzvü, vəkil Norayr Norikyan isə qeyd edir ki, Ermənistanda həm hakimiyyət, həm də cəmiyyət dəhşətli koronavirusun olması ilə barışıb. Norikyan qeyd edib ki, koronavirus Ermənistana qalib gəlib: "Görülmüş və görülən tədbirlər artıq imitasiya xarakteri daşıyır, təəssüf ki, hakimiyyət bu fəlakəti aradan qaldırmaq üçün hər hansı strateji fikir və proqrama malik deyil”.

Bu hal Ermənistan daxilində ictimai-siyasi müstəvidə gərginliyin artmasına rəvac verməklə yanaşı, həm də hakimiyyət uğrunda yeni bir savaşın başlanmaqda olduğunu göstərir. Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, keçmiş hərbi xunta baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməyə hazırlaşır və bu məsələdə o, həm Qarabağdakı separatçı rejimdən, həm də müəyyən xarici qüvvələrdən, xüsusən də Rusiyadakı erməni lobbisindən istifadə etməyə çalışır. Bu fonda işğalçı ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş cinayətkar keçmiş hərbi xuntanın digər nümayəndəsi Serj Sarkisyanın bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsməsi də təsadüf sayılmır.

Ölkədə hakimiyyətin koronavirus pandemiyası üzündən qarşılaşdığı böyük çətinliklər, faciəvi siyasi-iqtisadi vəziyyət fonunda Koçaryan-Sarkisyan koalisiyası məqsədinə çatmağın daha da asan olduğunu düşünür.

Üstəlik, erməni əsilli rusiyalı milyarderlərdən girov qismində çatdırılan Ermənistan üçün misilsiz məbləğ sayılan 2 milyard dram həcmində yardım da onu göstərir ki, bu klana xaricdən dəstək də az deyil. Bu dəstək və Koçaryanın azadlığı üçün verilən pullar həm də onun təsdiqidir ki, Rusiyadakı erməni əsilli oliqarxlar hələ də Ermənistanda daxili siyasi proseslərə təsir etmək imkanına malik olduqlarını Paşinyana göstərmək qərarına gəliblər.

Digər tərəfdən bəllidir ki, Nikol Paşinyan Ermənistanın ikinci prezidentini öz aktivlərini Rusiyadan Ermənistana, daha dəqiqi baş nazirin sərəncamına keçirməyə məcbur etmək arzusundadır. Söhbət milyonlarla dollardan gedir və bu yolda sonuncu axıradək gedəcək. Bu durum isə Rusiyadakı erməni oliqarxlarını razı salmır. Çünki Rusiyanın erməni oliqarxlarının yuxarı təbəqələri Koçaryanın Ermənistanda siyasi hakimiyyətə qayıtmasını arzulayırlar.

Hazırda erməni əsilli Rusiya milyarderləri bu məsələdə Koçaryana hərətərəfli dəstək verməyə hazır olduqlarını gizlətmirlər. Onların sırasında Rusiyadakı erməni iş adamı "Taşir” şirkətlər qrupunun başçısı Samvel Karapetyan da var. Məhz onun rəhbərliyi ilə Rusiyadakı erməni iş adamlarının Ermənistanda baş verənlərə diqqəti artıb. Ermənistanın keçmiş prezidentinin həbsdən azad edilməsi üçün ödənilən vəsaitin mühüm hissəsinin də məhz Karapetyan tərəfindən verildiyi bildirilir. O, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki ermənilərə də yardım edir. Bir tərəfdən də Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan erməni ictimaiyyəti arasında Nikol Paşinyan barəsində mənfi rəy yaratmaq məqsədilə onu fasiləsiz olaraq gözdən salır.

Pandemiyanın yaratdığı problemlər də bu durumda Paşinyanın əleyhinə işləyir. Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bu xüsusda bildirir: "İndi iqtisadiyyatın vəziyyəti pisdir, gələcəkdə daha pis olacaq, çünki iqtisadi, sosial, siyasi baxımdan bütün göstəricilər bunu təsdiqləyir. Bu müddət ərzində hakimiyyət nə edir? Hakimiyyət müxalifləri susdurmaq üçün hər şey edir”.

O qeyd edib ki, Ermənistanda insanların həyatı getdikcə pisləşir, hakimiyyət isə müxaliflərlə məşğuldur: "Terrorla uzağa getməyəcəksiniz, bunun sonunun nə olduğunu görmüsünüz”. O qeyd edib ki, Ermənistan hakimiyyəti müxalifəti ən müxtəlif yollarla susdurmağa çalışır. Bu isə real durumda hakimiyyətdən narazılığın daha da artmasına rəvac verir. Belə vəziyyətdə müxalifət, xüsusən keçmiş hərbi xuntanı hakimiyyətin virus qarşısında acizliyini daha çox ön plana çıxarır.

Xatırladaq ki, Nikol Paşinyan COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirib. Onun "indi cəhənnəmdə addımlayırıq” ifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Müxalifət və vətəndaş cəmiyyəti isə Nikol Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edir ki, hökumət başçısı fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Bu fonda müxalifət hökumətə qarşı faəliyyətini genişləndirir və bu da ölkədə durumu daha da ağırlaşdırır.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video