04 Iyul 2020 00:23
574
CƏMİYYƏT
A- A+

Məsuliyyətsizlik ölkəmizdə epidemioloji coğrafiyanı genişləndirir


Təhlükədən qurtulmaq üçün ictimai qınaq faktorundan istifadə etməliyik


COVİD-19-la ölüm-dirim savaşı davam edir. Bəşəriyyət heç bir zaman bu qədər sürətlə yayılan xəstəliklə qarşı-qarşıya qalmamışdı. Koronavirus hər keçən an yoluxma sayını sürətlə artırır, virusun aldığı canlar dayanmadan artır.

Ölkələrdə karantin rejimləri sayəsində yoluxmalarla bağlı müəyyən sabitləşmə meylləri müşahidə olunsa da, yumşalmalara keçid özü ilə bərabər infeksiyanın ikinci dalğasını alovlandırdı. Hazırda koronavirus sözün əsl mənasında dünyanı mat qoyub, həyatı iflic edib. Ölkələr iqtisadi uçuruma yuvarlanıb, xaos içərisində bu bəladan necə qurtulacağını bilmirlər.

Ümid qalıb yalnız peyvəndin tez bir zamanda tapılmasına...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anna Maria Henao-Restrepo, hazırda dünyada klinik sınaqlarda olan 17 növ vaksinin nəticələrinin gözlənildiyini bildirib. Söyləyib ki, ÜST mütəxəssisləri nəticədən asılı olaraq peyvəndlərin effektivliyini qiymətləndirəcək. Amma ekspert onu da əlavə edib ki, bütün bunlara baxmayaraq, hazırda heç bir nəticənin əldə olunmaması səbəbindən koronavirus əleyhinə peyvəndin nə zaman hazırlanacağını söyləmək mümkün deyil.

Göründüyü kimi, yeni növ koronavirusdan qorunmaq üçün yeganə çıxış yolları budur: sosial izolyasiya, maska taxmaq və gigiyenik qaydalara riayət etmək.

Pandemiyanın bu tələblərinə tam əməl edilmədiyi üçün COVID-19-dan nə zaman yaxa qurtarılacağını söyləmək mümkün deyil...


Vətəndaşların etibarlı müdafiəsi


Azərbaycan koronavirusun yaranıb yayılmağa başladığı və hələ bir çox ölkələrin virusa etinasız yanaşdığı bir dövrdən onunla mübarizə aparmağa başladı. Vətəndaşların etibarlı müdafiəsi, qlobal təhlükədən minimum itkilərlə çıxması üçün səmərəli tədbirlər həyata keçirdi. ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq virusun geniş yayılmasının qarşısını almaq üçün ölkəmizdə mərhələli şəkildə effektiv işlər həyata keçirilməyə başlandı.

Nəticədə çox qısa zaman kəsiyində virusa yoluxma sayında əhəmiyyətli azalmalar oldu, sağalanların sayı xeyli artdı. Bütün istiqamətlərdə COVID-19-la aparılan mübarizədə nailiyyətlər əldə olundu və vətənimizdə normal həyata dönüş sürətlənməyə başladı. Tədricən karantin rejimi yumşaldıldı, iş yerləri fəaliyyətlərini bərpa etdi, metro stansiyaları sərnişinlərinə qovuşdu.

Amma bu mərhələdə pandemiyanın tələb etdiyi qaydalar yerinə yetirilməli, əhali daha diqqətli olmalı idi. Bu, sirr deyil ki, adi bir diqqətsiz davranış böyük fəsadlara yol açır, qırılması çətin və uzun yoluxma zəncirinə çevrilir. Yeni növ koronavirusu digər viruslardan daha təhlükəli edən də bu xüsusiyyəti, anidən yoluxma sayını birdən minə çevirməsidir.


Təhlükənin varlığına biganə yanaşmanın ağır nəticələri


Çox təəssüf, elə bu həssas dönəmdə təhlükənin varlığına biganə yanaşdıq, onu heçə sayıb qaydalara uymadıq, tələbləri pozduq. Unutduq ki, normal həyata tezliklə qovuşmağımız, sərgilədiyimiz davranışlarla birbaşa bağlıdır. Yumşaldılma ərəfəsində kütləvi şəkildə qaydaların pozulması ölkəni virusla mübarizənin əvvəlinə qaytardı. Yoluxma, ölüm sayları artdı, sağalanların sayı azaldı, tibb müəssisələrinin yükü ağırlaşdı. Müşahidə edilən bu mənfi dinamikaya görə karantin rejiminin müddəti uzadıldı, iyunun 12-dən etibarən yoluxma sayı yüksək olan bəzi şəhər və rayonlarda sərt karantin rejimi elan olundu.

Amma nə fayda, bu müddətdə də maska taxmayanlar, karantin qaydalarını pozanlar kifayət qədər oldu. Hətta tətbiq olunan cərimələr belə bəzilərinin məsuliyyətsizliyinin qarşısına keçməkdə aciz qaldı. Ölkəmizin yaşadığı bu çətin günlərdə şəxsi istirahətini düşünənlər, icazə olmayan rayonlarda dincəlmək istəyənlər, şadlıq düzənləyənlər, sosial məsafə gözləməyənlər, maskadan aksesuar kimi istifadə edənlər tapıldı. Bu sayədə virusa qalib gəlmək əvəzinə, onun əhatə dairəsini daha da genişləndirdik.


Sərtləşdirilmiş karantin rejimi yenidən uzadıldı


Ölkəmizdə COVID-19-a yoluxma hallarının sürətlə artması, gündəlik yoluxma sayının 500-ün üzərində olması, zəruri addımlar atılmasını labüd etdi. Yenidən sərtləşdirilmiş karantin rejimi daha 2 həftə müddətinə uzadıldı. Təəssüf ki, daha əvvəl sərt karantin rejimi elan edilən şəhər və rayonlarımıza yeniləri də əlavə olundu. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən 20-dək uzadılır. Həmçinin iyulun 4-dən 20-nə kimi Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda karantinin qüvvədə olduğu tarixlərdə həftəsonu (şənbə-bazar) bütün ictimai nəqliyyat dayandırılır.

Eyni zamanda bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.


Məsuliyyətsizliyin artırılmış cəzası


Sərgilənən vətəndaş məsuliyyətsizliyinin qarşısını almaq və virusa yoluxma tempini azaltmaq üçün atılan qabaqlayıcı addımlardan biri də cərimələrin artırılmasıdır.

Artıq pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Bu xətanın qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslərə 200, vəzifəli şəxslərə 400, hüquqi şəxslərə isə 800 manat məbləğində cərimə yazılacaq.


Qoyulan tələblərə maksimum əməl edilməsinə çalışmalıyıq


Amma arzuladığımız gedişat bu deyil. Hər birimiz karantinsiz, cəriməsiz bir həyat sürmək istəyirik. İstəyirik heç bir cərimə olmadan vətəndaşlar sağlamlığının, təhlükəsizliyinin qayğısına özləri qalsınlar. Onlar epidemiyanın yayılmasına rəvac verən bütün təhlükəli davranışlara qarşı mübarizə aparsınlar. Maska taxmayan, məsafə saxlamayan, yas mərasimlərində iştirak edən, qohum-qonşunu ziyarətə gedənləri bu əməllərindən çəkindirsinlər. Özlərinin və başqalarının sağlamlığını təhlükəyə atdığını izah etsinlər. Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Reallıqdır ki, polis baş verən bütün qayda pozuntularının qarşısını ala bilməz. Bu, fiziki mənada da mümkün deyil. İndiki halda hər birimiz qoyulan tələblərə maksimum əməl edilməsinə çalışmalı, ictimai nəzarətçiyə çevrilməliyik. Cəmiyyət olaraq bu təhlükədən qurtulmaq üçün mütləq ictimai qınaq faktorundan istifadə etməliyik.

Belə olarsa, heç bir infeksiya, virus birgə gücümüz qarşısında duruş gətirə bilməz və birdəfəlik məhvə məhkum olar.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video