02 Iyul 2020 13:55
865
Mədəniyyət
A- A+

Fərhad Bədəlbəyli: Bir udum havaya möhtac olmamaq üçün karantin rejiminə əməl etməliyik


Bəzi insanların pandemiyaya şübhə ilə yanaşması, müxtəlif sosial şəbəkələrdə zərərli fikirlər paylaşması, bəzilərinin isə məsuliyyətsiz davranışları haqlı olaraq cəmiyyətdə narahatlıq doğurur. Ona görə də karantin rejiminə ciddi riayət olunması, lazım gələrsə, daha sərt tədbirlər görülməsi olduqca vacibdir.

"Artıq 6 aydan çoxdur informasiya gündəmində aparıcı yer tutan koronavirus infeksiyası dünyanı dəyişib, həyatımıza yeni çalarlar gətirib. Daha əvvəlki kimi səhərlər işə, axşamlar evə, asudə vaxtlarımızda qohum-qardaşla, dost-tanışla görüşə tələsmirik. Hamı mümkün qədər evə qapanıb, küçəyə-bacaya çıxanda da əvvəlki kimi arxayın, sərbəst hərəkət etmir. Xüsusən ictimai yerlərdə hər addımımıza fikir verməli, hər hərəkətimizi ölçüb-biçməliyik, çünki həm özümüzün, həm də ətrafımızda olanların həyat və sağlamlığı bundan asılıdır”,- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli AZƏRTAC-ın müxbiri ilə söhbətə belə başlayıb.

Yeri gəlmişkən qeyd edək ki, Fərhad müəllim Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvüdür. Müsahibimiz mövqeyini əsaslandıraraq deyib: "İndi elə bir dövrə gəlib çıxmışıq ki, bir an da olsa sayıqlığımızı itirməməli, vətəndaş məsuliyyətini unutmamalıyıq. Kiməsə elə gələ bilər ki, bu sözləri tez-tez və qədərindən artıq təkrar edirik. Mağazaya girirsən, avtobusa, metroya minirsən, hansısa ünvana üz tutursan, yenə də həmin elanlar, həmin xəbərdarlıqlar... Başqa yol yoxdur axı? Mən dünyada nəfəs almaq üçün tıncıxan insan iztirabından böyük əziyyət tanımıram. Nəfəs almaq, oksigen dolu havanı ciyərlərinə çəkmək bəlkə də bizə bəxş olunan ən böyük nemətlərdən biri, sağlam insanın ən böyük xoşbəxtliyidir. Vay o gündən ki, bir udum ciyərdolusu havaya həsrət qalasan, nəfəs almaq üçün o dünyanı görüb-gələsən. Koronavirus infeksiyası bəşəriyyəti bax bu cür çətin imtahana çəkib. Nəfəs həyat deməkdir, onun kəsildiyi anda ömür bitir. Bizə həyat verən bir udum havanın, nəfəsin kəsilməməsi üçün yeganə çıxış yolu Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etmək və ona uyğun yaşamaqdan ibarətdir”.

Ölkəmizdə sanitar-epidemioloji vəziyyətin nəzarət altında olduğunu bildirən Xalq artisti qeyd edib ki, həyata keçirilən tədbirlərin səmərəli nəticə verməsində vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Koronavirusla mübarizədə tibbi maskadan istifadə və sosial məsafənin qorunması ən ilkin şərtlərdən biridir.

Böhranlı vəziyyətlərdə insanların səbir və dözüm göstərməsinin vacibliyini vurğulayan Fərhad Bədəlbəyli 2011-ci ildə Yaponiyada baş verən dəhşətli zəlzələ zamanı yapon xalqının nümunəvi davranışını buna misal çəkdi: "Həmin təbii fəlakət nəticəsində 18 mindən artıq insan həyatını itirdi, 2 mindən çox adam itkin düşdü. Ölkənin bir sıra şəhərlərində su üçmərtəbəli bina hündürlüyünə qalxdı, dəniz limanları tamamilə dağıldı. Lakin həmin o ağır günlərdə yapon xalqı məhrumiyyətlərə sinə gələrək dəyanət və dözüm göstərdi. İnsanlar özlərini itirmədilər, hər şeyi çox anlayışla qarşılayaraq bir-birlərinə dayaq oldular. Nəticədə Yaponiya qısa zaman ərzində təbii fəlakətin nəticələrini aradan qaldıraraq öz inkişafını davam etdirdi və həyat əvvəlki məcrasına düşdü. Bəzən insanlar karantin şəraitində yaşamağın çətinliyindən gileylənəndə istər-istəməz həmin hadisəni xatırlayıram. İndi hamı pandemiyanın nə vaxta qədər davam edəcəyi ilə maraqlanır. Mən onları başa düşürəm, ancaq onlar da başa düşməlidirlər ki, koronavirusun həyatımızdan çəkilib getməsi bizim hər birimizdən və göstərdiyimiz vətəndaş məsuliyyətindən asılıdır. Bunu virusun yayılma sürətinin azaldığı Yaponiya, Cənubi Koreya kimi ölkələrin timsalında aydın görə bilərik”.

Onun sözlərinə görə, hətta ən zəngin ölkələr belə virusla mübarizədə çətinlik çəkir. Qərb mart ayının ortalarında özünü karantinə alıb və yalnız indi ehtiyatla küçəyə çıxmağa başlayıb. Dünya dövlətləri koronavirusa qarşı qlobal mübarizə aparmaq üçün yeni kampaniyaya start veriblər. Gəlin biz də edə edək ki, bu bəladan mümkün qədər az itkilərlə çıxaq.

Xalq artisti əlavə edib: "Çox vaxt, xüsusilə təbiətdə şəxsi nümunə göstərməyi ən əsas məsələlərdən biri hesab edirlər. Ataların da gözəl bir sözü var: özünə rəva bilmədiyini başqalarına məsləhət görmə! Mən özüm bu qaydalarla yaşayıram. Ətrafımda olanların da hamısını buna çağırıram. Hər gün evdən harasa çıxıramsa, mütləq maska ilə çıxıram, özümə həmişə antiseptik dezinfeksiyaedici məhlul götürürəm. Sosial məsafəni də heç vaxt yaddan çıxarmıram. Hələ mən bu həyatın gözəlliklərindən, övladlarımdan, nəvələrimlə əylənməkdən, onların nazı ilə oynamaqdan doymamışam. Yaşamaq istəyirsənsə, həyatın davamını arzu edirsənsə, pandemiya qaydalarını gözləməli və onun şərtlərinə əmə etməlisən. Mən "davam” deyirəm və həyatsevərləri də buna çağırıram”...

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video