02 Iyul 2020 00:37
1062
Fərmanlar
A- A+

Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında ƏSASNAMƏ


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyalar (bundan sonra – Komissiya) Azərbaycan Respublikası ilə xarici ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ölkəyə xarici investisiyaların cəlb olunması, həmçinin ticarət dövriyyəsinin artırılması və idxal-ixracın diversifikasiyası məqsədilə beynəlxalq müqavilə əsasında təsis olunurlar.

1.2. Bu Əsasnamə Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətini tənzimləyir.

1.3. Komissiyanın Azərbaycan tərəfindən tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

1.4. Komissiyanın Azərbaycan tərəfi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.5. Komissiyanın Azərbaycan tərəfi bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə, beynəlxalq təşkilatlarla, Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanları ilə, Azərbaycanın işgüzar dairələri ilə, xarici ölkələrin hökumət və qeyri-hökumət təşkilatları ilə və digər qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

1.6. Komissiyanın fəaliyyətinin təşkili, eyni zamanda, Komissiyanın Azərbaycan tərəfindən iştirakı zəruri hesab edilən şəxslərin iclaslarda iştirakının təmini məqsədilə tələb olunan maliyyə vəsaitinin Azərbaycan Respublikası tərəfinin üzərinə düşən hissəsi Azərbaycan Respublikası tərəfinin həmsədr qurumu (orqanı) və Komissiya üzvlərinin təmsil olunduqları qurumun (orqanın) hər birinin dövlət büdcəsində nəzərdə tutulmuş saxlanma xərcləri və ya bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsait, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Komissiyanın Azərbaycan tərəfinin vəzifələri

2.1. Komissiyanın Azərbaycan tərəfinin vəzifələri aşağıdakılardır:

2.1.1. xarici dövlətlərlə ticarət-iqtisadi, elmi-texniki, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.1.2. ölkəyə xarici investisiyaların və müasir texnologiyaların cəlbi, habelə ixracın təşviqi məqsədilə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi işlərini koordinasiya etmək;

2.1.3. yerli sahibkarların xarici iqtisadi subyektlərlə uzunmüddətli və sıx əməkdaşlığını təşkil etmək, bu əsasda onların xarici bazarlara effektiv inteqrasiyasını təmin etmək;

2.1.4. Komissiyanın iclaslarında qəbul edilmiş qərarların, əldə olunmuş razılaşmaların və iclasların nəticələrinə dair imzalanmış sənədlərin Azərbaycan tərəfinə aid müddəalarının icrası üzərində effektiv nəzarət və monitorinq işlərini həyata keçirmək;

2.1.5. ölkələr arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək və qaldırılan məsələlərin həlli üçün məsləhətləşmələr aparmaq;

2.1.6. Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) xarici subyektlərlə ikitərəfli əməkdaşlığı sahəsində məlumat mübadiləsi ilə bağlı işləri əlaqələndirmək;

2.1.7. ölkənin sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla, qarşı tərəflə növbəti ildə görüləcək işlər barədə illik fəaliyyət planlarını (fəaliyyət istiqamətləri və görüləcək işlərin icra müddəti göstərilməklə) hər il dekabr ayının 15-dən gec olmayaraq, təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

2.1.8. ötən ilki fəaliyyəti barədə yekun hesabatı hər il yanvar ayı ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

2.1.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

3. Komissiyanın Azərbaycan tərəfinin hüquqları

3.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın Azərbaycan tərəfinin aşağıdakı hüquqları vardır:

3.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı proqram və layihələr hazırlayıb həyata keçirmək, bu məqsədlə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarının (qurumlarının), eləcə də Azərbaycanın işgüzar dairələrinin və maraqlı tərəflərin nümayəndələrini cəlb edərək, bu istiqamətdə onlarla əməkdaşlıq etmək;

3.1.2. Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.3. Azərbaycan Respublikasının qarşı tərəflə əməkdaşlıq istiqamətinə aid məsələlərlə bağlı işçi qruplar və komissiyalar yaratmaq, konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər keçirmək;

3.1.4. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək;

3.1.5. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrin icrası ilə bağlı qərarlar qəbul etmək;

3.1.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

4. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin təşkili

4.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş həmsədr (bundan sonra – həmsədr) rəhbərlik edir.

4.2. Komissiyanın Azərbaycan tərəfinin həmsədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətini təşkil etmək və ona ümumi nəzarəti həyata keçirmək;

4.2.2. Komissiyanın Azərbaycan tərəfinin illik fəaliyyət planlarının həyata keçirilməsini təmin etmək;

4.2.3. Komissiyanın iclaslarının gündəliyinə Azərbaycan tərəfindən çıxarılan məsələləri müəyyənləşdirmək;

4.2.4. Komissiyanın iclaslarında müzakirə edilən məsələlərə dair qəbul edilmiş qərarları, məktubları və digər sənədləri imzalamaq;

4.2.5. Komissiyanın Azərbaycan tərəfinin Katibliyinin və işçi qruplarının fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq etmək;

4.2.6. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin təşkili ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4.3. Komissiyanın Azərbaycan tərəfinin həmsədrinin hüquqları aşağıdakılardır:

4.3.1. Komissiyanın Azərbaycan tərəfinin üzvlərinin iclaslarını çağırmaq, Azərbaycan Respublikasının digər aidiyyəti orqanlarının (qurumlarının) nümayəndələrinin bu iclaslarda iştirakı üçün sorğu etmək;

4.3.2. Komissiyanın iclaslarının nəticələrinə dair imzalanmış sənədlərin müddəalarına uyğun olaraq Azərbaycan tərəfinə aid vəzifələrin icrası üçün tədbirlər görmək;

4.3.3. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.4. Komissiyanın Azərbaycan tərəfinin üzvlərinin vəzifələri aşağıdakılardır:

4.4.1. Komissiyanın fəaliyyəti ilə bağlı məlumatları Azərbaycan tərəfinin həmsədrinin sorğularına əsasən tam və vaxtında təqdim etmək;

4.4.2. Komissiyanın iclaslarında qəbul edilmiş qərarların, razılaşmaların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin müddəalarına uyğun olaraq Azərbaycan tərəfinə aid vəzifələrin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirmək;

4.4.3. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4.5. Komissiyanın Azərbaycan tərəfinin üzvlərinin hüquqları aşağıdakılardır:

4.5.1. Komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.5.2. Komissiyanın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

4.5.3. Komissiyanın sənədlərinin layihələri ilə tanış olmaq, onlara dair rəy və təkliflər bildirmək;

4.5.4. Komissiyanın iclaslarında məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək;

4.5.5. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.6. Komissiyanın Azərbaycan tərəfinin tərkibində məsul katib olmadığı təqdirdə, həmsədr rəhbərlik etdiyi Komissiyanın məsul katibini təyin edərək, diplomatik kanallar vasitəsilə qarşı tərəfi bu barədə məlumatlandırır.

4.7. Komissiyanın Azərbaycan tərəfinin məsul katibinin vəzifələri aşağıdakılardır:

4.7.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin həmsədrinin tapşırıqlarını icra etmək və zəruri təşkilati-texniki işləri həyata keçirmək;

4.7.2. Komissiyanın iclaslarının nəticələrinə dair imzalanacaq sənədlərin və iclas gündəliyinin layihələrini hazırlamaq, Azərbaycan tərəfinin həmsədrinə təqdim etmək və qarşı tərəflə razılaşdırmaq, o cümlədən lazımi məlumat mübadiləsi aparmaq;

4.7.3. Komissiyanın Azərbaycan tərəfinə aid kargüzarlıq işlərini görmək;

4.7.4. imzalanmış sənədlərin müddəalarının icrası ilə bağlı monitorinqlər aparmaq, görülmüş işlər barədə zəruri məlumatları əldə edərək onların icmallaşdırılmasını həyata keçirmək;

4.7.5. Komissiyanın fəaliyyəti çərçivəsində, həmçinin Komissiyanın iclaslarının nəticələrinə dair imzalanmış beynəlxalq müqavilə hesab edilməyən sənədlərin uçotunu aparmaq və onların əsl nüsxələrini saxlanılmaq üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim etmək;

4.7.6. Komissiyanın fəaliyyəti barədə məlumatların ictimaiyyətə açıqlanması üçün həmin məlumatları həmsədr qurumun rəsmi internet saytında ayrıca bölmədə yerləşdirmək və daim yenilənməsini təmin etmək;

4.7.7. Komissiyanın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirmək.

4.8. Komissiyanın iclaslarının tarixi və formatı, işçi dili, iclaslarda iştirak edəcək işgüzar dairələrin nümayəndələri, biznes assosiasiyalarının nümayəndələri barədə məsələləri qarşı tərəflə razılaşdırmaqla həmsədr müəyyən edir.

4.9. Komissiyanın Azərbaycan tərəfinin işinin koordinasiyasını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

4.10. Azərbaycan Respublikasının Nazirlər Kabineti hər ilin birinci rübü ərzində Komissiyanın Azərbaycan tərəfinin təqdim etdiyi hesabatlar əsasında onların ötən ilki fəaliyyəti barədə yekun hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video