01 Iyul 2020 01:51
901
Təhsil
A- A+

ADA Universitetində məzunların təbrik edilməsi onlayn formatda keçirilib


İyunun 30-da ADA Universitetinin 465 tələbəsi və ADA Məktəbinin 36 şagirdi məzun olaraq bu ali təhsil müəssisəsinin elmi-pedaqoji kollektivi tərəfindən təbrik edilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, yerli tələbələrlə yanaşı, Maldiv Respublikası, Meksika, Moldova, Nigeriya, Vyetnam, Rusiya, Türkmənistan, Özbəkistan, Gürcüstan, Yəmən və İran da daxil olmaqla 11 ölkəni təmsil edən əcnəbi tələbələr məzun olublar.

Universitetin kampusundan birbaşa yayımlanan tədbirdə dekanların, xarici müəllimlərin, tələbələrin və ADA əməkdaşlarının da təbrik videoları yayımlanıb, ali təhsil müəssisəsində tələbə həyatını əks etdirən videogörüntülər nümayiş etdirilib. Yayım zamanı, tələbələr universitetin "Facebook” səhifəsində keçirilən və ADA-da ən xoş xatirələri ilə bağlı olan fotokampaniyada iştirak ediblər. Bir neçə tələbə ilə canlı telefon bağlantısı yaradılıb.

Rektor Hafiz Paşayev 2020-ci il məzunlarını təbrik edərək, onları gələcəkdə də universitetin fəaliyyətində yaxından iştirak etməyə səsləyib. Universitetin kampusunda tələbələrlə mütəmadi görüşlərini məmnunluqla xatırlayan rektor pandemiya dövründə təhsillərini uğurla davam etdirən məzunlara, habelə təlim-tədrisin davamlılığını təmin edən və fədakarlıq göstərən professor-müəllim heyətinə minnətdarlığını bildirib. Ev şəraitində təhsil alan tələbələrə dəstəyini əsirgəməyən valideynlərə də xüsusi təşəkkür edən Hafiz Paşayev övladlarının məzun olması münasibətilə onları təbrik edib.

"Bilik və bacarıq qazanmaq mümkündür, lakin öz prinsipləri əsasında həyatını davam etdirməyən şəxslərin gələcəkdə uğur qazanması mümkünsüzdür”, - deyən Hafiz Paşayev məzunlara təhsil müddəti ərzində aşılanan prinsiplərə sadiq qalmalarını, harada və hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onları vətənpərvər və müstəqil Azərbaycanın gələcəyinin təminatçıları sırasında görmək istədiyini bildirib.

Tədris işləri üzrə prorektor Vəfa Kazdal ADA Universitetinin hər zaman məzunları ilə qürur duyduğunu vurğulayıb. ADA Məktəbinin məzunlarını da təbrik edən prorektor bu ilin onlar üçün xüsusilə çətin keçdiyini, yeni təhsil mühitinə, onlayn təhsilə keçid etmələrinə baxmayaraq, öz missiyalarını uğurla tamamladıqlarını qeyd edib.

ADA Universitetinin tələbələri Günay Bədəlova və Ceyran Cəfərova musiqi ifaları ilə çıxış ediblər.

Qeyd edək ki, ADA Universiteti tədris ili ərzində Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton, Fransanın CEFAM universitetləri ilə ikili diplom proqramlarına dair tərəfdaşlıq razılaşmaları imzalayıb. Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə doktorantura proqramı, İtaliyanın Luiss Universiteti ilə tələbə mübadilə proqramı təsis edilib. Bununla yanaşı, ADA Universiteti müasir təhsilin tələblərinə cavab vermək məqsədilə Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramını təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video