30 Iyun 2020 20:34
569
CƏMİYYƏT
A- A+

Azərbaycanda gender bərabərliyi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib


İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisinin rəhbəri Zoltan Hernyesin onlayn görüşü keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində birgə görülən işlər, xüsusən də media və gender bərabərliyi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.

Bahar Muradova Avropa Şurası ilə olan uğurlu əməkdaşlıq sayəsində əldə edilən nailiyyətləri diqqətə çatdırıb. O, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verərək, media nümayəndələri üçün nəzərdə tutulan xüsusi layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, mediada gender komponentinin əhatə edilməsi, beynəlxalq standartların tətbiqi və jurnalistlərin bu istiqamətdə maarifləndirilməsi olduqca vacib məsələdir. Bu baxımdan da Avropa Şurası ilə birgə icra edilən "Gender bərabərliyi və media” layihəsi Komitə tərəfindən dəstəklənir və bu sahədə uğurlu əməkdaşlıq davam etdiriləcək.

B.Muradova Azərbaycan Respublikasının "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını (Lanzarote) ratifikasiya etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, bildirib ki, Konvensiyanın təsdiqi uşaqlara qarşı törədilən seksual xarakterli cinayətlərin qarşısının alınmasında, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsində və zərər çəkmiş uşaqların müdafiəsində irəliyə doğru atılmış böyük bir addımdır. O, eyni zamanda, 2020–2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın qəbul edilməsi və bu istiqamətdə milli fəaliyyət planın hazırlanması ilə bağlı hazırda görülən işləri diqqətə çatdırıb.

B.Muradova COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsirini qeyd edərək, bildirib ki, zorakılıq faktları ilə bağlı Komitəyə daxil olan müraciətlər araşdırılır və hər bir fakt üzrə müvafiq tədbirlər görülür. Komitə sədri qadınların ədalət mühakiməsinə çıxışı, məhkəmə proseslərində iştirakı məsələsinə toxunaraq, bu istiqamətdə Avropa Şurasının icra etdiyi layihələrinin əhəmiyyətini qeyd edib.

Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışında ölkəmizlə olan əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın davamlı olmasının mühüm olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda qadınların iştirakçılığının artırılması istiqamətində hər cür imkan yaradılıb, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün vacib işlər görülüb. Z.Hernyes kütləvi informasiya vasitələri nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılması baxımından gender bərabərliyi və media layihəsinin əhəmiyyətini xüsusilə vurğulayıb. O, KİV-də və reklam materiallarında gender komponentinə xüsusi diqqətin göstərilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə öz təkliflərini səsləndirib.

Z.Hernyes Azərbaycanın Lanzarote Konvensiyasına qoşulmasını müsbət qiymətləndirərək, media və reklamda gender standartlarının tətbiqi, qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, qadınların ədalətə çıxışı məsələləri ilə bağlı maarifləndirmə kampaniyalarının həyata keçirilməsi istiqamətində gələcəkdə icrası nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, eyni zamanda, Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin və Komitənin bir qrup əməkdaşı iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video