06 Iyun 2020 00:17
1142
İQTİSADİYYAT
A- A+

Mingəçevirin sənaye potensialı güclənir


Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın uğur nümunəsi bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmaqdadır. Respublika Prezidenti İlham Əliyevin bəşəriyyəti ağır problemlərlə üz-üzə qoyan bu çətin sınaqdan nisbətən az itkilərlə çıxmaq üçün dövlət səviyyəsində gördüyü tədbirlər, qəbul etdiyi qərarlar reallaşmaqda olan uğur strategiyasının əsas şərtidir.

Bu ağrılı günlərdə aztəminatlı ailələrə dövlət büdcəsindən edilən yardımlar, dünya dövlətlərini silkələyən iqtisadi böhran dalğalarını zərərsizləşdirmək üçün həyata keçirilən kompleks tədbirlər ölkə vətəndaşlarında məmnunluq yaratmaqla bütövlükdə cəmiyyətdə yüksək əhvali-ruhiyyəni formalaşdırır. Xalq-dövlət birliyinin sarsılmaz olduğunu müəyyənləşdirir.

Dövlət başçısının zamanın hökmündən doğan "Biz birlikdə güclüyük!” çağırışı ölkənin ən böyük enerji təchizatçısı olan Mingəçevirdə də rezonans doğurmuşdur. Mayın 4-dən etibarən şəhərin park və xiyabanlarında, istirahət məkanlarında, ticarət və ictimai iaşə müəssisələrində Nazirlər Kabinetində fəaliyyət göstərən Operativ Qərargahın müəyyən etdiyi qayda və şərtlərə uyğun olaraq bir çox məhdudiyyətlər aradan götürülərək şəhər sakinlərinin sərbəst fəaliyyətinə şərait yaradılmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə pandemiyaya qarşı mübarizə tədbirlərinin icrası müvəffəqiyyətlə davam etdirilir. Şəhər icra hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan 450 tənha qocaya ərzaq yardımı edilmişdir. Aztəminatlı ailələrə zəruri qayğı diqqət mərkəzindədir. Pandemiyaya qarşı mübarizə tədbirləri sırasında dezinfeksiya işlərinin davamlı qaydada aparılmasına xüsusi önəm verilir. Mart ayından başlayan dezinfeksiya işlərinin şəhərin sanitar-gigiyenik durumuna əhəmiyyətli təsiri sakinlərdə haqlı razılıq doğurur. Şəhər sakini, Milli Qəhrəman Rəşad Mirabovun atası Akif Mirabov deyir:

- Hər il yazın bu vədəsində şəhərimizdə ağcaqanad, milçək, yoluxucu xəstəliklər yayan müxtəlif həşəratlar ciddi narahatlıq doğurardı. İndi belə bir problemimiz yoxdur. Küçələrdə, yaşayış məhəllələrində, liftlərdə, avtobuslarda aparılan dezinfeksiya işlərinin səmərəsi böyükdür. Aztəminatlı ailələrə verilən yardımlar, şəhər xəstəxanasında çalışan həkimlərin göstərdikləri fədakarlıq hər kəsdə razılıq doğurur. Hər zaman dövlətin qayğısını həyatımızda hiss edirik. Şəhərimizdə hər evə, hər ailəyə ünvanlanan diqqətə görə dövlət başçısı İlham Əliyevə minnətdarıq.

Energetiklər şəhəri Mingəçevirdə pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, abadlıq, quruculuq işləri də uğurla davam etdirilir. Şəhərin sənaye müəssisələri ahəngdar fəaliyyət göstərir. Dövlətin davamlı qayğısı Mingəçevirin sosial-iqtisadi inkişafını ildən-ilə sürətləndirir. Keçən il şəhərin sənaye müəssisələrində 315.2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 98 milyon manat, yaxud 3.2 faiz çoxdur. İstehsal olunmuş məhsulun 249.1 milyon manatlığı dövlət müəssisələrinin, 21.1 milyon manatlığı isə qeyri-dövlət sektorunun payına düşür. 9 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları təmir edilmiş, küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 142.733 kvadratmetr sahəyə yeni asfalt örtük salınmışdır. Yol və səkilərə 24.618 metr müxtəlif ölçülü beton səki daşları düzülmüş, Təbriz, Naxçıvan, Natəvan, Ü.Hacıbəyov, H.Kərimov, Nəsimi küçələrində asfalt işləri görülmüşdür. "Dostluq” parkının 2-ci hissəsində abadlıq və yenidənqurma işləri aparılmışdır. Parkın ərazisi 1.4 hektar genişləndirilərək əraziyə 3.350 kvadratmetr daş döşənmiş, 300-ə qədər ağac və dekorativ gül kolları əkilmiş, sahəsi 800 kvadratmetr olan mini-futbol meydançası, sahəsi 100 kvadratmetr olan musiqili fəvvarə, şahmat meydançası, uşaqlar üçün əyləncə yeri, 49 ədəd işıqlandırma dirəyi, 4 söhbətgah, 26 ədəd oturacaq quraşdırılmışdır. Şəhərin şərq girişində 2.4 hektar ərazi abadlaşdırılmışdır. Əraziyə yeni suvarma xətti çəkilmiş, çəmən otu səpilmiş, 1.100 ədəd ağac əkilmiş, işıqlandırma sistemi, fəvvarə, idman və uşaq meydançaları quraşdırılmışdır. Uzun müddətdən bəri baxımsız vəziyyətdə olan A.Qurbani dairəsində 1 hektarlıq ərazi abadlaşdırılıb şəhər sakinlərinin istifadəsinə verilmişdir.

Mingəçevirlilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim hiss edir və bundan son dərəcə məmnunluq duyurlar. Keçən il dövlət başçısının müvafiq sərəncamı ilə büdcədən ayrılan vəsait hesabına 10 hündür mərtəbəli yaşayış binasının 16 ədəd istismara yararsız lifti dəyişdirilmiş, zəruri təmir işləri görülmüşdür. Mingəçevir Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında dövlət başçısının 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə 4 yaşayış massivini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə 2.5 milyon manat vəsait ayrılmışdır. Yol rahatlığına dəyər verən şəhər sakinləri dövlət qayğısını minnətdarlıqla qarşılayırlar.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevirə aid olan vəzifələr ardıcıl olaraq uğurla icra olunmaqdadır. Abadlıq, quruculuq işləri davam etdirilir. Şəhərin qaz təminatının, kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində təqdirəlayiq işlər görülmüşdür. Dövlət proqramına uyğun olaraq A.Niftəliyev adına mədəniyyət mərkəzində əsaslı təmir işləri aparılmış, 14 saylı tam orta məktəb əsaslı təmir edilib istifadəyə verilmişdir. 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbin əsaslı təmiri mədəniyyətin və təhsilin maddi-texniki bazasını möhkəmləndirməyə dövlət qayğısının bariz nümunəsidir.

Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi, burada həyata keçirilən irimiqyaslı yenidənqurma və əsaslı təmir işləri hesabına Mingəçevirin sənaye potensialı daha da güclənmişdir. Sahibkarlığın inkişafına dövlət səviyyəsində göstərilən qayğı və diqqətin məntiqi nəticəsi olaraq Mingəçevirdə münbit şərait yaradılmışdır. Şəhərin sənaye müəssisələri - "Azneftemaş”, "Mingəçevir Maşınqayırma Zavodu”, "Azərkabel” ASC, "H-Tech İnvest” və "Mingəçevir Tekstil” MMC-lər səmərəli fəaliyyətləri ilə ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər.

Dövlətin qayğısından güc alan mingəçevirlilər doğma şəhəri cənnətə çevirmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmirlər. Hazırda sayı 21 olan nümunəvi məhəllələrin sırası aydan-aya artmaqdadır. Yazın bu oğlan çağında Mingəçevir zümrüd libası, al-əlvan gülləri, yaraşıqlı park və xiyabanları, göz oxşayan səliqə-sahmanı ilə üzə gülür. Ana Kür bu yerlərdəki lal axışıyla sanki cilvələnən nur şəhərinin gözəlliyinə ayna tutur.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video