05 Iyun 2020 08:36
661
SİYASƏT
A- A+

Qurtuluşdan tərəqqiyə

Müasir Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Ölkədə baş verən müsbət dəyişikliklər hər bir vətəndaşın gözü qarşısında baş verir. Yetişən gənc nəsil, xüsusilə də 20-25 yaş arası gənclər gözünü açıb Azərbaycanı sabit, əmin-amanlığın hökm sürdüyü bir ölkə kimi görüblər. Lakin orta və yaşlı nəslin nümayəndələri müstəqil Azərbaycanın ağır, keşməkeşli günlərini görüblər və yaxşı xatırlayırlar.

Azərbaycan bu dövrə, bu günə gəlib çıxana kimi qan-qadalı və ağır böhranlardan keçib. Öz övladlarının qanı-canı bahasına 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan, obrazlı desək, yağışdan çıxıb, yağmura düşmüşdü. Təbii ki, səriştəsiz, naşı və savadsız rəhbərlər üzündən. Ölkədə siyasi hakimiyyətə sahiblənmək istəyən qruplar sözün əsl mənasında ölkəni uçuruma aparmaqla məşğul idilər. 1992-93-cü illərdə ölkədə silah gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü yarıtmaz siyasəti və xalq malına hərisliyi səbəbindən onsuz da zəif olan ölkə iqtisadiyyatını tamamilə çökdürmüş, hərc-mərclik yaratmış və respublikamızı gündən-günə dərinləşən həm siyasi, həm də iqtisadi böhranla üz-üzə qoymuşdu. Yaranmış vəziyyət Azərbaycana qarşı torpaq iddiasında olan təcavüzkar Ermənistanın əlinə fürsət vermişdi. Ölkənin vəziyyəti çox acınacaqlı idi. Xalqın gündəlik yaşayışı və təhlükəsizliyi gündən- günə daha ağır təhlükə qarşısında qalırdı. AXC-Müsavat cütlüyü isə hakimiyyətini saxlaya bilmək üçün əllərində olan silahları xalqın gözünü almaq məqsədilə istifadə edir, insanları hədə-qorxu altında yaşadırdılar. Xalqın sabaha olan inamı belə sarsılmışdı. Lakin xalqın xilas üçün tək bir ümid yeri vardı. O da Ulu Öndər Heydər Əliyev idi! Məhz həmin çətin günlərdə xalq öz xilaskar oğluna müraciət etdi. Xalqın təkidli tələbilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev öz tarixi missiyasını böyük müdrikliklə yerinə yetirdi.

Heydər Əliyev qətiyyətinin, xarizmasının, siyasi uzaqgörənliyinin qarşısında aradan qaldırılması mümkün olmayan məsələ yox idi. Bu mənada 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu.

İlk dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev belə bir söz söyləmişdi: "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”. Həqiqətən zaman bu deyilənləri sübut etmiş oldu. Daha doğrusu, Ulu Öndər Heydər Əliyev öz yorulmaz fəaliyyəti, canı-qanı bahasına, çəkdiyi min bir əziyyətlə bunu sübut etdi.

Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilmiş bir ölkədir. Ulu Öndərin layiqli davamçısı kimi Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatımızın davamlı inkişafı təmin edilir, ölkənin hər bir bölgəsində infrastruktur layihələri uğurla icra edilir, Azərbaycan bütün dünyada nüfuzlu və söz sahibi olan dövlət kimi qəbul edilir.

Ulu Öndərin əsas amalı xalqa xidmət idi və biz bu amalı onun adına olan fondun iş prinsipində də görə bilirik. Heydər Əliyev Fondu çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çoxlu sayda xeyriyyə aksiyalarına, ölkə, regional və beynəlxalq əhəmiyyətli layihələrə uğurla imza atır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz xeyriyyəçiliyi və ictimai-siyasi fəaliyyəti ilə xalqımızın rəğbətini qazanaraq insanlarımızın ümid yerinə çevrilib.

Xalqımız xoşbəxt xalqdır. Ona görə ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin firavan gələcəyi üçün davamlı olaraq mühüm işlər görülür. Lakin Azərbaycan xalqının xoşbəxtliyini, əmin-amanlıq, sabitlik şəraitində yaşamasını istəməyən və siyasi maraqları üçün ölkəmizə, xalqımıza asi kəsilən "müxalifət” qiyafəli radikal düşüncə sahibləri və antimilli ünsürlər 1990-cı illərin əvvəllərindəki kimi, öz çirkin əməllərindən qalmaq istəmirlər. Əslində, bu adamlar anlamaq istəmirlər ki, xalq onlara çoxdan "yox” deyib və nə olur-olsun onlara inanan deyil. Ölkədə bərqərar olan möhkəm əsaslı xalq-iqtidar birliyi də buna bariz sübutdur. Müdrik xalqımız çox gözəl bilir ki, müstəqil Azərbaycanın firavan gələcəyi naminə ölkəmizin Ulu Öndər siyasətinə hər zaman ehtiyacı olacaq.

Biz tariximizi, dünənimizi unutmamalıyıq. Azərbaycanın keçmişdə əldə etdiyi uğurlarının təməlində Heydər Əliyev siyasəti dayanır, bu gün də, sabah da belə olacaq. Bir sözlə, müasir müstəqil Azərbaycan 1993-cü ildən bu vaxta kimi ötən 27 illik bir müddət ərzində çox böyük bir yol keçib. Heç bir tərəddüd olmadan biz bu yolu "Qurtuluşdan tərəqqiyə gedən yol” da adlandıra bilərik!


Cavid OSMANOV,
Milli Məclisin deputatı, YAP Ağdaş Rayon Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video