04 Iyun 2020 14:18
630
SİYASƏT
A- A+

Erməni qoşunları tərəfindən Şuşanın işğal edilməsi barədə məlumat Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının rəsmi bəyanatı kimi BMT-də yayılıb


Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın daimi nümayəndəsinin 20 may tarixli məktubuna cavab olaraq yazdığı məktub BMT-nin Baş katibinə göndərilib. Ermənistan nümayəndəsinin məktubunda erməni tərəfin qondarma "arsax xalqının azadlıq uğrunda mübarizəsi” və Şuşa şəhərinin "azad edilməsi” barədə cəfəng arqumentlər gətirilir. Gizli deyil ki, belə cəfəngiyatın yayılması sürpriz sayılmamalıdır, çünki rəsmi Yerevan özünün hərbi təcavüzünə və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin 20 faizinin işğal edilməsinə həmişə və hər vasitə ilə haqq qazandırmağa çalışıb. Erməni tərəfinin yaydığı yalan informasiya cavabsız qalmayıb.

AZƏRTAC xəbər verir ki, Yaşar Əliyevin BMT Baş katibinə müraciətində deyilir: "Ermənistanın daimi nümayəndəsinin 2020-ci il 20 may tarixli məktubuna (A/74/862-S/2020/425) istinadla bir daha bildirmək istərdim ki, biz Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən qanunsuz yaradılmış oyuncaq rejim adından müxtəlif sənədlərin yayılmasının davam etməsinə qəti etiraz edirik. Belə sənədlər bəsit saxtakarlıq və ifrat sinizm nümunəsi olmaqla bərabər, onların hüquqi qüvvəsi yoxdur və lap əvvəldən rədd edilməlidir. Təcavüz, etnik təmizləmələr və kütləvi qətllər nəticəsində yaradılmış rejimin saxlanması faktı açıq-aşkar göstərir ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən və beynəlxalq hüquq normalarından irəli gələn vəzifələrini yerinə yetirməkdən imtina edir. Beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti kollektiv şəkildə tanımamaqdan ibarət ardıcıl və prinsipial mövqeyini bu yaxınlarda bir daha təsdiq etdi, 2020-ci il martın 31-də və aprelin 14-də Ermənistanın rejissorluğu ilə oyuncaq rejimin qondarma qurumlarına qondarma "seçkiləri” rədd etdi və onları etibarsız hesab etdi.

Mən həm də bizim 2020-ci il 11 may tarixli məktubumuza (A/74/851-S/2020/388) istinad etmək və Şuşa şəhərinin işğalının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının bəyanatını bu məktuba əlavə etmək istərdim (bəyanatın mətni əlavə olunur). Bu məktubun və ona qoşma sənədlərin Təhlükəsizlik Şurasının sənədi kimi gündəlikdəki 32, 37, 68, 70, 75 və 83-cü bəndlər üzrə Baş Assambleyanın sənədi kimi yayılmasına görə sizə minnətdar olaram”.

Yaşar Əliyevin məktubuna Şuşa şəhərinin işğalının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının bəyanatı da əlavə edilib. Bəyanatda deyilir: "1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ən mühüm strateji yerlərdən biri idi. İşğal nəticəsində Şuşa şəhəri və Şuşa rayonunun 30 kəndi viran edilib, 195 dinc sakin qətlə yetirilib, 165 nəfər yaralanıb, 58 adam itkin düşüb, Şuşa rayonunun 24.000-dən çox sakini köçkün vəziyyətinə düşüb və Azərbaycanın 58 rayonunda məskunlaşıb. Nadir şəhər arxitekturası ilə fərqlənən Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Merdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.

Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 tibb müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institutun filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turizm bazası, 2 mehmanxana, Azərbaycan Dövlət Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziya Mərkəzi, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Mərkəzi qarət edilib, yandırılıb və dağıdılıb.

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalından 28 il keçir. Biz ümidimizi itirmir və inanırıq ki, hökmən Şuşaya qayıdacaq, viran olunmuş şəhərimizi bərpa edəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun 80.000 nəfərdən çox üzvi olan Azərbaycan icmasının, o cümlədən Şuşa rayonunun Azərbaycan icmasının 30.000 nəfərdən çox nümayəndəsinin adından beynəlxalq birliyi Ermənistanın Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüzünə son qoymağa və işğal faktına obyektiv qiymət verilməsi üçün ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırırıq.

Bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli yolla nizamlanması yalnız erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icması Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bu regionun erməni icması ilə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülhü təmin etmək mümkün olacaq”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasını pisləyən, erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları tərəfindən erməni işğalçı qüvvələrin Azərbaycandan çıxarılmasını tələb edən onlarca başqa qətnamə qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video