02 Iyun 2020 19:13
1497
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib


İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirdi.

Qeyd edildi ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat "Büdcə sistemi haqqında” Qanunun 20.2-1-ci maddəsinə əsasən hazırlanıb. Hesabat 2019-cu ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən yeni büdcə qaydasının tətbiqi və onun nəticələri, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına dair vəziyyəti və digər zəruri məlumatları özündə əks etdirir.

Tahir Mirkişili qeyd etdi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı. 2018-ci ildə keçirilmiş seçkilərdə yenidən xalq tərəfindən Prezident seçilmiş cənab İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirmişdi. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı.

Aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələndi. Belə ki, qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7,3 faiz, əhalinin real gəlirlərinin 4,7 faiz, orta aylıq əməkhaqlarının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb oldu.

Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərdi, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaratdı. 2019-cu ildə iqtisadiyyatın idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparıldı, çevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradıldı.

Bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaratdı. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əməkhaqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçmiş, minimum pensiya təminatı 200 manata çatdırılmış, müavinət və əməkhaqları isə artırılmışdır. Bu mühüm sosial paket 4,2 milyon insanı əhatə etməklə 2,3 milyard vəsait hesabına yerinə yetirildi. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin imkanları hesabına yerinə yetirildi və inflyasiyanın proqnozlaşdırıldığından aşağı olmasına səbəb oldu.

2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərildi və problemin həlli üçün müvafiq vəsait ayrıldı. Bütün bunlarla yanaşı, bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. Əlverişli iqtisadi zəmin büdcənin uğurla icrasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək verdi.

Komitə sədri 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğuladı.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatı təqdim etdi. Diqqətə çatdırdı ki, 2019-cu ildə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi artımın sürətlənməsi və fiskal dayanıqlılığın gücləndirilməsi fonunda ölkədə əlverişli xarici iqtisadi mövqe formalaşıb, qeyri-neft sektorunun ixrac potensialı genişlənib. Milli valyutanın mübadilə məzənnəsinin sabitliyi qorunub, təkrəqəmli inflyasiya səviyyəsinə nail olunub, bütövlükdə iqtisadiyyatda 2,2 faiz real artımla 81,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Adambaşına düşən ÜDM-in həcmi isə 8247,0 manat təşkil edir.

Qeyd edildi ki, iqtisadiyyatın qeyri-neft sektorunda 2018-ci illə müqayisədə 3,5 faiz real artım əldə edilib. Qeyri-neft ÜDM-in tərkibində aparıcı rola malik kənd təsərrüfatında 7,3 faiz, turizmdə 6,4 faiz, nəqliyyat sektorunda isə 1,0 faiz real artım müşahidə edilir.

2019-cu ildə ÜDM-in pay bölgüsündə ən böyük (41,4 faiz) çəkiyə malik sənayedə 33,8 milyard manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 milyard manatlıq (xüsusi çəkisi 5,7 faiz), tikintidə 5,9 milyard manatlıq (xüsusi çəkisi 7,3 faiz) əlavə dəyər istehsal edilib. Xidmət sahələrinin istehsalında yaranan əlavə dəyər ÜDM-in 36,9 faizini təşkil edib. Əhalinin nominal gəlirlərinin həcmi 2018-ci ilə nisbətən 7,4 faiz artaraq 57,0 milyard manata çatıb, hər nəfərə düşən gəlir 6,5 faiz artaraq 5758,6 manat olub ki, bu da orta hesabla ayda 479,9 manata bərabərdir. Ölkə üzrə orta aylıq əməkhaqqı 2018-ci illə müqayisədə 16,6 faiz artaraq 634,8 manat təşkil edib.

Dövlətin valyuta ehtiyatlarının həcmi hesabat ilində 6,6 milyard ABŞ dolları artaraq 2020-ci ilin 1 yanvar tarixinə 51,1 milyard ABŞ dollarına çatmaqla ümumi daxili məhsulu 6,3 faiz üstələyib.

Bildirildi ki, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 1050,1 milyon manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1709,2 milyon manat və ya 7,6 faiz çox icra təmin olunub.

Büdcənin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12853,8 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1303,9 milyon manat və ya 11,3 faiz çoxdur.

Diqqətə çatdırıldı ki, 2019-cu il dövlət büdcəsinin xərcləri 25190,0 milyon manat proqnoza qarşı 24425,9 milyon manat və ya 97,0 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1694,3 milyon manat və ya 7,5 faiz çoxdur.

2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 milyon manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1974,5 milyon manat və ya 17,1 faiz çox), 9372,2 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 milyon manat və ya 4,8 faiz çox), 1524,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Qeyd olundu ki, 2019-cu il dövlət büdcəsi xərclərinin 31,8 faizi və ya 7761,3 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib və bu 2018-ci illə müqayisədə 564,8 milyon manat və ya 7,8 faiz çoxdur.

Ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində 2019-cu ildə bir sıra mühüm qərarlar qəbul edilib, sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyanın məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faiz artırılıb.

Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə müəyyən edilmiş vahid aylıq müavinətin məbləği 2019-cu il aprel ayının 1-dən 50 faiz artırılıb. Bu sosial tədbirin maliyyə təminatı 83,0 milyon manat təşkil edib, artım 500 min nəfər əhalini əhatə edib.

Ölkədə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı ümumilikdə 639,0 milyon manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib. Fiziki şəxslərin problemli kreditlərinin restrukturizasiyası məqsədilə kredit təşkilatlarına Mərkəzi Bank tərəfindən ayrılmış 214,8 milyon manat məbləğində kredit vəsaitləri dövlət zəmanəti ilə təmin edilib.

2019-cu ildə elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,5 faizi həcmində və ya 122,3 milyon manat vəsait yönəldilib ki, bu 2018-ci illə müqayisədə 4,5 milyon manat və 3,8 faiz çoxdur. Təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində və ya 2489,8 milyon manat vəsait yönəlib ki, bu 2018-ci illə müqayisədə 272,9 milyon manat və ya 12,3 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində və ya 948,2 milyon manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 71,9 milyon manat və ya 8,2 faiz çoxdur.

Hesabat ilində sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,8 faizi həcmində və ya 2401,0 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 60,1 milyon manat və ya 2,6 faiz çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2243,1 milyon manatı və ya 98,3 faizi sosial müdafiə (2018-ci illə müqayisədə 123,5 milyon manat və ya 5,8 faiz çox), 38,0 milyon manatı və ya 1,7 faizi sosial təminat (2018-ci illə müqayisədə 6,8 milyon manat və ya 21,9 faiz çox) xərclərinə yönəldilib.

Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinətlər üzrə 102,6 milyon manat məbləğində vəsait ödənilib. Müvəqqəti iş yerlərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dövlət büdcəsindən 80,0 milyon manat vəsait yönəldilib. Habelə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, onların bir qisminin istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün 2019-cu ilin icmal və dövlət büdcələrindən üst-üstə 494,3 milyon manat vəsait ayrılıb.

2019-cu ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 2,5 faizi həcmində və ya 599,7 milyon manat vəsait yönəldilib.

Müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 0,6 faiz çoxdur.

Bildirildi ki, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 296,7 milyon manat vəsait istifadə olunub. İstifadə olunmuş vəsaitin 237,3 milyon manatı və ya 80,0 faizi əsaslı vəsait qoyuluşu xərclərinin, 59,4 milyon manatı və ya 20,0 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. Cari xərclərə yönəldilən vəsaitin 14,5 milyon manatı və ya 24,4 faizi sosialyönümlü tədbirlərin maliyyə təminatına sərf edilib.

Beynəlxalq fəaliyyət, beynəlxalq maliyyə-kredit təşkilatlarına və ictimai-siyasi təşkilatlara üzvlük haqqı, beynəlxalq və ölkə səviyyəli tədbirlər, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti, xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və xarici qrantlar hesabına həyata keçirilən layihələrlə bağlı xərclər üzrə 2019-cu ilin dövlət büdcəsindən 246,7 milyon manat vəsait yönəldilib.

Regionların davamlı inkişafının təmin olunması, ölkə iqtisadiyyatının neft sektorundan asılılığının mərhələlərlə azaldılması, müasir tələblərə uyğun infrastrukturların yaradılması, əhalinin rifah halının, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkədə sosial xidmətlərə olan tələblərin ödənilməsi və dövlətin digər funksiyalarının həyata keçirilməsi üzrə qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin icrası 2019-cu ildə də davam etdirilib və həmin məqsədlərə 5270,5 milyon manat vəsait yönəldilib.

2019-cu ildə dövlət büdcəsinin yerli gəlirləri 738,8 milyon manat proqnoza qarşı 884,9 milyon manat məbləğində və ya 19,8 faiz çox icra olunub. 2018-ci ilə nisbətən isə yerli gəlirlər 166,5 milyon manat və ya 23,2 faiz çox olub. Dövlət büdcəsinin yerli xərcləri isə 842,8 milyon manat proqnoza qarşı icra 802,6 milyon manat və ya 95,2 faiz olub. 2019-cu il üzrə yerli xərclərin məbləği 2018-ci ilə nisbətən 103,6 milyon manat və ya 14,8 faiz çox olub.

Hesabata əsasən, 2019-cu ilin dövlət büdcəsində 207,8 milyon manat məbləğində kəsir (defisit) yaranıb ki, bu da proqnozlaşdırılan 2022,0 milyon manat kəsirdən 1814,2 milyon manat və ya 9,7 dəfə azdır.

2020-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 2342,2 milyon manat, o cümlədən manatla 952,8 milyon manat və xarici valyutaların manat ekvivalenti ilə 1389,4 milyon manat təşkil edib.

2019-cu il icmal büdcənin gəlirləri 29234,8 milyon manat proqnoza qarşı 16,2 faiz çox və ya 33966,7 milyon manat, xərcləri isə 27370,9 milyon manat məbləğində olmaqla proqnozun 96,8 faizini və ya 26506,1 milyon manatını təşkil edib.

2019-cu ilin icmal büdcəsi 1863,9 milyon manat büdcə artıqlığı (profisit) ilə proqnozlaşdırılsa da, faktiki artıqlıq 7460,6 milyon manat və ya ÜDM-in 9,1 faizi həcmində (proqnoza nisbətən 6,8 faiz-bənd çox) olub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 11570,0 milyon manat kəsir qeydə alınıb, bu da 2019-cu ilin ÜDM-nin 14,3 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 3,0 faiz-bənd azdır.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyini diqqətə çatdırdı.

İqtisadiyyat Nazirliyinin Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsinin müdiri Yalçın Əzizov, Dövlət Gömrük Komitəsi Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsinin rəisi Mirqasım Vahabov hesabatla bağlı fikirlərini söylədilər.

Müzakirələr zamanı çıxış edən deputatlar Əli Məsimli, Vüqar Bayramov, Vahid Əhmədov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev məsələ barədə fikirlərini bölüşdülər, təkliflərini verdilər.

Maliyyə naziri Samir Şərifov çıxışlara münasibət bildirdi.

Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video