28 May 2020 13:12
524
CƏMİYYƏT
A- A+

Zaur Əliyev: Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxana ayrılıb


Xəzər Siyasət Mərkəzi, Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrin ictimai səhiyyə nümayəndələrinin, həmçinin ABŞ-ın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Transxəzər Forumu çərçivəsində "Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizədə ölkələrin əldə etdikləri təcrübəni bölüşmək, qlobal iqtisadi fəaliyyətin və tələbin kəskin düşməsi nəticəsində yaranmış fəsadlardan planlı çıxışı və milli yanaşmaları müzakirə etmək olub.

Konfransda Azərbaycan tərəfdən Səhiyyə nazirinin müavini Viktor Qasımov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

Konfransı moderator qismində idarəedən ABŞ-ın keçmiş səfiri, Səhiyyə və İnsan Xidmətləri Departamentində qlobal işlər üzrə katib köməkçisi vəzifəsini icra edən Cimmi Kolker bildirib ki, konfransın əsas mövzusu koronavirus pandemiyasının əhalinin sağlamlığına və region ölkələrinin səhiyyə siyasətinə etdiyi təsirləri və pandemiya ilə mübarizədə əldə olunan təcrübələri bölüşmək, regional və daha geniş beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün imkanları müəyyənləşdirməkdir.

Z.Əliyev öz növbəsində Xəzər regionunda COVID-19-u müzakirə etmək üçün onlayn konfransın təşkilinə görə Xəzər Siyasət Mərkəzinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizədə ilk gündən etibarən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görür: "Pandemiya zamanı bizim üçün prioritet məsələ insan sağlamlığı və sosial təminatın qorunmasıdır. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkəmizdə martın 24-dən xüsusi karantin rejimi tətbiq olunur”.

O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq və görülən tədbirlərə maddi yardım göstərməkdir.

Z.Əliyev Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxananın ayrıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb: "Bundan əlavə, hər birində 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan tibbi ləvazimatlar alınaraq xəstəxanaların təchizatı gücləndirilib”.

Çıxışının sonunda o, koronavirusa qarşı cavab tədbirləri üzrə Azərbaycanın öz təcrübəsini Transxəzər Forumunun digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video