22 May 2020 22:35
543
CƏMİYYƏT
A- A+

Günnüt zəfərindən iki il ötür

"Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib


Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. "İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində "Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muхtаr rеspublikаda özəl bölmənin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, məşğulluq təmin edilir və əhаlinin rifаhı yüksəldilir. Son illər muxtar respublikada 77 mindən artıq yeni iş yeri açılıb. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir, yeni müəssisələrin yaradılması və iqtisadi resurslardan səmərəli istifadə diqqətdə saxlanılır. "Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Müəssisədə istehsal ediləcək mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də ölkəmizin digər regionlarına və xarici bazarlara çıxarılacaqdır. Tapdıq Əliyev muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qаyğıyа və yaradılan şəraitə görə minnətdаrlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sovetlər Birliyi dövründə Azərbaycanın brendi hesab olunan təbii sərvətimiz - Badamlı mineral suyunun yeni zavodda istehsalına başlanılması münasibətilə kollektivi təbrik edərək deyib: "Badamlı” mineral suyu 1947-ci ildən istehsal olunur. İlkin vaxtlar istehsal sadə formada aparılmış və mövcud su ehtiyatından tam istifadə olunmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində Badamlı mineral suyunun da istehsal həcmi artmış, yeni zavod qurulmuş və məhsulun 90 faizi ittifaq ölkələrinə göndərilmişdir. Qısa müddətdə Badamlı mineral suyuna böyük tələbat və rəğbət yaranmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri digər sahələr kimi, Badamlı suyunun istehsalına da ciddi ziyan vurmuş, zavodun fəaliyyəti dayandırılmışdı.

Ali Məclis Sədri deyib: Badamlı mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə başlanılmışdır. Həmin il Badamlı qəsəbəsindən Naxçıvan şəhərinə qədər su xətti çəkilmiş və yeni zavod istifadəyə verilmişdir. Xarici bazarda Badamlı suyuna tələbatın artması yeni zavodun tikilməsini zəruri etmişdir. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərində də qeyd olunur ki, mineral sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Bütün bunlar əsas götürülərək iqtisadi dəyərləndirmə aparılmış və Badamlı qəsəbəsində yeni zavod tikilmişdir. Sovetlər Birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdu. Bu gün istifadəyə verilən yeni zavodda isə su ehtiyatından 100 faiz istifadə olunacaqdır. Müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır. Vaxtilə burada yalnız bir çeşiddə qazlı su istehsal olunurdusa, hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su istehsal ediləcəkdir. Bütün bunlar da muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təmin olunmasına mühüm töhfədir. Zavodda 72 nəfər işlə təmin edilmişdir. Fəaliyyətin səmərəli qurulması gələcəkdə yeni iş yerlərinin açılmasına və digər təbii sərvətlərimizdən də səmərəli istifadəyə imkan verəcəkdir.

Ali Məclis Sədri deyib: İqtisadiyyat Nazirliyi aid qurumlarla birlikdə muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadəni təmin etməli, yeni müəssisələr fəaliyyətə başlamalı, daxili tələbat ödənilməli və ixracyönümlü məhsul istehsal olunmalıdır. Çünki təbii sərvətlərdən səmərəli istifadə inkişaf deməkdir. Bu gün muxtar respublikada əsas tikinti materiallarına, mineral və içməli suya olan tələbat yerli istehsal hesabına ödənilir. 2009-cu ildən etibarən Badamlı mineral suyu 5 ölkəyə ixrac olunur. Lakin yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına və digər istehsal sahələrin yaranmasına da imkan verəcəkdir. Zavodda Fransanın "Sidel” şirkətinin ən müasir avadanlıqları quraşdırılmışdır. Bir sözlə, "Badamlı” Mineral Sular Zavodu muxtar respublikanın sərvətidir. Ona görə də kollektiv qurulan avadanlıqlardan və yaradılan şəraitdən səmərəli istifadə etməli, işçilərin təminatı və mütəxəssislərlə işə diqqət artırılmalıdır.

Ali Məclisin Sədri zavodun qurulmasında əməyi və təşəbbüsü olanlara təşəkkürünü bildirib.

Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, "Badamlı” mineral su yatağı Badamlı qəsəbəsinin cənub qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Yatağın suyu çoxdebitli 5, azdebitli 20 bulaqdan ibarətdir. Sahəsi 42,5 min kvadratmetr olan zavodun yaradılmasına daxili imkanları hesabına 20 milyon 960 min manat vəsait sərf olunub. Zavodun 2 mərtəbədən ibarət inzibati binasında 14 iş otağı, server və növbətçi otaqları, iclas zalı, mətbəx, yeməkxana və digər xidməti otaqlar yerləşir.

Ali Məclisin Sədri zavodu işə salıb. Bildirilib ki, zavodda istehsal, filtirasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya vardır. İstehsal bölməsində 3 sudoldurma xətti yaradılıb, Türkiyənin "Ektem” və Fransanın bu sahədə dünya üzrə məşhur "Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırııb. İqtisadiyyat Nazirliyi tərəfindən yeni sudoldurma xətlərinin idxalına 2 halda İnvestisiya Təşviqi Sənədi verilib. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 14 çeşiddə qazlı və qazsız mineral su istehsal olunacaqdır. Laboratoriyada suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar qurulub.

Tədbirdə "Badamlı" mineral suyunun istehsal tarixindən bəhs edən film nümayiş olunub.

Ali Məclisin Sədri kollektivlə görüşüb.

Zavodda işlə təmin olunan Tural Əlizadə deyib: "Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri abadlaşdırılır, müasir sosial obyektlər tikilir, yollar çəkilir. Şahbuz rayonunun hər bir kəndində, eləcə də Badamlı qəsəbəsində geniş quruculuq işləri aparılıb, məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, yollarımız yenidən qurulub. Yeni zavodun tikintisi isə iş yerlərinin açılması, onlarla ailənin güzəranının yaxşılaşması deməkdir. Bütün bunlar Ali Məclis Sədrinin sakinlərin rifahının yaxşılaşdırılmasına göstərdiyi qayğının bariz nümunəsidir. Mən də "Badamlı” Mineral Sular Zavodunda işlə təmin olunmuşam. Muxtar respublikada əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəkləyir, kollektivimiz adından minnətdarlığımızı bildiririk”.

Ali Məclisin Sədri "Badamlı” Mineral Sular Zavodunun muxtar respublikanın inkişafındakı əhəmiyyətini vurğulayaraq deyib: Yeni zavod yeni iş yerlərinin yaradılması, iş yerlərinin yaradılması isə ailələrin rahat yaşayışının təmin olunması deməkdir. Ona görə də kollektiv qurulan avadanlıqları qorumalı, suyun keyfiyyətli istehsal olunmasına və zavodun səmərəli fəaliyyətinə çalışmalı, mütəxəssis kimi formalaşmalıdırlar. Zavodun imkanları artdıqca, işçilərin yaşayış şəraiti də yaxşılaşacaq, əməkhaqqı artacaqdır. Kollektivin əməyi Naxçıvana, ölkəmizə şöhrət gətirəcəkdir. Vaxtilə zavodun fəaliyyəti dayananda burada işləyənlər də işsiz qalmışdılar. Lakin yeni zavod həm təbii sərvətimizdən səmərəli istifadəyə, həm də yeni iş yerlərinin açılmasına töhfədir.

Zavodda 16 yük maşını, 1 avtobus və 2 xidməti avtomobil vardır. İşçilər nahar yeməyi və xüsusi geyim formaları ilə təmin olunurlar. Ərazi abadlaşdırılıb, həyətdə tutumu 700 ton olan xam su hovuzu tikilib, video-nəzarət sistemi və transformatorlar quraşdırılıb.

Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma işlərinin davam etdirilməsi, keyfiyyətə önəm verilməsi, istehsal və laboratoriya sənədlərinin zavodun internet saytında yerləşdirilməsi ilə bağlı tapşırıqlar verib.A

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video