22 May 2020 22:35
591
CƏMİYYƏT
A- A+

Günnüt zəfərindən iki il ötür

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra – 2018-ci il mayın 22-də ordumuz tərəfindən azad edilib.

Qazanılan uğur Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən "Uğurlu Naxçıvan əməliyyatı” adlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi, "Aprel döyüşləri Azərbaycan ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”.

Qeyd edək ki, 2018-ci il iyulun 3-də Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndindəki hərbi hissədə olub, bölük mərkəzində şəxsi heyətlə görüşüb, onlara hədiyyələr təqdim edib. Həmin gün Ali Məclisin Sədri ön xətdə tikinti işlərini həyata keçirən heyətlə də görüşüb, çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün yaratdıqları şəraitə görə onlara təşəkkür edib.

İyulun 3-də Ali Məclisin Sədri Qızılqaya yüksəkliyində və müşahidə məntəqəsində də olub, mövqelərimizin vəziyyəti ilə tanış olub.

Strateji yüksəkliklər ordumuzun nəzarətindədir

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.

2018-ci il may ayında Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi, daha sonra isə "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək "Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən "Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Sakinlər 26 illik həsrətə son qoyduğuna görə Ali Baş Komandana daim minnətdardırlar

26 illik həsrətdən sonra günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər.

Mahmudkənddə məskunlaşan, doğulduğu yurd yeri Günnüt olan rayon məscidinin axundu, təqaüdçü-müəllim Nəsib Novruzov qeyd edib ki, həmin gün bütün günnütlülərin həyatına qızıl səhifə kimi yazılıb: "Əvvəlcə qəbiristanlığa yollandıq. Burada uyuyan qohum-əqrəbalarımızın ruhuna "Qurani-Kərim”dən ayələr oxuduq. Var olsun Prezidentimiz, Ali Baş Komandanımız! Var olsun ordumuz! Şükür, bu günü də gördük. Haqq dünyasına qovuşan valideynlərim Günnüt həsrəti ilə yatıb, Günnüt həsrəti ilə sübhü açırdılar. Tez-tez doğma kəndi yuxularında gördüklərini deyirdilər. İnanın, evimizdə 3-4 gündən bir o yuxuları eşitməyə öyrəşmişdik. O yuxular bizim üçün təskinlik idi”.

N.Novruzov Günnütdə onlara məxsus olan, üstü sökülüb dağılmış, qapı-pəncərələri çıxarılmış, divarları uçuq vəziyyətə düşən evlərini görüb. Neçə illərdir bu həsrətlə yaşayan Nəsib həmyerliləri adından dövlətimizə minnətdarlığını bildirib, işğal altında olan digər torpaqlarımızın alınmasında ordumuza ardıcıl qələbələr arzulayır.

Mahir Osmanov da Günnütdə doğulub. O deyib ki, suyu dişgöynədən bulaqları, təmiz havası Günnütdə heyvandarlığın, arıçılığın, meyvəçiliyin inkişafına imkan verir. Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə olunur.

Rəcəb Nəcəfov Ali Baş Komandana minnətdarlıq edərək deyib: "Uzun müddət Günnüt kəndinin həsrətində idik. Bu ərazilərə 2 kilometr yaxınlaşa bilmirdik. Lakin bu gün 26 kilometr keçib öz torpağımızda - Günnüt kəndində təsərrüfatla məşğul oluruq. Dövlətimizə, ordumuza güvənirik. Azərbaycanla, onun qüdrətli ordusu ilə, Prezidentimizlə fəxr edirik”.

İşğaldan azad edilən ərazilər əkin dövriyyəsinə qatılıb

2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılan Günnüt qələbəsi nəticəsində ordumuz Sədərək istiqamətində Şərab zavodunu və ətraf əraziləri də nəzarətə götürüb. Müdafiə məqsədilə süni təpəciklərin yaradılması, mühəndis-istehkam işlərinin möhkəmləndirilməsi, ərazilərin minalardan təmizlənərək etibarlı qorunması Sədərək rayonunun həmin ərazilərində lazımi təsərrüfat işlərinin görülməsinə şərait yaradıb.

Sədərək istiqamətindəki Şərab zavodunun ətrafındakı münbit torpaqlar bu ildən etibarən əkin dövriyyəsinə qatılıb. Buradakı 73 hektar sahədə qarğıdalı əkini aparılıb.

Əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub. Əraziyə yeni yol və elektrik xətləri çəkilib.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması Sədərək rayon sakinlərini də sevindirir. Rayonda aqrar sahənin inkişafı kənd təsərrüfatı ilə məşğul olan insanlara stimul verir.

Bütün bunlar, Günnüt zəfərinin nəticəsi və muxtar respublikada ərzaq, müdafiə təhlükəsizliyi təminatının göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video