21 May 2020 00:26
3014
CƏMİYYƏT
A- A+

Onlar cəmiyyətdə böyük rəğbət qazanıblar



Prezident İlham ƏLİYEV: "Çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər”


Dövlət başçısı Azərbaycan gəncliyinin son illərdə ictimai həyatda çox fəal rol oynadıqlarından məmnun olduğunu çıxışlarında dəfələrlə dilə gətirib. Prezident xüsusilə könüllülərin fəaliyyətinin diqqət mərkəzində olduğunu vurğulayaraq deyir: "Çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Könüllülər hərəkatı "ASAN könüllülər”dən başlamışdır. Bu gün "ASAN könüllülər”i, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər”.
Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Dövlət başçısı da daim onların işlərini izləyir və yüksək qiymətləndirir. Azərbaycan Prezidenti hesab edir ki, artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına da könüllülər cəlb edilməlidirlər.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin mayın 1-də onlayn formatda təşkil olunan növbəti iclasında qurumun fəaliyyətə başladığı 2020-ci il martın 27-dən keçən qısa dövrdə reallaşdırılmış tədbirlər, o cümlədən "Böyüklərimizi qoruyaq!”, "Könüllü qonşu” və "Könüllü donor” aksiyaları barədə məlumat verildi. Fəaliyyətin daha çevik və səmərəli təşkili, mərkəzin işində iştirak edən təşkilat və hərəkatların xidmətlərinin əlaqələndirilməsi və genişləndirilməsi üzrə fikir mübadiləsi aparıldı.
Bildirildi ki, mərkəzin təşkilatçılığı ilə keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının ödənilməsində kömək göstərir, həmçinin qanvermə aksiyasında fəal iştirak edirlər. Qısa zamanda mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
"Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə baş çəkərək onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında kömə göstəriblər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq, həssas kateqoriyalı 6254 ailəyə dəstək göstərilməsində iştirak edib.
Aprelin 6-dan başlayan "Könüllü qonşu” aksiyası çərçivəsində isə 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin, bankomatlardan pensiyaların alınmasına və kommunal ödənişlərin həyata keçirilməsinədək bütün zəruri köməklikləri əsirgəməyiblər.
Digər bir layihə də ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olub. Aprelin 8-də mərkəz Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı ilə birlikdə "Könüllü donor” aksiyasına start verib. Bu nəcib aksiyada könüllülər Qan Bankının paytaxtda və regionlardakı bölmələrində qanvermədə də fəallıq göstəriblər.
Könüllülüyün, həqiqətən də, könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti, əlbəttə, bununla yekunlaşmır. Əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında böyük həvəslə iştirak edən könüllülərin özləri də zəruri texniki təchizat və ləvazimatlarla, gigiyena vasitələri ilə təmin olunur və müvafiq təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılırlar.
Ölkəmizdə könüllüləri birləşdirən və onların fəaliyyətlərini tənzimləyən katiblik funksiyası Azərbaycan Respublikasının Gənclər Fonduna həvalə edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzidir. Onun idarə olunması "ASAN Könüllüləri” Gənclər Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "BİR Tələbə-Könüllü” Proqramı, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "Azərbaycan Diaspor Könüllüləri” Proqramı, "SƏLİS Könüllüləri” İctimai Birliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, "AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı tərəfindən həyata keçirilir.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video