20 May 2020 00:57
713
SİYASƏT
A- A+

Prezident söz verir və əməl edir



Bu gün Azərbaycanda sosial dəstəyə ehtiyacı olan heç kəs dövlətin diqqətindən kənarda qalmır


Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının güclü sosial siyasətlə tamamlanması və iqtisadi dividendlərin, ilk növbədə, vətəndaş amilinə xidmət etməsi üçün sosial sahəyə yönəldilməsi prinsipi ölkənin sosial dövlət modelinin daha xarakterik çalarlarla zənginləşməsinə və əməli müstəvidə uğurlu təsdiqini tapmasına şərait yaradır. Bunun nəticəsi olaraq sosial təminat sisteminin daha çox humanist yanaşmalar üzərində qurulduğu, həssas əhali qrupları ilə bağlı qanunvericiliyin humanistləşdirilməsi diqqəti cəlb edir.
Öncə pensiya təminatı sahəsinə nəzər salaq. Sosial təminat sisteminin əsas komponentlərindən olan pensiya təminatı ilə bağlı dünya təcrübəsinə baxdıqda bir çox ölkələrdə bu sahədə sərt sığorta prinsiplərinin mövcud olduğu aydın görünür. Azərbaycan isə sosial sahədə mütərəqqi dünya praktikalarından faydalanmağa önəm verməklə yanaşı, pensiyaçıların istək, maraq və mənafelərini də daim üstün tutur.
Bunun göstəricisi olaraq, 2019-cu ilin əvvəlindən yaşlı əhalinin maraqlarına uyğun olan və əsasında humanist yanaşma dayanan islahat tədbiri gerçəkləşdi. Əmək pensiyası yaşına çatan və fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verildi. Dövlət avtomatik olaraq onlara 25 il sosial sığorta stajı hədiyyə etdi. Həmin 25 illik stajın və 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının indeksləşdirilməsi aparıldıqdan sonra onlara pensiya təyin olundu.
Beləliklə, sığorta stajının və ya pensiya kapitalının yetərli olmaması, hətta bir çox hallarda çox cüzi əmək fəaliyyəti olması səbəbindən pensiya proqramından kənarda qalmaq riski olan xeyli sayda vətəndaş üçün bu risk aradan qalxdı, onlara hər ay pensiya almaq şansı verildi. Digərləri kimi, onların da pensiyaları mütəmadi olaraq artmaqdadır. Ötən il Azərbaycanda minimum pensiya 72,4 faiz artırılaraq 200 manata çatdırılıb.
2020-ci ilin əvvəlindən pensiyaların ötənilki orta əməkhaqqı artımı göstəricisinə uyğun 16,6 faiz artırılması təmin olunub. Ümumən cari ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12, 2019-cu ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 295,3, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manat təşkil edib.
Pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla onların daha üstün məbləğdə sosial ödənişlər ala bilmələrinə şərait yaradılması üçün humanist mövqedən onlara yeni hüquq verilməsi nəzərdə tutulub. Belə ki, layihədə pensiyaçının hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçə bilməsinə imkan verilməsi də yer alıb.
Əmək pensiyası yaşına çatan, lakin əmək stajı pensiya hüququna imkan verməyən, həmçinin fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınmayanlar da vardı ki, həmin insanlar yalnız müvafiq yaş həddinə - kişilər 67, qadınlar 62 yaşına çatdıqda yaşa görə müavinət ala bilərdilər. Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi qanun bu kateqoriyadan olan vətəndaşlara da humanist yanaşma üzərində diqqət və qayğını özündə ehtiva etdi. Qanunla 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirildi və beləliklə, qeyd edilən vətəndaşlar artıq müvafiq yaş həddinə çatmalarını gözləməli olmadılar. Nəticədə bu ilin əvvəlindən pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan 11,2 min şəxsə yeni qanunvericilik əsasında yaşa görə müavinət təyin olundu. Ümumilikdə bu ilin 1 may tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər və ya 55,4 faiz çox olmaqla 94 mindən çox şəxs yaşa görə müavinət alır. 2019-cu ildə reallaşdırılan mühüm sosial paketlər çərçivəsində yaşa görə müavinətin məbləği də 80 faizə yaxın artırılıb.
Bunlardan əlavə, 2019-cu ildə sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial ödənişlər 2,4 dəfədən çox artırılıb və onlara ünvanlanan aylıq müavinətlər 82 manatdan 150 manata qaldırılıb, həmin uşaqlara qulluq edənlər üçün aylıq təqaüd (50 manat) təsis olunub. Sağlamlıq imkanları məhdud uşaqlar arasında ailə başçısını itirmiş uşaqlar da var. Onlara dövlətin daha bir humanist yanaşması kimi, bu ilin əvvəlindən həmin uşaqlara ailə başçısını itirməyə görə müavinəti (və ya ailə başçısını itirməyə görə pensiyanı) sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə (hər iki sosial ödəniş üçün) ala bilmək hüququ verilib. Halbuki əvvəllər onlar bu iki sosial təminat növündən yalnız birini seçə bilərdilər.
Ailə başçısını itirmiş ailələrə gəldikdə bu kateqoriya üzrə aylıq müavinətlərin məbləği ötən il hər ailə üzvü üçün 80 manata çatdırılıb. Bir sıra hallarda bu kateqoriya üzrə ailəyə adambaşına ödənilən müavinətlərin cəmi ailə başçısını itirməyə görə ödənilən pensiya məbləğindən çox olur. Lakin qanunvericilik ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğu halda bu pensiyadan imtina edib, ailə başçısını itirməyə görə müavinəti almağa imkan vermirdi. 2020-ci ilin əvvəlindən bu məhdudiyyət aradan qaldırıldı.
Ailə başçısını itirmiş (ABİ) ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Əmək pensiyaları haqqında” qanunda növbəti dəyişikliklərin edilməsi təklifini əks etdirən layihə da hazırlanıb. Humanist yanaşmaya əsaslanan təklifdə ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi nəzərdə tutulub. Bununla yanaşı, yeni qanunvericilik layihəsində təklif olunur ki, ABİ-yə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən payına düşən pensiya məbləğindən imtina etdikdə, onun bu vaxta qədər aldığı pensiyanın ödənişi dayandırılmasın və digər ailə üzvləri arasında bölüşdürülsün.
Prezidentin 2018-ci il 19 aprel tarixli fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələrinin
11 min manat məbləğində birdəfəlik ödəmə ilə təminatı proqramına başlanması dövlət başçısının növbəti mühüm humanist təşəbbüsü olmaqla şəhid ailələrinin sosial müdafiəsinə yönələn mühüm bir dəstək idi. Bununla bərabər, 28 yanvar 2019-cu il tarixli fərmanla birdəfəlik ödəmənin əhatə dairəsinin genişləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş vətən övladlarının vaxtilə 11 min manatdan az sığorta ödənişi almış vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi bir humanist yanaşma olaraq cəmiyyətdə rəğbətlə qarşılanan tədbirlərdən biri oldu.
Bugünkü pandemiya dövründə mühüm sosial dəstək tədbirlərindən olan birdəfəlik ödəmə proqramı ilk vaxtlar "Məşğulluq” altsistemində işsiz və işaxtaran kimi qeydə alınmış 200 min nəfər üçün nəzərdə tutulsa da, Prezident İlham Əliyevin humanist siyasəti nəticəsində proqram 3 dəfə genişləndirildi. Belə ki, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanları, yəni kölgə iqtisadiyyatında çalışan, vergi-sosial sığorta ödəmələrindən yayınan vətəndaşları da bu çətin dönəmdə dövlət öz dəstəyindən kənarda qoymadı. Həmin vətəndaşlar da əhatə olunmaqla birdəfəlik ödəmə ilə 600 min şəxs təmin olundu.
Məlum olduğu kimi, 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin və onlara bərabər tutulanların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Keçmiş sovet dönəmində baş verən hadisələrlə bağlı olmasına baxmayaraq, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailələri də dövlətin humanist əsasda sosial dəstəyi ilə əhatə edilir. 2014-cü ildən həmin ailələrin Prezidentin aylıq təqaüdü ilə təminatı proqramı qüvvədədir və bu gün onlar digər şəhid ailələri ilə eyni səviyyədə aylıq təqaüdlə (300 manat) təmin edilirlər.
Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi də getdikcə genişlənir. Hazırda 83 min ailənin 350 min üzvü ünvanlı sosial yardımla təmin olunur. Hər ailəyə ayda orta hesabla 224 manat yardım ödənilir. Ünvanlı dövlət sosial yardımı ilə bağlı yeni qanunvericilik layihələrində aztəminatlı ailələrin bu yardım proqramından daha geniş şəkildə faydalanmalarına şərait yaradılması üçün proqramın meyarlarının humanist mövqedən xeyli yumşaldılması ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu görmək olar. Bu layihələrə əsasən:
- ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olmayacaq;
- ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda bu barədə ailənin məlumat verməsi üçün müddət 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılacaq;
- ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun götürdüyü borc (o cümlədən kredit) ailənin sosial yardım hüququna maneə yaratmayacaq;
- ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı azaldılacaq və s.
Bütün bunlar sosial təminat sisteminin daha çox humanist yanaşmalar üzərində qurulmasını sübut etməklə yanaşı, onun vətəndaşa daha yaxın və əlçatan olmasını təsdiqləyir.

Raqif MƏMMƏDLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video