19 May 2020 13:21
975
Elm və texnika
A- A+

Postpandemiya dövründə humanitar və ictimai elmlərin vəzifələrinə dair onlayn müzakirələr aparılıb


AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, AMEA-nın birinci vitse-prezidenti, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli müzakirə olunacaq məsələlər barədə iştirakçılara məlumat verib. O, ötən müddət ərzində AMEA-nın fəaliyyətinin xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirildiyini və bir sıra beynəlxalq onlayn konfransların keçirildiyini bildirib. Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilən beynəlxalq onlayn konfransı xatırladan İ.Həbibbəyli Orxon-Yenisey kitabələrinin qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri olduğunu deyib. Qeyd edib ki, süjet xəttinə malik, müəyyən hadisələrin cərəyan etdiyi abidə üzərindəki mətnlər miniatür-mənsur povestdir və ədəbiyyatşünaslıq cəhətdən daha geniş tədqiq olunmasına ehtiyac var.

Şura sədri, həmçinin akademiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən silsilə onlayn konfransların keçirildiyini, eyni zamanda, Türkiyə səfirliyi, Azərbaycan və Qazaxıstan nümayəndələrinin iştirakı ilə beynəlxalq onlayn tədbirin baş tutduğunu diqqətə çatdırıb.

AMEA-nın Nizamnaməsinə edilən dəyişikliklər barədə də məlumat verən birinci vitse-prezident akademiyanın innovasiya və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin hüquqi əsaslarının tam formalaşdırıldığını vurğulayıb. O, hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında büdcədənkənar gəlirlərin əldə olunması istiqamətində ardıcıl işlər aparıldığını, həmçinin İqtisadiyyat İnstitutu tərəfindən akademiyanın özünümaliyyələşdirmə imkanları ilə bağlı təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini söyləyib. İsa Həbibbəyli bu gün Çin, Belarus, Polşa və s. ölkələrin elmlər akademiyalarında innovativ fəaliyyətin geniş vüsət aldığını və müasir akademiyaları bunsuz təsəvvür etməyin mümkünsüz olduğunu diqqətə çatdırıb.

Çıxışını postpandemiya dövrünün çağırışları, humanitar və ictimai elmlərin vəzifələri mövzusunda davam etdirən alim AMEA rəhbərinin sözügedən məsələ ilə bağlı açıqlamasını xatırladıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən Fəlsəfə və İqtisadiyyat institutlarına pandemiyanın yaratdığı sosial-psixoloji və iqtisadi problemlərin dərindən öyrənilməsi, postpandemiya dövrü ilə əlaqədar təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunması barədə tapşırıqlar verilib. İ.Həbibbəyli postpandemiya dövründə tibbi avadanlıqların, dərmanların ölkəmizdə istehsal edilməsinin zəruriliyini vurğulayıb, eləcə də pandemiya dövrünün qəhrəmanları olan həkimlərə, polislərə həsr olunan ədəbi əsərlərin yazılmasının önəmini bildirib.

Prezident İlham Əliyevin ölkəmizin pandemiyadan az itkilərlə çıxması istiqamətində ardıcıl və məqsədli addımlar atdığını xatırladan AMEA-nın birinci vitse-prezidenti Azərbaycan ziyalılarının bu siyasəti tam dəstəklədiyini söyləyib, postpandemiya dövrü ilə əlaqədar təkliflərin ümumiləşdirilərək Rəyasət Heyətinə təqdim edilməsi barədə tapşırıq verib.

Mövzu ətrafında akademiklər Möhsün Nağısoylu, Gövhər Baxşəliyeva, Teymur Kərimli, Muxtar İmanov, Şahin Mustafayev, Nərgiz Axundova, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Ərtegin Salamzadə, Könül Bünyadzadə, professorlar Nazim İmanov, İlham Məmmədzadə və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

İclasda, həmçinin ölkə başçısının "Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” və "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamları və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb. Müzakirələr nəticəsində görkəmli yazıçıların həyat və fəaliyyəti haqqında yeni nəşrlər hazırlanması, mətbuatda mütəmadi olaraq məqalələr dərc edilməsi və iyun ayında onlayn konfransların keçirilməsi qərara alınıb.

Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 2019-2020-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunaraq təsdiqlənib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70, akademik Ziyad Səmədzadənin 80, professor Maisə Rəhimovanın 75 illik yubileyləri münasibətilə müvafiq qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video