19 May 2020 00:29
689
DÜNYA
A- A+

Koronavirusla mübarizəyə dəstək əvəzinə etiraz aksiyaları


Belə hadisələr daha çox Avropada baş verir


Dünyanın hər yerində tüğyan edən yeni tip koronavirusun yayılmasını dayandırmaq üçün hökumətlər ictimaiyyətin dəstəyi ilə səylərini davam etdirir. Nəticə də özünü göstərir. Bəzi ölkələrdə gözəgörünməyən düşmən üzərində qələbə çalmaq mümkün olmuşdur.

Bir sıra digər ölkələrdə isə virusun törətdiyi fəsadların minimuma endirildiyi müşahidə olunur. Bu reallığı nəzərə alaraq səlahiyyətli hakimiyyət orqanları tətbiq olunmuş karantin tədbirlərini mərhələ-mərhələ, planlı şəkildə yumşaltmağı qərarlaşdırır. Koronavirusdan ən çox əziyyət çəkmiş ölkələr də belə istiqamət götürür. Hərçənd koronavirus epidemiyasının ikinci dalğasının gələcəyi istisna olunmur. Hətta bu bəlanın bəşəriyyətlə daim yaşayacağını iddia edən ekspertlər də var.

Pandemiyanın hansı tempdə davam edəcəyinə baxmayaraq, karantin məhdudiyyətlərinin yüngülləşdirilməsi anlaşılandır. Çünki bir tərəfdən, iqtisadiyyatın dayanmış vəziyyətdə qalması sonsuzluğadək davam edə bilməz, axı cəmiyyətin gələcəyini də düşünmək lazımdır. Digər tərəfdən, insanları davamlı olaraq evdə təcrid vəziyyətində saxlamaq olmaz: uzun müddət evdə qalanların, xüsusilə yaşlı adamların düşdüyü psixoloji vəziyyəti təsəvvür etmək çətin deyil.

Bununla yanaşı, koronavirus pandemiyasının davam etdiyi vəziyyətdə bütün karantin tədbirlərini bütünlüklə ləğv etmək olmaz - fəsadlar ağır ola bilər. Nə qədər qəribə olsa da, belə istəkdə olanlar az deyil. O da qəribədir ki, bu istəyin sahibləri daha çox Avropada peyda olurlar.

Ötən şənbə günü qoca qitənin bir neçə ölkəsində hökumətlərin tətbiq etdiyi karantin tədbirlərinə qarşı çıxanlar növbəti dəfə kütləvi aksiyalar keçirdilər, halbuki koronavirus pandemiyası fonunda kütləvi toplantılar müvəqqəti olaraq qadağan edilmişdi. Nümayişçilər fərqli tələblər irəli sürmüşdülər. Polşanın paytaxtı Varşavada yüzlərlə sakin küçəyə çıxaraq özlərinin vətəndaş hüquqlarının pozulmasına etiraz etmiş, həmçinin iddia etmişlər ki, hökumət koronavirusun doğurduğu böhran şəraitində vətəndaşlara kifayət qədər maliyyə yardımı göstərmir. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalmışdır.

Rumıniyanın paytaxtı Buxarestdə hökumətin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə etiraz əlaməti olaraq yeni aksiya keçirilmişdir. Nümayişçilər koronavirusun mövcudluğunu, həmçinin COVID-19-a yoluxma və ölüm halları barədə yayımlanan məlumatların dəqiqliyini təsdiqləyən dəlillər ortaya qoymağı tələb etmişlər. Onlar məhdudlaşdırıcı tədbirlərin Konstitusiyanı pozmaqla tətbiq olunduğunu iddia edir, ziddiyyətli qanunvericiliyi və mətbuatın senzuraya məruz qalmasını tənqid edirdilər. Özü də mitinq üç nəfərdən çox adamın bir yerdə toplaşmasının qadağan olunmasına baxmayaraq keçirilmiş, nümayişçilər maska taxmamış, əlcək geyməmiş, sosial məsafəyə riayət etməmişdilər.

Almaniyanın müxtəlif bölgələrində məhdudlaşdırıcı tədbirlərin əleyhinə minlərlə vətəndaşın iştirakı ilə çoxsaylı etiraz aksiyaları keçirilmiş, həm də ifrat sağçılar bu nümayişlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərmişlər. Aksiyalara qatılanların əksəriyyəti ölkə Konstitusiyasına hörmət edən vətəndaşlar idilər. Lakin Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin sədri Tomas Haldenvanq yaranmış vəziyyətdən narahatlığını gizlətmir. O, ehtiyatlanır ki, cəmiyyətdə düşmən obrazı kimi tanınan və dövləti parçalamağa çalışan sağçı ekstremistlər günlərin birində bu etiraz aksiyalarına başçılıq edə bilərlər: "Biz narahatlıqla belə bir tendensiya müşahidə edirik ki, ekstremistlər, xüsusilə sağçılar "miqrasiya böhranı” ilə yanaşı, nümayişlərdən öz məqsədləri üçün istifadə edirlər”. Onun dediyinə görə, sağçı ekstremistlər müəyyən qrup vətəndaşları ələ almaq üçün yollar axtarır və tərəfdarlarını etiraz aksiyalarında fəal iştirak etməyə çağırırlar.

Şimali Reyn-Vestfaliya vilayətinin Daxili İşlər naziri Herbert Royl da etiraz hərəkatının doğura biləcəyi təhlükəni vurğulayır. Onun dediyinə görə, "qoyun dərisi geymiş çoxsaylı canavarlar etiraz aksiyalarına qoşularaq antidemokratik şüarlar səsləndirib cəmiyyətin qəlbinə girməyə çalışırlar”. Royl qeyd etmişdir ki, Şimali Reyn-Vestfaliyada "koronavirus” etirazları zamanı müxtəlif qruplaşmaların üzvləri, o cümlədən ekstremistlər diqqəti özlərinə cəlb etmişlər. Oxşar vəziyyət Baden-Vürtemberq vilayətində də müşahidə olunmuşdur.

Qeyd etmək lazımdır ki, Almaniyada COVID-19-dan ölənlərin sayı əksər Avropa ölkələri ilə müqayisədə xeyli azdır. Buna baxmayaraq, Federal Kansler Angela Merkel karantinin davam etməsini lazım bilir. Onun fikrincə, məhdudlaşdırıcı tədbirlər infeksiyanın yayılmasını dayandırmağa və epidemiyanın ikinci dalğasının qarşısını almağa kömək edər. Amma ölkə vətəndaşlarının heç də hamısı Merkelin mövqeyini qəbul etmir.

Belə bir şəraitdə Almaniya iqtidarı bir tərəfdən, koronavirus epidemiyasının fəsadlarının artmasından əndişələnir, digər tərəfdən isə, vahid mərkəzdən idarə olunmayan etiraz aksiyalarında liderliyin radikalların əlinə keçməsindən ehtiyatlanır. Hələliksə hökumət vətəndaşlara təkrar-təkrar xəbərdarlıq etməli olur: dinc kütləvi aksiyalar insanların öz fikirlərini ifadə etməsi üçün lazımdır, amma bu, nümayişçiləri həmvətənləri qarşısında məsuliyyətdən azad etmir. Paradoksal haldır ki, ölkə sakinləri hökumətin siyasi xəttini ümumən dəstəkləsələr də, keçirilmiş rəy sorğularının nəticələrinə görə, karantin tədbirlərini bəyənənlərin sayı get-gedə azalır.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video