06 Aprel 2020 17:46
844
İQTİSADİYYAT
A- A+

Hesablama Palatası pandemiya ilə mübarizə şəraitində büdcə parametrləri ilə bağlı təkliflər hazırlayıb

Dünyanı bürüyən COVID-19 pandemiyasının həyatın bütün aspektlərini öz təsiri altına alması hər bir ölkənin öz imkanlarına yenidən baxmasını və gələcək prioritetlərini bir daha gözdən keçirməsini zərurətə çevirib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni şəraitin yaratdığı şərtlər, fəsadların aradan qaldırılması istiqamətində atılan addımlar və postpandemiya dövründə zəruri olan tədbirlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- İlk olaraq Hesablama Palatasının cari fəaliyyətinin təşkili və sonrakı dövr üçün planları barədə danışaq.

- Pandemiya əlbəttə, bir dövlət qurumu olaraq bizim də fəaliyyətimizə təsir göstərib. Biz fəaliyyətimizi qəbul edilmiş qərarlar çərçivəsində qurmuşuq, belə ki, "evdən iş” prinsipinə keçmişik. Aydındır ki, 2020-ci il üçün İş planına yenidən baxmaq zərurəti yaranacaq. Biz, planlaşdırılmış tədbirlərin tam olaraq həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Ötən ildən tətbiq etməyə başladığımız AFİS proqramı audit fəaliyyətinin bütün mərhələlərinin distant idarə olunması imkanlarını da yaradır. Cari ildə başlanılan auditlərin bu şəraitdə başa çatdırılmasına çalışırıq.

İş planına yenidən baxılan zaman diqqətimizdə beynəlxalq təcrübədə ali audit orqanlarının tətbiq etdiyi yanaşmaları öyrənməklə bu şəraitdə üstünlük verilən nəzarət metodları və istiqamətləri də olacaq. Pandemiya ilə mübarizə istiqamətində icra olunan vəsaitlərin nəticəliliyinin səmərəlilik (performans) auditindən istifadə etməklə qiymətləndirilməsi məsələləri diqqətdə saxlanılacaq.

Biz öz "Facebook” səhifəmizdə pandemiya şəraitində xarici dövlətlərdə ali audit orqanlarının öz fəaliyyətini necə təşkil etməsi ilə yanaşı, hansı məsələlərə diqqət yetirəcəyi barədə kiçik arayış yerləşdirmişik. Sizə də minnətdaram ki, ilk olaraq mətbuat səhifələrində bu məlumatları təqdim etdiniz.

- Pandemiya vətəndaşın həyatı ilə bağlı təhlükələr yaradır, lakin bunun həyat səviyyəsi göstəricilərinə də təsiri olacaq.

- COVID-19 pandemiyasından yəqin ki, ən çox zərər görən sahə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da sosial sahədir. Əlbəttə, pandemiya məşğulluq imkanlarını məhdudlaşdırıb ki, bu da gəlir əldə etmə imkanlarının məhdudlaşması deməkdir. Son dövrlərdə kölgə iqtisadiyyatı ilə aparılan əhəmiyyətli mübarizə tədbirləri fonunda gizli iqtisadiyyatın azalması müşahidə olunsa da, bu hal hələ də tam aradan qaldırılmayıb və işlər davam edir. Əlbəttə ki, mövcud və yüksələn qeyri-müəyyənlik, azalan tələb ilk növbədə bu tip iqtisadi fəaliyyətdən gəlir əldə edənlərin maddi vəziyyətinə təsir edəcək. Digər tərəfdən, yalnız həyat üçün zəruri hesab edilən obyektlərin işləməsinin sahibkarlığa nəzərəçarpacaq dərəcədə ziyan vuracağı qaçılmazdır.

Makrofiskal şəraitdə atılan addımlar üzrə ilk olaraq qeyd edək ki, dövlətimizin addımları zamana və şəraitə uyğun olaraq operativ şəkildə atılıb. Belə ki, ayrı-ayrı ölkələrin hazırkı təcrübəsi (ABŞ, Fransa, Rusiya, Honkonq və sair) nağd pul vasitəsilə əhali və biznesin maddi maraqlarını qarşılamağa çalışır. Hətta sosial həssas qruplara aylıq və davamlı ödənişlər edilir. Bu şəraitdə dövlətimiz tərəfindən atılan addımların mərkəzində məhz vətəndaşların sosial rifahının dəstəklənməsi durur. Bu, qəbul edilmiş Tədbirlər Planında aydın şəkildə öz əksini tapıb. Pul vəsaitlərinin inflyasiya təsiri ilə bağlı səsləndirilən gözləntilərə cavab olaraq qeyd edim ki, cari şərtlərdə bu, aktual deyil, belə ki, hazırda prioritet məsələ ölkə vətəndaşlarının həyat səviyyəsinin qorunmasıdır və atılan addımlar da bu istiqamətdədir. Koronavirusla mübarizəyə yönəldilən vəsaitlər, hesab edirik ki, cari il üçün ÜDM-in 5 faizindən çox olacaq.

- Cari şərtlərin büdcəyə təsirlərini qısa şəkildə icmallaşdırmaq olarmı?

- Gəlirlər barədə danışsaq, qeyd edək ki, pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.

Xərclərə təsirinə gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir.

- Büdcəyə yenidən baxılması zərurəti daxilində ali audit orqanı olaraq Hesablama Palatasının təklifləri barədə danışaq.

- İlk olaraq deyim ki, Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq.

Göndəriləcək təkliflərin hökumətin fəaliyyətinə faydalı olması və bu ağır sınaqdan az itkili çıxmasına səbəb olacağı qənaətindəyik.

- Hesablama Palatasının təklifləri barədə nələri xüsusi qeyd etmək istərdiniz.

- Yenə də ilk olaraq gəlirlər barədə. Qeyd etdiyim kimi, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir. Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.

Aydındır ki, gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır.

Düşünürük ki, Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq.

Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik.

İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir.

Təkliflərimizdən biri də real sektorda azad rəqabətin və özünüreallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır.

Digər bir tərəfdən, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər.

Prezident İlham Əliyev tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının "evdə qal” prinsipindən "qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq.

Cari şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az "təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib.

Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar.

- Beynəlxalq təcrübə göstərir ki, xüsusi şərtlər, o cümlədən yaşadığımız pandemiya şəraitində dövlətin müxtəlif addımlar atmasını zərurətə çevirir. Azərbaycanda bu məqsədlə hansı digər tədbirlər Hesablama Palatası tərəfindən tövsiyə edilə bilər?

- Qeyd edim ki, Beynəlxalq Valyuta Fondunun ekspertləri, ümumiyyətlə, bu şəraitdə dövlətlərin iqtisadiyyata büdcə vasitəsilə fəal müdaxiləsini zəruri hesab edir. Bu ilk növbədə, baş verən pandemiyanın çox ağır fəsadları ilə əlaqələndirilir. Bu böhran digərlərindən tamamilə fərqlənir və ekspertlər tərəfindən bu şərait daha çox "müharibə” kimi dəyərləndirilir.

Beynəlxalq Valyuta Fondu həyata keçirilməli tədbirləri 3 istiqamət üzrə qruplaşdırır.

• Həyati əhəmiyyət kəsb edən sektorların fəaliyyətinin bərpası;

• Böhrandan əziyyət çəkənlərə zəruri həcmdə resursların təqdim edilməsi;

• İqtisadiyyatın daha dərin fəsadlarla üzləşməsinin qarşısının alınması.

Təcrübənin araşdırılması ali audit orqanları tərəfindən aşağıdakı məsələlərin diqqətdə saxlanıldığını göstərir:

• sosial ehtiyacların ödənilməsinə yönəldiləcək xərclərin sərhədlərinin genişləndirilməsi məqsədilə yeni potensialların formalaşdırılması, bunun üçün xərclərin faydalılığının artırılmasına daha çox xidmət məhsuldar xərclərin dəstəklənməsi fonunda səmərəlilik, nəticəlilik və qənaətlilik üçlüyünə üstünlük verilməsi;

• maddi artımlar ilkin mərhələdə əməkhaqqı və müavinət artımı kimi olsa da sonradan daha çox iqtisadi artıma hədəflənən sosialyönümlü addımların dəstəklənməsi, başqa sözlə yeni iş yerlərinin yaradılması və mövcud iş yerlərini qoruyub saxlayacaq şirkətlərin dəstəklənməsi, son nəticədə büdcənin iqtisadi artımın mənbəyinə çevrilməsi məqsədilə xərclərin strukturunun sosial faydalılığa hədəflənməsi;

• Xarici valyutada alınan borcların mümkün təhdidlər fonunda "təhlükəli” olması baxımından əsasən daxili borclanmaya üstünlük verməklə, həmçinin işçi sayı və əhatəsi böyük olan dövlət müəssisələrinə qısa müddətli daxili borclanma dəhlizini açmaqla xarici borclanma imkanlarının minimallaşdırılması, son nəticədə məcmu dövlət borcunun strukturun dəyişməsi.

Beləliklə də, pandemiyanın sərhədlərinin qlobal olması hər bir ölkədə atılan addımların eyni məqsədə xidmət etdiyini qeyd etmək imkanı verir. Bu baxımdan ümumiləşmə apararaq diqqətə çatdırım ki, cari şərtlər daxilində fəaliyyətimizin davamılılğını təmin etməklə beynəlxalq yanaşmaların öyrənilməsi və daha yaxşı təcrübələrin seçilməsinə üstünlük verəcəyik. Belə ki, bir dövlət qurumu və bu ölkənin vətəndaşları olaraq məqsədimiz Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bu problemin doğurduğu fəsadların daha az ağrı və ziyanla aradan qaldırılmasında fəal iştirak etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video