03 Aprel 2020 15:50
431
CƏMİYYƏT
A- A+

Bəşəriyyətin yaşam harayı: Evdə qal!


1 milyondan çox insanın canına "sancılan”, 50 mindən çox şəxsin həyatını alan taclı bəla – koronavirus planetimizi cənginə almaqda davam edir. O nə ağdərili bilir, nə qaradərili, böyük-kiçik, cavan-qoca, varlı-kasıb da saymır. İrq, yaş, ölkə, sərhəd tanımadan yayılmağa, yoluxmağa davam edir. Dünyanın super gücləri, inkişaf etmiş ölkələri, müasir tibb aləmi, ən yüksək texnologiyalar, avadanlıqlar, nanotexnologiya belə, koronavirusun qarşısını ala bilmirlər. Necə deyərlər, bütün dünya bu kiçicik mikroorqanizm qarşısında acizanə şəkildə diz çökməyə davam edir.

Acı da olsa etiraf edək ki, koronavirusla bağlı vəziyyət getdikcə daha pis ssenari üzrə inkişaf edir. İnsan oğlu real təhlükə mərhələsinə qədəm qoyub. Yoluxmaların və ölümlərin sayı anbaan artır. Hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır. Müasir xəstəxana və tibbi avadanlıqlara malik dövlətlər belə, vətəndaşlarını qorumaqda acizdirlər. Vəziyyət o qədər kritik hal alıb ki, xəstəxanalarda boş yer qalmayıb, süni nəfəs aparatları çatışmır, virusa yoluxmuş xəstələr arasında seçim aparılır, yaşı çox olan xəstələr qəbul edilmir, ölümlə üz-üzə buraxılır...

Ölkəmizdə də bu cür vəziyyətin yaranmaması üçün hökumət tərəfindən hər cür imkanlar səfərbər edilib. Dövlətin bütün potensialı koronavirus infeksiyası ilə mübarizəyə yönəlib, lazımi tədbirlər həyata keçirilir. Lakin bu tədbirlərin səmərəli olması üçün ən böyük məsuliyyət vətəndaşların öz üzərinə düşür. Xüsusi karantin rejimi tətbiq olunsa da, tədbirlər sərtləşdirilsə də, bəzi vətəndaşlar hələ də bu xəstəliyi ciddiyə almır, qoyulan qaydalara, qadağalara ciddi riayət etmirlər. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də tanımadıqları insanları risk altına qoyurlar. Elə ona görə də dünən Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olundu. Prezident İlham Əliyevin də dediyi kimi, "indiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik”.

Bəli, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür - vətəndaşları maksimum dərəcədə qorumaq və bu ağır sınaqdan az itkilərlə çıxmaq. Lakin xəstəliklə mübarizədə müsbət nəticələrə nail olmaq üçün təkcə dövlət tərəfindən görülən işlər kifayət deyil. Həyata keçirilən tədbirlər vətəndaşların qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər.

İnsanlar təhlükəni, məsələnin ciddiliyini nəzərə almalı, qoyulan qaydalara riayət etməklə özlərinin, ailələrinin, yaxınlarının sağlamlığını, həyatını qorumalıdır. Unutmayaq ki, hər məsuliyyətsizlik, hər qayda pozuntusu koronavirusa yoluxmaq və nəinki öz canını, ətrafdakıların da həyatını təhlükəyə atmaq deməkdir. Bu gün dünyanı təşvişə salan bu dəhşətli virusdan ən yaxşı qorunma yolu, mübarizə üsulu özünütəcriddir. Yalnız məsuliyyətli, vicdanlı olmaqla, gərəksiz yerə evdən çölə çıxmamaqla, özünütəcrid qaydalarına əməl etməklə bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik.

Bu, artıq bütün bəşəriyyətin yaşam harayına çevrilib: Evdə qal!

Evdə qalaq – sağlam qalaq!


Xəyalə MURADLI,

"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video