03 Aprel 2020 13:29
760
İQTİSADİYYAT
A- A+

Xəzər neftçisi iş başındadır!


Dənizdəki neft-qaz yataqlarında iş davam edirmi? İndi bu sual çoxlarını maraqlandırır. Bəli, Xəzər neftçisi əmək növbəsindədir! Fədakar həkimlərimiz, polis işçilərimiz, digər zəruri sahələrin əməkdaşları kimi qəhrəman neftçilərimiz də iş başındadırlar.

Təsadüfi deyil ki, aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkət rəhbərliyinin nümayəndələri ilə əfsanəvi Neft Daşlarında olub. Burada onlar əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə tanış olublar. Neft və qazçıxarma idarələrinin rəhbər şəxslərinin məruzəsi dinlənilib. Dəniz şəhərində istehsalat sahələrinə baxış keçirən SOCAR prezidenti deyib:

- Əslində mən gündə bir neçə dəfə dəniz obyektlərimizdən məlumat alıram. Nə qədər məlumatlı olsam da və hər şeyin yaxşı olduğuna inansam da, vəziyyətlə şəxsən tanış olmaq üçün bu gün sizinlə görüşmək istədim. Gəldim ki, hər şeyi yerində, öz gözlərimlə görüm və bir daha əmin olum ki, uzadılmış növbə rejimində işçilər üçün hər cür şərait yaradılıb. Mən uzadılmış növbə rejiminin nə qədər çətin olduğunu bilirəm. Xüsusilə özüllərdə 15 gündən çox qalmaq çox çətindir. Amma təşəbbüsün sizin tərəfdən gəlməsi çox təqdirəlayiqdir. Sizin bu təşəbbüsünüz alqışlanmalıdır. Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və aprelin 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək. Sizə bu fədakarlığınıza görə təşəkkür edirəm.

Xatırladaq ki, dəniz platformalarında koronavirusun yayılmasına yol verməmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 101-ci maddəsinə, SOCAR ilə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarına əsasən, SOCAR-ın dəniz obyektlərində növbə metodlu iş rejimi ilə çalışan işçilərinin iş qrafiklərində dəyişiklik edilərək 15 günlük iş rejimi ilkin olaraq 1 ay müddəti ilə əvəz edilib, daha sonra isə 2 aylıq iş rejimi müəyyən olunub.

COVID-19-la bağlı şirkətin dəniz obyektlərindəki bütün istehsalat sahələrində və inzibati binalarında mütəmadi dezinfeksiya işləri aparılır. İşçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanıb və işçilər arasında yayılıb. Bütün iş sahələrində əməkçilərlə maarifləndirici söhbətlər aparılıb və bu istiqamətdə tədbirlər davam etdirilir.

SOCAR-ın müəyyən edilmiş işçilərinin, xüsusilə aidiyyəti rəhbər işçilərinin Novruz bayramı günlərində də iş başında olduqları Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda da qeyd edilmişdi. İndi də bir çox digər qurumlarla yanaşı, şirkətin fəaliyyət sahələrində, o cümlədən dəniz obyektlərində istehsalat əməliyyatları tam gücü ilə davam edir və epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

Neft Daşlarına səfəri zamanı R.Abdullayev əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tez bir zamanda pandemiya təhlükəsini dəf edəcək və birliyimiz, həmrəyliyimiz sayəsində çətinliklərə qalib gələcək. Neftçilərimiz onlara bəslənən etimadı həmişə olduğu kimi, öz işləri ilə doğruldacaq, bu sınaqdan da alnıaçıq-üzüağ çıxacaqlar.

Flora Sadıqlı,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video