02 Aprel 2020 14:09
915
Mədəniyyət
A- A+

Ən tələbkar oxucular


2 aprel - Beynəlxalq uşaq kitabı günüdür


Uşaq ədəbiyyatı gününün qeyd olunması üçün tarix təsadüfən seçilməyib. Belə ki, 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersen dünyaya gəlib. Beynəlxalq uşaq kitabı gününün bu tarixdə keçirilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub.
1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən aprelin 2-si Beynəlxalq uşaq kitabı günü kimi təsis edilib. Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltmək bu əlamətdar günün keçirilməsində əsas məqsəddir.
Onu da qeyd edək ki, uşaq ədəbiyyatı üzrə Nobel mükafatı olan "Hans Xristian Andersen” mükafatının təsis edilməsi təklifini hələ 1953-cü ildə Yella Lepman irəli sürüb. Həmin il təsis olunan mükafat uşaq ədəbiyyatı xəzinəsinə ən maraqlı əsərlər bəxş edən müəlliflərə dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı-rəssama təqdim edilib.
Uşaq kitablarının tarixinə gəlincə, 1477-ci ildə antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi bu sahədə ilk addım sayılır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib. Kiçikyaşlıların öz zövqlərinə görə kitab seçmək imkanı XVIII əsrdən yaranmağa başlayıb. D.Defo və C.Sviftin "Robinzon Kruzo” və "Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Həmin əsərlər, eləcə də Yakov və Vilhelm Qrimm qardaşlarının, Hans Xristian Andersenin qələmə aldığı nağıllar bu gün də çox sevilir.
Zaman irəlilədikcə şifahi xalq ədəbiyyatı nümunələri də unudulmayıb, toplanılaraq qələmə alınmağa başlanılıb. Uşaq ədəbiyyatının ilk nümunələri beləcə, yaddaşlardan kitablara köçürülüb.
Azərbaycan uşaq ədəbiyyatı da hələ yazının kəşf olunmadığı dövrlərdə meydana çıxıb. Sonralar, xüsusilə orta əsrlərdə yeni nəslin tərbiyəsinə müsbət təsir göstərən əsərlər qələmə alınsa da, bu sahədə boşluq yaranıb. Ədəbiyyatşünas alim Xeyrulla Məmmədov qədim və orta əsrlərdə Azərbaycan uşaq ədəbiyyatının yoхluğunu ХIХ əsrin birinci və ikinci yarısında məktəblərin dərs və oхu kitablarına yaranmış ehtiyacını təmin etmək məqsədilə klassik irsə müraciət edən və orada məqsədə müvafiq bir şey tapa bilməyib əliboş geri qayıdan maarif və ədəbiyyat хadimlərinin fikirlərinin də təsdiq etdiyini yazıb.
Ümumiyyətlə, XIX əsri uşaq ədəbiyyatının "qızıl əsr”i hesab edirlər. XIX-XX əsrlərdə Azərbaycanda da uşaq ədəbiyyatının inkişaf yolu diqqətəlayiqdir. Həmin dövrdə uşaq və gənclərin bir şəхsiyyət kimi formalaşması üçün maarifçi-yazıçılar bir sıra maraqlı uşaq əsərləri yaradıblar. X.Məmmədov qeyd edib ki, qələmə alınmış müхtəlif janrlı bu əsərlər sonrakı illərdə yazılan uşaq əsərlərinin məzmun və formaca zənginləşməsinə, müstəqil sahə kimi genişlənməsinə səbəb olub. Uşaq ədəbiyyatının sonrakı dövr inkişaf mərhələsində Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Süleyman Sani Aхundov, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq və başqalarının adları xüsusi qeyd olunmalıdır. Mirzə Ələkbər Sabirin "Uşaq və buz”, "Məktəb şərqisi”, Abbas Səhhətin "Yaz səhəri”, Süleyman Sani Axundovun "Qaraca qız” və digər əsərlər maraqlı, məzmunlu olduğu qədər də, oxunaqlığına, dilinin rəvanlığına, görə dəyərlidir. Bu ədəbi-bədii nümunələr uşaqların yaddaşında silinməz iz buraxır.
Oxu mədəniyyəti və vərdişi uşaqlıqdan aşılanmalıdır. Bu məsələdə həm ailənin, həm də məktəbin rolu danılmazdır. Pedaqoqlar uşaqların əvvəlcə kitablara bir oyuncaq kimi yanaşdıqlarını nəzərə çatdırırlar. Onlar, sadəcə, kitabın səhifələrini vərəqləməkdən xoşlanırlar. İki yaşından başlayaraq uşaq rəsmli, əlində tuta biləcəyi kiçik kitablara maraq göstərir. Üç-dörd yaşlı uşaqlar isə onlara rəsmli nağıl kitablarının oxunmasını istəyirlər. Valideynlər övladlarının həmin yaşlarında bu məsələdə çox diqqətli və həssas olmalıdırlar. Uşaqlar bir kitaba alışdıqca nağılı başa düşməyə səy göstərirlər. Oxu mədəniyyəti və vərdişləri yarandıqca onların söz ehtiyatı zənginləşir, zehni inkişaf edir. Uşaqlar üçün yazmaq böyük məsuliyyət, həssaslıq tələb edir.
Doğrudur, onların həyat təcrübələri, mütaliələri böyüklər qədər zəngin deyil. Ancaq özlərinə məxsus həssaslıqla səmimiyyəti duya bilirlər. Odur ki, uşaqlar üçün yazılan əsərlər təbiiliyi, dilinin aydınlığı, səlistliyi, dolğun məzmunu ilə seçilməli, düşündürücü olmalıdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video