02 Aprel 2020 10:16
406
CƏMİYYƏT
A- A+

Rayon sakinləri inanırlar ki, tezliklə ata-baba yurdlarına qayıdacaqlar


​Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər rayonu təkrarsız təbiəti, zəngin yeraltı və yerüstü ehtiyatları ilə dünyada analoqu olmayan canlı bir təbiət muzeyidir. Uca dağlar, laçın qayalar, buz bulaqlar, zümrüd yaylaqlar, müalicəvi bitkilər Kəlbəcərin təbiətini xarakterizə edən başlıca cəhətlərdəndir.

​Heç təsadüfi deyildir ki, XIX əsrdə Qafaz geologiyasının məşhur tədqiqatçısı olmuş V. Abix yazırdı ki, ancaq o kəs İsveçrənin gözəlliyinə heyran ola bilər ki, Tərtər çayı boyunca səyahət etməmişdir.

​Qeyd etmək lazımdır ki, vaxtilə Kəlbəcərin mağara düşərgələrindəki mötəbər arxeoloji qazıntılar sübut edib ki, ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu isə 4 milyon ildən artıq bir tarix deməkdir. Mütəxəssislər "Kəlbəcər” toponiminin mənşəyinin qədim türk dilində "Kevliçer”-"çay üstündə qala” demək olduğunu təsdiq ediblər.

​Strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər rayonu coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşir və o, ermənistanla 136 kilometr, Dağlıq Qarabağla isə 96 kilometr sərhddə malikdir.

​Kəlbəcər bölgəsi zəngin və çeşidli sənaye tutumlu muneral-xammal ehtiyatlarına malikdir. Bu ərazi sənaye ehtiyatları ilə yanaşı, qızıl, xromit, volfran, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, azbest daşları, mineral boyalar və digər qiymətli ehtiyatlarla zəngindir.

Kəlbəcərdə həmçinin içməli şirin su mənbələri ilə də çoxdur. Burada 3000-dən çox bulaq, 300-dən artıq narzan və mineral su mənbələri mövcuddur. Bundan başqa ərazidə 412 növ mineral su və 17 isti su mənbəyi var. Kəlbəcər isti suyu öz müalicəvi əhəmiyyətinə və tərkibinə görə məşhur Karlovi Varinin eynisidir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən İstisu kurortunda erməni işğalından qabaq hər il minlərlə insan həm istirahət edir, həm də müalicə olunurdu.

Lakin 1988-ci ildən Azərbaycana qarşı aparılan torpaq iddiası bu qədim və zəngin diyarın da işğalı ilə nəticələndi. Rayon sakinləri doğma torpaqlarını qorusalar da, qeyri bərabər döyüşlərdə ermənilər öz havadarlarının köməyi ilə rayonu zəbt etdilər. Nəticədə Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər ermənilərin nəzarətinə keçdi. Nəticədə 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü, 58 min rayon sakini öz ata-baba yurdundan didərgin düşdü. İşğal nəticəsində Kəlbəcərin130 yaşayış məntəqəsi yerlə yeksan edildi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13000 fərdi ev dağıdıldı, 37852 hektar meşə sahəsi, təbii ehtiyatlar talan edildi.

Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsi başlayan andan ermənilər Kəlbəcərə böyük maraq göstərirdilər. Məhz bunun nəticəsidir ki, 1993-cü ilin mart ayından etibarən erməni hərbi birləşmələri tez-tez bu rayona hücumlar edir, Dağlıq Qarabağ üçün strateji mövqeyə malik Kəlbəcəri ələ keçirmək istəyirdilər. Lakin rayonun igid oğlanları silaha sarılaraq düşmənin həmlələrini dəf edir, onlara ağır zərbələr vururdular. Lakin qeyri bərabər döyüşlərdə tab gətirməyən Azərbaycan könüllüləri məcburiyyət qarşısında qalıb,rayonu tərk etdilər. Nəticədə rayon erməni hərbi birləşmələrinin nəzarətinə keçdi. Gərgin keçən döyüşlər zamanı çoxlu sayda maddi-mədəniyyət abidələri məhv edildi. Belə ki, rayonunVəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayı ilə Bulanıq çayınqovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndindəki qala, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü kəndində Seyid Əsədulla ziyarətgahı və digər onlarla mədəni-tarixi abidələr dağıdılaraq məhv edildi.

İşğal zamanı sakinlər öz ata-baba yurdlarından didərgin düşərək respublikamızın 70-ə yaxın şəhər və rayonlarına pənah gətirərək həmin ərazilərdə məskunlaşdılar. Heç bir məişət şəraiti olmayan həmin binalarda minbir əziyyət çəkərək yaşayan bu insanlar nəhayət ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra yeni həyata başladılar. Ümummilli liderin başladığı bu iş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkəmizin müxtəlif ərazilərində yeni qəsəbələr salınmaqla məcburi köçkünlər həmin evlərə köçürüldülər. Belə qəsəbələrdən biri də Gəncədə salındı ki, bu qəsəbədə1500 məcburi köçkün ailəsi yerləşdirildi. 60 hektar sahədə yerləşən qəsəbədə hər bir infrastruktur yaradılmışdır ki, bunun da nəticəsində insanlar məişət rahatlığı ilə təmin edilmişlər.

O dəhşətli günləri öz gözləri ilə görən və o ağır günləri yaşayanlardan biri də Musa Əzizovdur. Söhbət zamanı bildirdi ki, onun ailəsi də uzun çəkən əzab-əziyyətdən sonra bu qəsəbədə mənzillə təmin edilib. Uzun illər Kəlbəcərdə müəllimlik edən, sonralar isə jurnalistliklə məşğul olan Musa Əzizov deyir ki, sağ olsun Prezidentimizi. Yeni salınan qəsəbədə ona iki otaqlı, oğluna üç otaqlı, həyat yoldaşı cəbhədə həlak olan bacısına isə bir otaqlı mənzil veriblər.

O qanlı-qadalı günlərdə başı müsibətlər çəkən 74 yaşlı rayon ağsaqqalı onu da dedi ki, əgər 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir Azərbaycanı hansı fəlakətlərgözləyirdi. Xalq artıq təngə gəlmişdi. Ölkə idarəolunmaz hala gəlmişdi. Belə bir dövrdə digər rayonlar kimi qədim yürdümüz olan Kəlbəcər də ermənilər tərəfindən işğal olundu. Yaxşı yadımdadır. Kəlbəcərin ağır günləri idi. Rayon hər tərəfdən təcrid olunduğundan respublikada baş verənlərdən məlumatsız idik.

El ağsaqqalı Elman Məmmədov da o ağır günləri heç vaxt unutmur. Deyir ki, o da rayon işğal olunanda Gəncəyə pənah gətirdi. Heç bir şəraiti olmayan sökülüb-dağılmış bir binada məskunlaşdı. 5 nəfər ailə üzvü ilə birlikdə kiçik bir otaqda yaşamalı oldu.Nəhayət ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyat onun da ailəsinin üzünə güldü. Onu Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə üç otaqlı mənzillə təmin etdilər. İndi ailəsi ilə birlikdə xoşbəxt ömür sürür.

Qəsəbəni qəzib-dolaşdıqca insanların üzündə yüksək əhval-ruhiyyə hiss olunur. Hamı müstəqil respublikamızda qazanılan uğurları ölkə başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsi kimi dəyərləndirir.

Qəsəbənin açılışında iştirak edən Prezident İlham Əliyevin Kəlbəcər sakini Ofeliya Məmmədovanın mənzilində olması, burada çay süfrəsi arxasında səmimi söhbət etməsi illər keçsə də kəlbəcərlilərin xatirəsindən silinmir. İndi Ofeliya xanımın güzəranı çox yaxşıdır. Ailə quran övladları da çox xoşbəxtdirlər. Lakin onlar qəsəbədə məskunlaşmalarını müvəqqəti hesab edirlər. Övladları bir yerə yığışanda yeganə söhbət Kəlbəcər haqqında olur. Onlar ata-baba yurdlarının tezliklə işğaldan azad olunacağı günü gözləyirlər. Bilirlər ki, o gün çox uzaqda deyil.


Sabir ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video