01 Aprel 2020 14:03
384
CƏMİYYƏT
A- A+

Dəhşətli qırğınların susan şahidi


Ermənizstanla Azərbaycanın sərhədindəki "Sümüktökülən dərə"nin sirləri açıldıqca daşnakların barbarlığı bir daha öz təsdiqini tapdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rəsmi İnstaqram səhifəsindəki paylaşımda deyilir: "Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

Xülya və qanlı qırğınlar tarixi

"Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayıb. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Soyqırımı qurbanlarının xatirəsinə indiki nəslin müqəddəs borcu...

Ümummilli lider Heydər Əliyev 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara,100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Kəlbəcərin "Dikyurd" və "Söyüdlü"

yaylaqlarındakı qırğınlar daha dəhşətli olub

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

31 mart tariximizə qanla yazıldı! Bu qanlı tarixi unutmağa heç birimizin haqqı yetməz! Çünki bu qanlı tarix azərbaycanlıların daşnak ermənilər tərəfindən soyqırımına məruz qaldığı gündür! Aşağıda konkret gətirəcəyimiz tarixi faktlar da bir daha onların vandalizm siyasəti yürütməsini təsdiqləyir.

Tarixi mənbələrə əsasən, 1918-ci il may ayının 4-də ermənilər gizli yolla Andronik Ozanyanın qoşununu Basarkeçər ərazisinə gətirərək həmin gecə qəflətən müsəlman kəndlərinə hücum ediblər. Şahidlərin söylədiklərinə görə, ermənilər kəndləri yandırır, talan edir, dinc əhalini isə işgəncələrlə qətlə yetiriblər. Aşıq Nəcəf də məhz həmin döyüşlər zamanı kürəyinə qaynar samovar bağlanaraq yandırılıb. Belə işgəncələrlə insanların (oxu: türksoyluların) qətlə yetirilməsi sanki ermənilər üçün bir əyləncə forması olub.

Göyçə mahalında 35 kənd Andronik Ozanyanın qoşunu tərəfindən tamamilə dağıdılıb, Basarkeçər ermənilərə qurban verilib. Müsəlman əhali o qədər qırılıb ki, kəlbəcərlilər onları dəfn etməyi çatdıra bilməyiblər.

Kəlbəcərə yaxın olan "Dikyurd" və "Söyüdlü" yaylaqlarındakı qırğınlar daha dəhşətli olub. "Sümüktökülən dərə" adlanan ərazi o illərin şahidi kimi göz dağına çevrilib. Həmin döyüşlərdə və qırğınlarda Göyçə mahalı 17 min nəfər əhalisini itirib...

Unudulmaz dəhşətdir ki, dağda qırılan göyçəlilərdən kimsə xəbər tutmayıb. Son illərə qədər sümüklə dolu olan o müdhiş yer "Sümüktökülən dərə" adı ilə coğrafi məkana çevrilib.

"Sümüktökülən dərə"nin dərdi "dil açıb" dilləndi

1918-ci ilin qışında erməni işğalçıları Kəlbəcərin şimalında yerləşən, o vaxt və sonralar da 32 kənddə qədim sakin olan azəri türklərini Kəlbəcər ərazisinə qovub, onların bütün var-dövlətlərini talan ediblər. O il qışın görünməmiş sərt keçməsi barədə şahidlərin təkzibolunmaz faktları bu gün də dildə-ağızda dolaşır. Təkcə onu demək kifayətdir ki, gecə ikən şiddətli boran və tufanda 3-4 yüz ailə ayaqyalın-başıaçıq dərin dağ dərəsində qarın altında qalaraq tamamilə qırılıb, salamat qalanlar isə Kəlbəcərin Basarkeçərlə həmsərhəd kəndlərinə sığınıblar.

Kəlbəcərin Ermənistanla həmsərhəd olması zaman-zaman torpaqlarının bir hissəsinin ermənilər tərəfindən zəbt olunmasına və ya keçmiş sovetlər birliyi dövründə yürüdülən məkrli siyasət nəticəsində "pay" verilməsinə gətirib çıxarıb. Kəlbəcər ərazisindəki yeraltı və yerüstü xəzinəyə görə o, daim özgələrin - yadellilərin tamahına səbəb olub.

Nəticə etibarilə onu söyləmək məcburiyyətindəyik ki, Azərbaycan torpaqlarını işğala məruz qoyan Ermənistan və onun hazırkı havadarlarının törətdiyi soyqırımı aktları bu kimi faktlarda öz təsdiqini tapsa da, ikili standartlı siyasət hələ də davam etdirilir. Qubada son illər aşkar edilmiş kütləvi qırğınların şahidi "açıq məzarıstanlar" Azərbaycanın, bütövlükdə isə türk dünyasının bütün ərazilərində mövcuddur. Belə faktlar Azərbaycanın təkcə şimalında və ya qərbində deyil, cənub və şərqində də yetərincədir. Biz onların yalnız biri barəsində məlumat verməklə erməni vəhşiliyi ilə bağlı fikrimizi əsaslandırmağa çalışdıq.


Məhəmməd NƏRİMANOĞLU

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video