01 Aprel 2020 13:16
999
CƏMİYYƏT
A- A+

Özümüzü qoruyaq


Dünya ən yeni tarixinin çətin sınaqlar dövrünü yaşayır. Ötən ilin sonlarından müxtəlif ölkələrdə işartıları görünməyə başlayan COVID-19 infeksiyası qlobal pandemiyaya çevrilərək bütün bəşəriyyət üçün böyük təhlükəyə çevrilib. Hazırda dünyanın əsas qayğısı bu çətinlikdən çıxış yollarını tapmaqdır.

Bakıda bu infeksiyaya yoluxmuş insanların müalicə olunduqları "Yeni klinika” tibb mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu vəziyyəti dünyanın yeni bir dövrə qədəm qoyması kimi xarakterizə etdi: "Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada biruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq”.

Dövlət vətəndaşların yanındadır

Baş verən son proseslər dövlətin, həmrəylik hissinin, milli birliyin cəmiyyət üçün nə qədər böyük dəyərlər olduğunu göstərdi. Güclü, çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq duyğusunun da qürurunu yaşatdı. Biz bunu pandemiya böhranının ilk günlərindən Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərdə gördük. Prezident İlham Əliyevin birbaşa nəzarəti, verdiyi tapşırıqlar əsasında həyata keçirilən çoxşaxəli tədbirlər göstərdi ki, ölkəmizdə istənilən vəziyyət idarə olunur. Dövlətimiz hər hansı böhran anını nizama salmaq gücündədir. Dövlətimiz xoş gündə də, çətin anlarda da öz vətəndaşının yanındadır. Vətəndaşın qayğıları dövlət üçün ümdə məsələdir.

Azərbaycan dövləti dünyanın ən ucqar məkanlarında xəstəlik xofu qarşısında narahatlıq keçirən vətəndaşlarımızın, xüsusən xarici ölkələrdə təhsil alan tələbə gənclərimizin ölkəmizə gətirilməsini təmin etdi. İnfeksiya riski daşıyan bütün insanların bir müddət karantin rejimində saxlanması üçün lazımi şəraiti yaratdı. Bu gün Azərbaycandakı karantin yerlərində mövcud olan vəziyyət, burada saxlanan insanlar üçün təmin edilmiş şərait, dünyadakı analoji məkanlar arasında, demək olar ki, ən yaxşılarındandır. İnfeksiya aşkarlanan şəxslərin müalicəsi, xəstəliyin ağır fəsadlarının, insan itkilərinin qarşısının alınması üçün dövlət lazımi tədbirləri görür. Son illər bütün ölkə boyu tikilmiş, yenidən qurulmuş böyük xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri buna imkan yaradır. Ümid edirik ki, məhz dövlətimizin gördüyü tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxmış ölkələrdən olacaq. Amma bu təkcə dövlətin işi deyil, vətəndaş olaraq hər birimiz də öz fərdi davranışlarımız, şəxsi məsuliyyət hissimizlə buna kömək göstərə bilərik və göstərməliyik. Ən böyük faydalarımızdan biri, təbii ki, ilk növbədə panikanın təsirinə düşməmək, qeyri-dəqiq, yanlış məlumatları yayıb çaşqınlıq yaratmamaq, rəsmi xəbərlərə istinad etmək və ona uyğun davranmaqdan ibarətdir.

Bəli, koronavirus pandemiyası bu gün dünya üçün böyük təhdiddir. Hazırda bu problemlə üzləşməyən ölkə, demək olar ki, yoxdur. Dünyanın kifayət qədər yüksək inkişaf səviyyəsinə malik İtaliya, İspaniya kimi ölkələri vəziyyət qarşısında aciz qalıb. Hər gün on minlərlə insan bu xəstəliyə yoluxur, minlərlə insan dünyasını dəyişir. Ümumən bütün dünyada çox mürəkkəb vəziyyət yaranıb. Azərbaycan hökuməti də vəziyyətin mürəkkəbliyini, böhranın ciddiliyini vətəndaşlarla açıq şəkildə bölüşür. Çünki başqa ölkələrdə vəziyyətin bu həddə gəlməsinin bir əsas səbəbi də rəylərə görə, insanların baş verənləri əvvəl-əvvəl ciddiyə almaması, karantin tədbirlərinə əməl etməməsi olub. Azərbaycan dövləti isə vətəndaşlarda məsuliyyət hissinin artırılmasından ötrü panika və ajiotaj yaratmayacaq səviyyədə vəziyyətin ciddiliyini çatdırır.

Pandemiya ilə mübarizə sahəsində görülən işlər mütəmadi qaydada əhaliyə təqdim edilir. İnsanlarımız ölkəmizdəki cari vəziyyət, xəstəliyə yoluxanların, sağalıb yenidən normal şəkildə cəmiyyətə dönənlərin, karantində olanların sayı barədə məlumatları müntəzəm qaydada əldə edə bilir. Ən doğrusu da budur, belə durumlarda ən effektiv yol mümkün qədər açıq olmaq, insanlara doğruları söyləməkdir.

Biz birlikdə güclüyük

Son günlərin mənzərəsi Azərbaycan vətəndaşının dövlətin həyata keçirdiyi siyasətə dəstəyini, cəmiyyətimizdəki milli həmrəyliyi də bir daha nümayiş etdirdi. Koronavorus infeksiyasına yoluxma hallarının azaldılması üçün ən effektiv təcrübə insanların bir neçə gün mümkün qədər bir-birindən təcrid vəziyyətində yaşamasıdır. Bu baxımdan, indi insanların səhhəti üçün ən etibarlı yer evlərdir. Ona görə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah müəyyən məhdudiyyət və qadağalar tətbiq edir. Vətəndaşlarımıza evdə qalmaq, zərurət olmadıqca küçəyə çıxmamaq, bir-biri ilə üzbəsurət ünsiyyətdən çəkinmək tövsiyə olunur. Bu qadağa və tövsiyələr bütün kommunikasiya kanalları vasitəsilə mütəmadi şəkildə əhalinin diqqətinə çatdırılır. Bunlar, hökumətin gördüyü tədbirlərdir, müəyyən etdiyi direktivlərdir və yerinə yetirilməsi hər birimiz üçün vacibdir. Hökumət vətəndaşları bu tələblərə əməl etməyə çağırır. Eyni zamanda, müsbət hal kimi vətəndaşların özlərinin də bir-birini bu tələbə əməl etməyə çağırdıqlarını görürük. "Evdə qal, Azərbaycan!” bu günlərin əsas davranış tərzinə çevrilib. Əksəriyyət bir-birinə evdə qalmağı tövsiyə edərkən, anlayır ki, bu hal çox müvəqqətidir. Tezliklə ötüb keçəcək və daha tez, ziyansız ötüşməsindən ötrü dövlətin tələb və tövsiyələrinə hamılıqla əməl etməliyik.

İnsanlar bu tələbləri nəzərə alır, əhalinin sağlamlığını qorumaqdan ötrü onların məcburiyyətdən irəli gəldiyini anlayır. Buna məhəl qoymayanlar isə kütləvi şəkildə qınanır. Cəmiyyət durumun ciddiliyini belələrinə də anlatmağı borc bilir. Vəziyyəti heç cür dərk etməyib özünü də, başqalarını da risk altına qoyanlara qarşı isə ciddi inzibati cəzəların tətbiq edilməsi zəruridir. Çünki hansısa şəxsin COVİD-19 infeksiyasına yoluxması təkcə bir nəfərin sağlamlığının pozulması deyil. Onunla təmasda olan onlarla insanın, doğmalarının, yaxınlarının da səhhətinin təhlükə altına düşməsidir. Ölkənin hər yerində bu xəstəliyə qarşı mübarizə aparan tibb işçilərimizin, digər aidiyyəti sənət sahiblərimizin işinin daha da artmasıdır, ümumən dövlətimizin yükünün bir xəstə sayı qədər də ağırlaşmasıdır. Əgər qaydalara əməl edilməzsə, vəziyyət ən pis ehtimallara doğru inkişaf edər, hamımız üçün böyük faciələrə gətirib çıxara bilər.

Qəhrəmanlıq nümunəsi

Hazırda ölkəmizdə pandemiya özünün, demək olar ki, ən təhlükəli mərhələsinə qədəm qoyub. Dövlət qurumları da bunu vətəndaşlardan gizlətmir. Yoluxma və ölüm hallarının sayı artmaqdadır və bundan sonrakı bir neçə gündə də çoxalacağı güman edilir. Bu mərhələdə lüzumsuz səbəbdən evdən çıxmaq, başqaları ilə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir.

Ona görə də bu günlərdə karantin rejiminə dəqiqliklə əməl etmək, bir sosial məsuliyyət hissidir. Mümkün faciələrin qarşısını almaqdır. Vətəndaşların dövlətə köməyidir. Milli həmrəylik mənzərəsidir. Çətin sınaqlar dövründə həmrəyliyə, milli birliyə nail olmaqdan ötrü hər kəsin üzərinə düşəni yerinə yetirməyə çalışmasıdır. Bu, belə də olmalıdır. Çünki biz birlikdə güclüyük. Heç bir çətinlik, problem, sınaq bu birliyin gücündən üstün deyil. Biz milli həmrəyliyimizin yaratdığı inamla, bir-birimizə qarşılıqlı dəstəyimizlə bu sınağı da tezliklə geridə qoyacağıq.

Biz böyük milli-mənəvi dəyərləri olan toplumuq. Əcdadlarımız bu dəyərləri xoş günlər qədər həm də çətin vədələrdə, ağır sınaqlar mühitində yaradıblar. Azərbaycan cəmiyyəti bu günlərdə öz milli və dövlətçilik dəyərlərini bir daha nümayiş etdirir. Müxtəlif xəstəxanalarda insanların həyatını xilas etməkdən ötrü gecə-gündüz bilmədən çalışan həkimlərimizin, infeksiyanın daha geniş əhatədə yayılmaması üçün xidməti borcunu fədakarlıqla yerinə yetirərək karantin rejimini təmin edən polis əməkdaşlarımızın, əsgər və zabitlərimizin yaratdıqları nümunə, böyük qəhrəmanlıq olmaqla yanaşı, həm də dəyərlərimizin təcəssümüdür.

Tarixin ibrət dərsi

Son günlər bunu çox tez tez düşünürəm: əgər min illərin təcrübəsinə, inkişaf nailiyyətlərinə baxmayaraq bəşəriyyət hələ də bir xəstəlik virusu qarşısında aciz qalırsa, onda bu qədər müharibələrə, qan-qadalara, insan övladının sərvət uğrunda bir-birinə qənim kəsilməsinə dəyərdimi?

Zamanın hər sınağı, əslində, tarixin bizə verdiyi böyük bir ibrət dərsidir. Bütün dünyanı bürümüş, qlobal iqtisadiyyatı sarsıtmış COVID-19 pandemiyasına bir də bu prizmadan baxmağımız lazım gəlir. Əlbəttə, tarix boyu baş vermiş saysız-hesabsız çətinliklər kimi bunu da tezliklə adladacağıq. Pandemiyanın həyatın müxtəlif sahələrində yaratdığı təsirlər qısa zamanda aradan qalxacaq. Bütün yaşananlar sadəcə bir xatirəyə dönəcək, getdikcə bizdən uzaqlaşan tarixə çevriləcək. Amma heç olmasa bu tarixin dərslərindən də nəticə çıxaraq. Anlayaq ki, Yer kürəsi hamımızın ümumi evidir. Hər birimiz bu evin bir-birimizə doğma sakinləriyik.

İndiyə qədər insanın Yer üzünə xeyri qədər ziyanı da olub. Xırda mənfəətləri naminə havasına ziyan vurub, yaşıllıqlarına qənim kəsilib, suyunu çirkləndirib, bitki və heyvanlar aləminin axırına çıxmağa başlayıb. İndi isə planetimizi qorumaq haqqında düşünmək vaxtıdır.

İnsanlar indiyə qədər müəyyən maraqların ardınca gedərək bir-birindən uzaq düşüblər. Müxtəlif amillərin, xırda hisslərin təsiri ilə bir-birinə qənim kəsiliblər. Özlərini başqalarından ayırmaq üçün mümkün qədər daha çox fərqlər tapıb, miflər uydurub, ayrıcalıqları qabardıb nifrət hissini körükləyiblər. İndi isə insanların bütün fərqləri, kin-kidurəti, cılız maraqları kənara qoymasına ehtiyac var. Artıq bir-birimizə sevgi göstərməyi öyrənməliyik. Bəşəriyyət yeni minilliyin ikinci onilliyində üzləşdiyi bu vəziyyətdən, ümid edək ki, gələcək üçün lazımi dərslər ala biləcək. İnsana sevgi, ali ideyalar uğrunda həmrəylik, bərabərlik, ədalət, şəfqət, xeyirxahlıq, qarşılıqlı hörmət, cəmiyyət qarşısında sosial məsuliyyət hissi bundan sonrakı dünyamızda daha böyük aktuallıq kəsb edəcək. Bu dəyərləri daha çox insan bölüşəcək.

İradə ƏLİYEVA,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video