28 Mart 2020 23:09
1900
SİYASƏT
A- A+

Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində tibb işçilərimizlə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik - koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir.

Koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər.

Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir.

Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər.

Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir.

Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.

Əziz tibb işçilərimiz,

Fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük.

Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq.

Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram!

Uca Tanrı sizi qorusun!
Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video