29 Fevral 2020 02:16
942
SİYASƏT
A- A+

Haqq nazilər, üzülməz


Sovetlər birliyində münaqişələr dəfələrlə müxtəlif formalarda özünü göstərsə də, qarşısı alınırdı. Lakin M.Qorbaçov hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. "Böyük Ermənistan” yaratmaq xülyasında olan Ermənistan Respublikasının rəhbərliyi, millətçi qüvvələr, "Daşnaksütyun” partiyasının fəalları, kəşfiyyat orqanları Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə separatizmə geniş meydan açdılar.

1988-ci ilin fevralında Xankəndidə erməni millətçiləri kütləvi mitinqlər keçirib SSRİ və Ermənistan SSR rəhbərliyindən tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılıb Ermənistan Respublikasının tərkibinə verilsin. Bakıda, Sumqayıtda və Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilərin antikonstitusion tələblərinə qarşı etiraz dalğası gücləndi.

Onlar qarşılarına qoyduqları məkrli niyyətlərə çatmaq üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan cinayətlərdən, hətta günahsız ermənilərin qanını tökməkdən belə çəkinməyiblər. İftira və yalanlardan "əzabkeş erməni xalqına” ağı deyib təəssübkeşlərində özlərinə mərhəmət, müsəlmanlara nifrət oyatmaq istəyən erməni faşistləri törətdikləri cinayətləri tarixən türklərin və azərbaycanlıların adına yazmağa cəhd ediblər.

Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdi. Azərbaycan dilini mükəmməl bilən təxribatçı qrup şəhərin onlarda olan xəritəsi əsasında demək olar ki, bütün küçə və dövlət orqanlarını qeydiyyata almış, xüsusi terror planını hazırlamışdılar. Şəhərdə gizlin fəaliyyət göstərən "Krunk” daşnak təşkilatının üzvləri ilə görüşən bu qrup erməni ailələrinin siyahısını tutmuşdu.

Həmin şəxslər Sumqayıtda ermənilərin gur yaşadığı ərazilərdə çoxsaylı gizli görüşlər keçirmiş, onları gələcək hadisələrlə bağlı təlimatlandırmışlar. 30 nəfərə yaxın olan bu "komanda” şəhərin dörd bir tərəfində yaşayan ermənilərin ünvanlarını hazırladıqdan sonra iğtişaşlar zamanı kiminlə necə hərəkət edəcəklərini əvvəlcədən müəyyənləşdirmişdilər.

Həmin günlərdə şəhəri tərk edən imkanlı erməni ailələri bankdakı pullarını çıxardaraq özləri ilə aparmış, bəziləri şəhərin ticarət mərkəzindən qiymətli zinət əşyalarını almış, bir çoxu bahalı mebellərini dəyər-dəyməzinə, hətta evlərini belə satanlar da olmuşdu.

Fevral ayının 28-də şəhərdə kütləvi iğtişaşlar, zorakılıq aktları başlandığı barədə məlumat daxil olan kimi Sumqayıtın prokuroru, baş ədliyyə müşaviri İsmət Qayıbov cinayət işinin qaldırılması və istintaqa başlanması barədə qərar qəbul etmişdir. İstintaqın ilkin mərhələsində 1050 nəfər şübhəli şəxs qismində tutulmuş, onlardan bir hissəsi inzibati, bir hissəsi isə cinayət məsuliyyətinə cəlb edilmişdir. 97 nəfər barəsində 55 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. 42 nəfər barəsində əməllərində cinayət tərkibi və ya cinayət hadisəsi olmadığından işin icraatına xitam verilmişdir.

İstintaq materiallarında göstərilir ki, ümumilikdə 444 adam məhkəmə qarşısında cavab vermiş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmışdır. Bir neçəsi uzunmüddətli həbs cəzasına, Əhməd İman oğlu Əhmədov isə ölüm cəzasına məhkum olunmuşdur. Əhməd Əhmədovun məsələsinə Moskvada tələsik baxılmış və onu Sumqayıtda baş verən hadisələrin "təşkilatçısı” kimi qələmə vermişlər. Onu da qeyd edək ki, 1988-ci ilin mart ayının 12-də SSRİ Baş Prokurorluğunun yaratdığı qrup Əhmədovgilin evinə basqın etmiş, onu vanna otağından yarıçılpaq vəziyyətdə sürükləyib həyətdəki maşına mindirmişlər.

1988-ci ilin oktyabr ayının 18-də, SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə başladı. Məhkəmə prosesi başlayan gün "Ostankino” telekanalının "Xəbərlər” proqramından bütün dünyaya xəbər yayıldı ki, Sumqayıt hadisələrində "başkəsən” üç nəfərin məhkəmə işinə başlanılır. Ertəsi gün Moskvada nəşr olunan kütləvi informasiya vasitələri bu barədə ictimaiyyətə məlumat çatdırdılar. Moskvada, SSRİ Ali Məhkəməsinin binasında Sumqayıtda kütləvi iğtişaşların baş verməsində müqəssir bilinən şəxslərin mühakiməsi başlandı. Müttəhimlər kürsüsündə əyləşən Ə.Əhmədov, T.İsmayılov, Q.Cəfərov talanlar, yanğınlar, qətllərlə nəticələnən kütləvi iğtişaşların təşkilində və yaxından iştirakında təqsirləndirilirdilər.

O dövrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun "Novoye vremya” jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarı orqanlardan, xüsusilə Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olduğundan şikayətlənirdi. O, tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Terebilov qeyd edirdi ki, hazırda SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə baxır.

Beləliklə, yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında, nəyin bahasına olursa-olsun, "təşkilatçı” obrazı yaratmaq niyyətinə düşdü. "Moskovskiye novosti” qəzeti 1988-ci il noyabr ayının 20-də yazırdı: "Vəkillər belə hesab edirlər ki, işin istintaqı tam aparılmayıb. Cinayətlərin təşkilatçıları üzə çıxarılmayıb, baş verməsinin səbəbləri və şəraiti aşkar edilməyib”. Buna baxmayaraq, 1988-ci il noyabr ayının 18-də SSRİ Ali Məhkəməsinin kollegiyası belə bir qərar çıxarır: "Cəfərovun və İsmayılovun cinayət materialları yenidən yoxlanılmaq üçün istintaqa qaytarılsın. Ə.Əhmədov ən ağır cəzaya layiq görülsün...”

Hadisələrin əsl təşkilatçısı isə 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunmuş, üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan "Paşa” ləqəbli Eduard Qriqoryan idi. O, Albert və Ernis adlı daha iki qardaşı ilə birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylamışdır.

Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayətə meyilli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər verib, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı çıxanların dinc mitinqinin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb. Onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyən Eduard ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!”, "Erməniləri qırın!” kimi şüar və çağırışlarla "Qarabağ” (komitəsi) və "Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib. O, talan və digər cinayətlərdə fəal iştirak etmiş və şəxsən 6 nəfər ermənini qətlə yetirmişdir.

Qriqoryan hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb. Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib.

Bundan sonra 6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışıblar və buna da nail olublar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb. Həmin dövrdə "Novoye vremya” jurnalı, "Moskovskiye novosti” qəzeti və digər mətbu orqanlar Sumqayıt hadisələri ilə bağlı öz səslərini qaldırsalar da heç bir nəticə olmayıb. Yazılarda istintaqın düzgün aparılmadığı, cinayətin kim tərəfindən törədilməsinin aşkar edilmədiyi açıq şəkildə qeyd olunub.

Ciddi araşdırmalar göstərir ki, bu hadisələrin əsl səbəbləri nə Sumqayıtla, nə də ki sumqayıtlılarla bağlı olmamışdır. Çünki vahid bir ailədə sülh və əmin-amanlıq şəraitində yaşayan azərbaycanlılar, ermənilər və həmçinin digər millətlərdən olan sumqayıtlılar arasında hər hansı bir ictimai-siyasi, milli-etnik və ya dini mənsubiyyətlər zəminində heç bir ədavət olmamışdır. Sumqayıtda baş verən hadisələrin kökləri daha dərin, miqyası isə daha böyük olub və bu hadisələr iki millət arasında "xuliqanlıq” hərəkətlərindən daha çox, qeyd etdiyimiz kimi, siyasi xarakter daşıyıb.

Sumqayıt hadisələrinə Dağlıq Qarabağ rakursundan baxmaq gərəkdir.

Hadisələrlə bağlı saxlanılanlar arasında müxtəlif millətlərdən olan adamlar - azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər və başqaları var idi. Sumqayıtda "xuliqanlıq” edənlərin arasından ermənilər tərəfindən satın alınmış ekstremist qruplar, cinayətkarlar, terrorçular, təxribatçılar, narkomanlar və spirtli içki düşkünləri çox idi. 30 nəfər isə ümumiyyətlə heç bir ictimai-faydalı əməklə məşğul olmamışdı (O dövrdə hamı işlə təmin olunurdu və işdən yayınma hallarına, bir qayda olaraq, yol verilmirdi).

Araşdırmalar zamanı aydın olub ki, E.Qriqoryan Sumqayıt hadisələrində ona rəhbərlik edən bir qrup erməni millətçilərinin və Dövlət Təhlükəsizlik Komitəsinin sifarişlərini yerinə yetirdikdən sonra Sumqayıt şəhərini tərk etmək əmrini almışdı. Lakin təsadüf nəticəsində hərbçilər tərəfindən saxlanılmış və onu zərərçəkənlər tanımışlar.

Belə nəticəyə gəlmək olur ki, əgər Eduard Qriqoryan hərbçilər tərəfindən həbsə alınmasaydı, təqsiri Sumqayıt sakinlərinin üzərinə atacaqdılar. Lakin bu erməni millətçilərinə nəsib olmadı.

Sumqayıt hadisələri də başvermə xüsusiyyətinə görə böyük bir terrorun başlanğıcı oldu. Məhz bu saxta "genosid”dən sonra minlərlə azərbaycanlı qətlə yetirildi. Azərbaycanın 20 faizi işğal edildi.

Yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev mənfur erməni məkrinin, neçə-neçə terror aktının qarşısını aldı.

Bu gün ermənilər əməllərinə görə ifşa olunur. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə verdiyi tutarlı cavabı da buna sübutdur.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video