27 Fevral 2020 00:24
1862
SİYASƏT
A- A+

Möhkəm təməl üzərində qurulan əbədi qardaşlıq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, imzalanan 14 yeni saziş çoxşaxəli Azərbaycan-Türkiyə əlaqələrinə yeni dinamizm gətirəcək


Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan-Türkiyə əlaqələri son illərdə mühüm mərhələyə qədəm qoyub.

Bunu şərtləndirən amillər hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, müxtəlif zirvə toplantıları çərçivəsində təmasları, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələrdir.

Bu gün Azərbaycan və Türkiyə iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqelərindən daha səmərəli şəkildə istifadə edirlər. Hazırda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də dünyada hər iki dövlətin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş, səsləndirilən bəyanatlar, imzalanan yeni sazişlər onu deməyə əsas verir ki, iki qardaş ölkə arasında hərtərəfli münasibətlər getdikcə daha da güclənəcək.


İnkişafda olan münasibətlər, birgə reallaşdırılan qlobal layihələr


Rəsmi protokola uyğun olaraq öncə dövlət başçıları arasında təkbətək görüş oldu və prezidentlər ikitərəfli dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək həyata keçirilən birgə qlobal layihələrin əhəmiyyətindən söz açdılar.

Prezident İlham Əliyev qardaş ölkənin liderinin Azərbaycana səfərinin Azərbaycanla Türkiyə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə böyük töhfə verəcəyini söylədi.

Dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında isə qeyd edildi ki, bu toplantı əlaqələrin gələcək inkişafı üçün çox önəmli olacaq.

Prezident İlham Əliyev bu toplantıda qəbul ediləcək qərarların, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlərin münasibətləri böyük dərəcədə gücləndirəcəyini vurğulayaraq ötən ilki əlaqələrin uğurlu nəticələrini yüksək qiymətləndirib. Dövlət başçısı siyasi, iqtisadi, enerji, nəqliyyat, ümumiyyətlə, bütün sahələrdə çox böyük nailiyyətlərin əldə edildiyini deyərək diqqətə çatdırdı ki, onların arasında TANAP layihəsinin Avropa sərhədinə çatdırılması mərasimi xüsusi önəm kəsb edir.

Cəbhə xəttində şəhid olan iki əsgərimizə görə Azərbaycan xalqına başsağlığı verən Rəcəb Tayyib Ərdoğan isə cənab İlham Əliyevlə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etdiklərini vurğuladı.


"Qarabağ Azərbaycandır və nida” fikrinin altında Türkiyə imzası


Türkiyə Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həm özünün, həm də ölkəsinin mövqeyini qısa xatırlatma ilə bir daha bəyan etdi. Ötən il Prezident İlham Əliyevin Soçidəki "Valday” forumunda çıxışını xatırladan Rəcəb Tayyib Ərdoğan - "Keçən il qardaşım Əliyev "Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm”, - deyə qeyd etdi. Bu fikir işğalçı Ermənistan və onun havadarlarına ünvanlanmış mesaj idi.

Türkiyə Prezidenti fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrinə də toxundu. Əldə edilən nəticənin xüsusilə Azərbaycan üçün xeyirli olmasını diləyən dövlət başçısı bildirdi ki, Türkiyə bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyub.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi islahatları da yaxından izləyən Rəcəb Tayyib Ərdoğan bütün sahələr üzrə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırdı.

Türkiyə Prezidenti birgə həyata keçirilən layihələrin əhəmiyyətini də dəyərləndirdi: "Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, "Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik”.


İki ölkə arasında 14 yeni sənəd imzalandı


Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında yeni sənədlər imzalandı, sazişlər təsdiqləndi.

Öncə dövlət başçıları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının Protokolu”nu imzaladılar.

Sonra AZPROMO ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı”nı, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu”, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”, "2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol” imzalandı.

Həmçinin "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, "2012-ci il sentyabrın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı”, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” təsdiqləndi.

Beləliklə, bu səfər zamanı Azərbaycan və Türkiyə arasında 14 yeni sənəd imzalandı və bu sazişlərin hər biri qardaş ölkələrin iqtisadi-ticari əlaqələrinin daha da gücləndirilməsinə imkan yaradacaq.


30,5 milyard dollarlıq qarşılıqlı sərmayə


Prezidentlərin mətbuata bəyanatlarında isə dövlət başçısı İlham Əliyev iki ölkə lideri arasında aparılan danışıqların, imzalanan sənədlərin əhəmiyyətini vurğuladı və iqtisadi münasibətlərə toxundu: "Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin”.

Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu deyən Prezident İlham Əliyev bu birliyin əbədi olduğunu söylədi və qeyd etdi ki, iki qardaş ölkə öz gələcəyini bu möhkəm təməl üzərində qurur.

Onu da vurğulayaq ki, hər iki ölkənin nəqliyyat sahəsində də böyük nailiyyətləri var. Birlikdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. İmzalanan yeni sazişlərdən biri də dəmir yoluna aid sənəd idi. Bu sazişə əsasən Qars-Naxçıvan dəmir yolunun tikintisinə başlanılacaq.

Cənab İlham Əliyev iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrə nəzər yetirdi və gələcək hədəfləri dəyərləndirdi:

- 2019-cu ildə ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb;

- hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir;

- Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görüblər;

- Azərbaycan Türkiyə iqtisadiyyatına 18, Türkiyə Azərbaycana 12,5 milyard dollar sərmayə qoyub;

- hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Əlbəttə ki, imzalanan yeni sənədlər, o cümlədən preferensial ticarət sazişi iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına böyük təkan verəcək.


Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir


Türkiyə Prezidenti bəyanatında dedi ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı və imzalanan sənədlər irəliyə doğru bir addım oldu. Siyasi sahədə həmrəylik ən yüksək səviyyədə davam edir və bu həmrəylik daha da inkişaf etdiriləcək.

Sonra Rəcəb Tayyib Ərdoğan Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən söz açaraq vurğuladı ki, həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir.

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin Azərbaycan üçün xeyirli olmasını diləyən Türkiyə Prezidenti Azərbaycanın uğurları ilə fəxr etdiyini vurğuladı. Onun fikrincə, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcək.

İki ölkə arasında 14 sazişin imzalandığını xatırladan Rəcəb Tayyib Ərdoğan bu sənədlərin hər birinin önəmli olduğunu qeyd etdi. Türkiyə Prezidenti isə hesab edir ki, onların sırasında bir saziş xüsusi önəm kəsb edir: "Bunların arasında ən önəmlisi, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq. Amma bundan başqa, siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir”.

Əlavə edək ki, imzalanan sazişlər içərisində mühüm bir sənəd də var ki, bu da Naxçıvandan sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsi ilə bağlıdır. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni həm İrandan, həm də Türkiyədən dəstək almaqla bu məsələdə daha güclü bir vəziyyətə gələcək.

Türkiyə Prezidenti bunun da enerji sahəsində çox önəmli hadisə olduğunu hesab edir.


Xocalıda XX əsrin ən böyük vəhşətlərindən biri törədilib


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işğalçı ölkənin heç bir danışığa məhəl qoymamasına münasibət bildirən Rəcəb Tayyib Ərdoğan dedi ki, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin "Anam” dediyi Qarabağ Azərbaycan qədər Türkiyənin də məsələsidir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzudur:

"Türkiyə hər zaman Azərbaycana bu haqlı mübarizəsində verdiyi dəstəyi bundan sonra da davam etdirəcək. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır. Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə "qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm”.

Göründüyü kimi, dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan qardaş Türkiyə Respublikası ilə çoxşaxəli münasibətlərini inkişaf etdirməkdədir. Əminliklə deyə bilərik ki, dövlət başçısı arasında aparılan danışıqlar, imzalanan mühüm sazişlər hər iki ölkəyə böyük siyasi və iqtisadi dividendlər gətirəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video