26 Fevral 2020 23:53
532
CƏMİYYƏT
A- A+

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Ombudsman Aparatında olublar


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Geyl Mançin, Nadin Menza, beynəlxalq hüquq üzrə mütəxəssis Kirsten Leyvri, siyasi analitik Kili Bakke ilə görüşüb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Səbinə Əliyeva əvvəlcə Ombudsman institutunun fəaliyyətinin əsas istiqamətləri və prioritetləri barədə məlumat verib. Sonra o, Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının fundamental insan hüquqlarının pozulduğunu qonaqların diqqətinə çatdırıb. Bu kateqoriyaya aid insanların hüquq və azadlıqlarının təmin olunmasının ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu deyən Səbinə Əliyeva, eyni zamanda, təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi olan Xocalı soyqırımının vandalizm nümunəsi olduğunu vurğulayıb. O, bu gün Azərbaycan xalqının bu faciənin 28-ci ildönümünü qeyd etməklə soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini qonaqların diqqətinə çatdırıb. Müvəkkil Xocalının işğalı zamanı insanların etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürüldüklərini, işgəncələrə məruz qaldıqlarını, faciənin həm bəşəriyyət əleyhinə cinayət, həm də soyqırımı faktı olduğunu vurğulayıb.

Ombudsman, həmçinin Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını xatırladıb. Qeyd edib ki, ABŞ-ın həmsədr dövlət kimi təmsil olunduğu ATƏT-in Minsk qrupu başda olmaqla beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı təzyiqlər göstərməli, bu ölkə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir.

Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində mühüm rola malik olduğunu deyən müvəkkil rəhbərlik etdiyi qurumun əlçatan olduğunu, vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin müraciətlərinin hərtərəfli, obyektiv araşdırıldığını və qanunun tələbləri əsasında müvafiq addımların atıldığını, bütövlükdə əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.

Müvəkkil tolerantlıq nümunəsi olan Azərbaycanda dini etiqad azadlığının təmin olunduğunu, müxtəlif etnik və dini mənsubiyyətli şəxslərin ölkəmizdə sülh, əmin-amanlıq və əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayıb. Respublikamızda din-dövlət münasibətlərinin nümunəvi xarakter daşıdığını deyən ombudsman etiqad azadlığının qorunması istiqamətində fəaliyyətindən, maarifləndirici tədbirlərin həyata keçirilməsindən bəhs edib.

Səbinə Əliyeva müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin milli azlıqların kompakt yaşadıqları yerlərdə fəaliyyət göstərdiyini, müraciətlərə operativ reaksiya verdiklərini, geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiklərini bildirib.

Qonaqlar Ombudsman təsisatı ilə Beynəlxalq Din Azadlığı Komissiyası arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson və siyasi işlər üzrə müşaviri Vilyam Solley da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video