26 Fevral 2020 23:49
966
SİYASƏT
A- A+

Nyu-Yorkda Amerikanın yəhudi və müsəlman təşkilatları Xocalı qətliamı ilə bağlı səylərini birləşdirib


Nyu-York şəhərində yerləşən Yəhudi Tarixi Mərkəzində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiyası (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçiriblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar, Azərbaycan və yəhudi icmalarının üzvləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

ASF-nin icraçı direktoru Ceyson Quberman tədbiri açaraq faciə haqqında məlumat verib, Xocalı qətliamının qurbanlarını yad edib. Bildirib ki, qətliam nəticəsində 613 Xocalı sakini öldürülüb, bu rəqəm yəhudi dinində müqəddəs məna verir. Dünya Müsəlmanları Liqasının baş katibi Məhəmməd Əl-İssanın soyqırımı ilə bağlı bəyanatına istinad edərək, azərbaycanlılara qarşı törədilən bu qətliamın bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bu faciəni törədənlərə qarşı mübarizədə səyləri artırmağın vacibliyini bildirib. Eyni zamanda, C.Quberman ümumiyyətlə insanlıq əleyhinə cinayətlərə qarşı səylərin gücləndirilməsinin və belə faciələrin qarşı alınmasının əhəmiyyətini vurğulayıb.

Bundan sonra çıxış edən MALA-nın həmtəsisçisi Əhməd Fleks Ömər Xocalı faciəsinin qurbanlarını ehtiramla anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdırlar ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alınsın. Ə.Ömər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz nəticəsində bu gün də insanların əziyyət çəkdiyini vurğulayıb, bu əziyyətə son qoyulmasının, münaqişənin ədalətli həlli istiqamətində çalışmağın vacib olduğunu qeyd edib.

Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib, Xocalı qətliamının tariximizin ən faciəvi günlərindən biri olduğunu xatırladıb. Bu xüsusda Ermənistanın keçmiş hərbi və siyasi rəhbərlərinin bu faciədə əsas iştirakçı olduqlarını bildirib. Qeyd edib ki, Ermənistan tərəfindən törədilən qətliamın bu ölkənin yürütdüyü mənfur siyasətin məqsədyönlü və sistemli xarakter daşıdığını göstərir. A.Hüseynov beynəlxalq təşkilatlar və qurumlar tərəfindən qətliamın əsaslı şəkildə araşdırıldığını, Ermənistan rəsmilərinin XX əsrdə bütün insanlığın gözü qarşısında qətliam törətmələri ilə fəxr etdiklərini xatırladıb, bununla bağlı ingilis jurnalist Tomas De Valın müsahibəsinə istinad edib. Bundan əlavə, Ermənistanda Qaregin Njdenin faşist və irqi ayrı-seçkilik ideologiyasının hələ də hökm sürdüyünü qeyd edib. Hər kəsin bu faciəni birlikdə anılmasına, tolerantlıq, birgə və sülh içində yaşayış üçün səylərin birləşdirilməsinə heç kimin mane ola bilməyəcəyini vurğulayıb.

Sonra Holokostun canlı şahidi Sami Stiqmann öz xatirələri ilə bölüşüb. Xocalı faciəsi barədə indiyədək məlumatsız olduğunu və belə qətliamların əsasında nifrətin dayandığını bildirib. Belə faciələrin araşdırılmasının, bu məqsədlə açıq dialoqun təşkilinin vacibliyini vurğulayıb və bu istiqamətdə təcrübələrini bölüşüb.

Panelin sual-cavab hissəsində Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova azərbaycanlıların dialoqa daim açıq olduğunu, lakin erməni tərəfinin həm danışıqlar prosesində, həm də siyasi ritorikada təcavüz dilindən daim istifadə etdiyini bildiriblər. Panel iştirakçıları moderatorun suallarını cavablandırıblar.

Sonda Amerika Sefard Federasiyası (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) tərəfindən hazırlanmış və Xocalı qətliamının 28-ci ildönümünə həsr olunan xatirə lövhəsi təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video