26 Fevral 2020 23:47
618
SİYASƏT
A- A+

Dmitri Savelyev: Xocalının xatirəsi nəsillərin yaddaşında yaşayacaq

Bəşəriyyətin bütün tarixi qanlı hadisələrlə müşayiət olunub.AZƏRTAC-ın müxbiri dünyanın ən müasir tarixində baş vermiş belə hadisələrdən biri, Azərbaycan xalqının daim göynəyən yarası - Xocalı faciəsi barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevlə söhbət edib.

-Dmitri İvanoviç, Dağlıq Qarabağ münaqişəsi tarixində Xocalı faciəsinin rolunu necə qiymətləndirirsiniz?

-Dağlıq Qarabağda hadisələr başlanana qədər azərbaycanlılar və ermənilər dinc yanaşı yaşayırdılar. Lakin Ermənistan SSR-in hakim dairələrinin həmin ərazini öz respublikalarına birləşdirmək niyyəti təcavüzkarlığa səbəb oldu və bu da Azərbaycan xalqına saysız-hesabsız fəlakətlər və məşəqqətlər gətirdi. Qeyd edək ki, Xocalıda soyqırımı aktı işğalçıların ilk cinayəti deyildi: Dağlıq Qarabağın Meşəli, Malıbəyli, Qaradağlı və Ağdaban kimi kəndlərinin dinc əhalisi artıq qurbanlar vermişdi. Görünür, azərbaycanlıların qırılması kursu qabaqcadan götürülmüşdü. Lakin bu hadisələrin apogey nöqtəsi məhz Xocalı qırğını oldu. Dağlıq Qarabağ münaqişəsinin bütün dövrü ərzində 30 mindən çox azərbaycanlı həlak olub. Lakin Xocalıda törədilmiş dəhşətli cinayətin məhz bu 613 qurbanı hər bir azərbaycanlının qəlbini daim göynədən yaraya çevrilib və hətta 28 il keçəndən sonra da bu itkilərin ağrısı səngimək bilmir.

-Belə irimiqyaslı hərbi əməliyyat nə üçün məhz Xocalıda aparıldı?

-Şəhər öz strateji mövqeyinə görə işğalçılar üçün böyük əhəmiyyət kəsb edirdi. Dağlıq Qarabağda yeganə aeroport Stepanakertin cəmi 10 kilometrliyində yerləşən Xocalı şəhərində idi. Lakin bu, işğalçıların onlar üçün təhlükəli olmayan dinc əhaliyə münasibətdə amansızlığına əsla haqq qazandırmır. Şəhərdə özünümüdafiə qüvvələrinin kiçik, praktiki olaraq silahsız qrupu vardı. Bununla belə, Xocalı bir neçə ay mühasirədə oldu.

Şəhər əvvəlcə "Qrad” və "Uraqan” qurğularından atəşə tutuldu, sonra piyada qoşun sakinlərə divan tutmağa, bunun üçün o cümlədən qadağan edilmiş silahdan istifadə etməyə başladı. Silahsız qadınların, uşaqların və qocaların məhv edilməsinə heç bir bəraət qazandırıla bilməz. Günahsız insanları yalnız azərbaycanlı olduqlarına görə öldürürdülər.

-Bəs siz erməni tərəfinin Xocalı faciəsini indiyədək "Azərbaycanın təbliğat aksiyası” adlandırmasına, dinc əhalinin kütləvi qırğını faktını təkzib etməsinə necə münasibət bəsləyirsiniz?

-Onda Rusiya, İngiltərə, Fransa, Almaniya, ABŞ, Polşa, Türkiyə, habelə Baltik ölkələrindən olan, Dağlıq Qarabağ münaqişəsini işıqlandıran və faciə yerindən xeyli foto və videokadrları dünyaya nümayiş etdirən onlarca fotoqraf və jurnalist də Azərbaycanın təbliğatçıları hesab edilməlidir. Xüsusi amansızlıqla qətlə yetirilmiş insanların cəsədləri - törədilmiş cinayətin təkzibedilməz sübutu bax budur. Bəs "Xocalı şahidlərin gözü ilə” kitabı necə olsun? Kitabda sağ qalmış xocalılılar qanlı hadisələrin təfərrüatını danışır, Xocalı qırğını haqqında həqiqətləri dünya birliyinin diqqətinə çatdırırlar.

- Xoşməramlı insanlar Xocalı barəsində ədalətin zəfər çalması üçün nə etməlidirlər?

-Azərbaycan Respublikasının məqsədi cinayətkarları dünya ictimaiyyətinin məhkəməsinə vermək, habelə tarixi ədaləti bərpa etməkdir. Bir milyondan çox azərbaycanlı qaçqın, o cümlədən Xocalı sakinləri doğma yurd-yuvalarına qayıtmalıdırlar. İndi isə Xocalı faciəsini daim dünya birliyinə xatırlatmaq, bu hadisələrin acı xatirəsini nəsildən-nəslə ötürmək lazımdır. Xalqlar bilməlidirlər ki, azğın ksenofobiya və dözümsüzlük necə ağır nəticələrə gətirib çıxarır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlayıb və bu hərəkat ildən-ilə genişlənir. Onlarca ölkədə xatirə gecələri və konfranslar keçirilir, kitablar, kitabçalar nəşr olunur, faciədən bəhs edən tammetrajlı "Xoca” filmi ekranlara çıxıb. İndi kampaniya yeni mərhələyə qədəm qoyur: Xocalı qırğınının dünya səviyyəsində soyqırımı aktı kimi tanınmasına dair kampaniya aparılır. Bəzi ölkələr, o cümlədən Avropa ölkələrinin bir hissəsi, ABŞ-ın bir sıra ştatları soyqırımını artıq rəsmən tanıyıblar.

-Bəs Rusiya ictimaiyyəti Xocalı hadisələrini necə xatırlayır?

- Şəksiz ki, həmvətənlərim bu ağrını Azərbaycan xalqı ilə bölüşürlər. Rusiyanın bir çox şəhərlərində Xocalı hadisələri ilə bağlı xatirə günləri keçirilir. Vətəndaşlar başsağlığı verir, öz doğma və yaxınlarını itirmiş azərbaycanlıların kədərini bölüşməyə hazır olduqlarını bildirirlər. Məsələn, fevralın 25-də Moskva sakinləri Heydər Əliyev Fondunun dəstəyi ilə Tolerantlıq Muzeyində keçirilmiş xatirə tədbirində Xocalıda həlak olanlara ehtiramlarını ifadə ediblər. Şəxsən mən ötən il olduğu kimi, bu il də fevralın 26-da Bakıda olmuşam, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının memorialının – "Ana harayı” abidəsinin qarşısına əklilqoyma mərasimində iştirak etmişəm. Yer kürəsində belə bir faciənin bir daha baş verməməsi üçün ən yaxşı müdafiə isə nəsillərin yaddaşıdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video