Alternative content

10:15 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalıdan Missuriyə...
Xocalıdan Missuriyə...
ANA SƏHİFƏ / SİYASƏT
03:49 26.02.2020


Hər şey belə bitə, illərdir çəkdiyi bütün əziyyətlər bir anın içində məhv ola bilməzdi...

Axı o, heç uşaqlığını, yeniyetməliyini, gəncliyini gözüdolu yaşamamışdı...

Bu yaşa qədər yoxluqla insanların sınağa çəkildiyi bir həyatda var olmaq üçün çapalamışdı...

Amma indi arzuları da tükənmişdi, ümidi üzülmüşdü...

Uzaqda, okeanın o tayında, Amerikada çox tənhaydı...

Xocalıdan köçkün düşmüş körpələrdən biri də o idi. Yaş yarımlığından elə həyatda ilk addımlarını da sığındığı düşərgədə ağrı-acılarla, çətinliklərlə qoşa atmağa başlamışdı. Körpə dünyası başdan-başa insan fəryadı, ah-naləsi ilə dolub daşmışdı. Ətrafında hər şey qap-qara, bomboz idi. Heç zaman xəyalından çəkilməyən dəhşətli mənzərə isə ağappaq qarla bürünmüş bir dünyanın üzərinə çilənmiş qıpqırmızı qan idi... Günahsız insanların yer üzünə tökülmüş qanı...

Bir də əsir, itkin düşmüş doğmalarını gözləyənlərin gələnin-gedənin gözlərinə dikilmiş bir ümid işartısı uman həsrətli gözləri...

Bu cür qəlb yükü, ürək dərdi içərisində, yardım növbələrində, çörək yoxluğunda, su qıtlığında böyüməyə çalışırdı bütün xocalılı, bütün məcburi köçkün uşaqlar kimi...

Sadəcə bu zülmət aləmdə ümidləri, arzuları əngəlsizdi, tükənməzdi, sonsuzdu...

Sanki qara daşın bağrın yarıb Günəşə can atan zərif çiçəkdi...

"Xocalıdan çıxan insanlar arasında təsadüf nəticəsində sağ qalanlar olub. Elə bilirəm bizim də ən böyük xoşbəxtliyimiz oradan sağ çıxmağımız olub. Amma məcburi köçkün düşərgəsində problemləri, sıxıntıları, maddi və mənəvi çətinlikləri hamımız eyni yaşamışıq”.

Amma o, hər zaman düşünürdü ki, həyatları həmişə belə olmalı deyil. Və bundan qurtuluşun yalnız bir formulu var: təhsil, bilik, elm. Və elə bu amal uğrunda qarşısındakı hədəflərə doğru müqəddəs bir yola çıxır...

ABŞ-ın Vaşinqton Universitetinin məzunu, Azərbaycan İqtisad Universitetinin Layihələrin İdarəedilməsi şöbəsinin müdiri və Biznesin idarə edilməsi üzrə magistr fakültəsinin müəllimi Xocalıdan məcburi köçkün Nərmin İbrahimova Naftalandakı məcburi köçkün düşərgəsində həyat sınağı ilə keçirdiyi illərindən, Bakıdakı ağır imtahanlı tələbəliyindən, çətinliklərlə təkbaşına mücadilə apardığı Amerikadakı günlərindən söhbət açır.


"Sağ qaldığım üçün xoşbəxt idimmi?”


- 1990-cı ildə Xocalıda anadan olmuşam. Ailəm mən yaşyarımlıq olanda Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün düşüb. İndi düşünürəm, bəlkə anasının qucağında bağrı çatlayan, soyuqdan donan, süngülənən, güllənənən körpələrdən biri də mən ola bilərdim...

Amma xoşbəxt idimmi?! Xeyr. O faciənin, iztirabların içində böyüdüm. Uşaqlıq xatirələrim Naftalanda yerləşən məcburi köçkün düşərgəsində keçən həyatımızla bağlıdır. Rayonlarımızın işğalından sonra təxminən 4 minə yaxın məcburi köçkün Naftalanın bir hissəsində yerləşib kortəbii yaşamağa başlamışdı. Burada məcburi köçkünlərdən ibarət bir icma yaranmışdı. İnsanlar sanatoriyaya gələnlər üçün nəzərdə tutulan taxta birotaqlı evlərdə yaşayırdılar. Bu evlər xüsusilə qışda dözülməz soyuq olurdu. Valideynlərim, kiçik qardaşımla mən də birotaqlı evdə yaşayırdıq. Vəziyyətimiz çox pis idi, hətta su tapmaq belə müşkül idi...

Acınacaqlı hal isə bu idi ki, yaşadığımız yerdə hər kəs eyni vəziyyətdə olduğuna görə heç zaman bunun qeyri-adiliyini, pisliyini anlamamışıq, elə bilmişik ki, normal budur...

Maddi vəziyyətin dözülməzliyindən çox insanların ruhi vəziyyəti dəhşətli idi.

Xüsusilə də ilk illərdə insanlar daha travmatik, emosional idilər. Qonşuluğumuzda elə insanlar var idi ki, bir gecədə ailə üzvlərinin əksəriyyətini itirmişdilər. Onlar üçün yeni həyata başlamaq daha ağrılı və çətin idi.

Artıq 30 ilə yaxın vaxt keçib və sanki insanlar dərdlərini bir növ sinələrinə çəkiblər. Amma övladı, atası, anası, bacısı, qardaşı öldürülənlərin yarası hələ də qaysaq bağlamayıb. Doğmaları əsir, itkin düşənlərin gözləri hələ də yoldadır. Düşünürəm ki, hələ də onlar buna öyrəşməyiblər və dərdlərinin ağırlığı ilə yaşayırlar...


"Saatlarla yardım növbələrində dayanırdım...”


- 4-5 yaşımdan etibarən saatlarla yardım növbələrində dayanmağım yadıma gəlir. Bizə BMT-dən, xarici təşkilatlardan yardım gəlirdi. Ərzaq, geyinilmiş paltar göndərirdilər. İnsanların pulu yox idi ki, özlərinə lazım olan nə isə alsınlar... Düşünürəm ki, məcburi köçkünlüyün ilk illərində həmin yardımlar sayəsində sağ qala bilmişik.

Düşərgədəki insanların əksəriyyəti işsiz idi.

Naftalanda yerləşən bir məktəbin tərkibində dərs keçmək məqsədilə məcburi köçkün uşaqlar üçün bəzi otaqlar ayrılmışdı. Müəllimlərimizin də əksəriyyəti Xocalıdan olanlar idi. Təbii ki, kitab və dərs vəsaitlərimizi də çətinliklə əldə edirdik. Məktəb kitabxanasında olan köhnə kitablardan oxuyur, UNİCEF-in göndərdiyi dəftər - qələmlərdən istifadə edirdik.

Bütün bu çətinliklərə baxmayaraq, qardaşım da, mən də dərslərimizi yaxşı oxumağa çalışırdıq. Bunun üçün anam əlindən gələni edir, ən əsası da bizə mənəvi motivasiya verirdi. Hər zaman deyirdi ki, yalnız oxumaq və təhsil yolu ilə bu məcburi köçkün düşərgəsindən çıxa, uğur qazana bilərik. Həm də zamanında valideynləri anamın təhsil almasına icazə verməmişdilər, ona görə də ürəyində qalan arzusunu bir növ bizimlə reallaşdırmağa çalışırdı. Orta məktəbə başlamamışdan əvvəl bilirdik ki, məktəbi əla oxumalıyıq, başqa cür ola bilməz...


Yoxluqlar, çətinliklər...


- Uşaqlıqdan ingilis dilinə marağım çox idi. Yadımdadır, Azərbaycan Televiziyasında həftədə bir dəfə "Week News” adlı ingilis dilində xəbər proqramı var idi və mən mütləq ona baxırdım. Heç nə başa düşməsəm də, bu dildə səslənənlərə qulaq asmaq xoşuma gəlirdi. Hər zaman düşünürdüm ki, ingilis dilinin arxasınca getməliyəm. Elə bəlkə də bu arzu idi ki, sonradan məni Amerikaya apardı və uşaqlığımdakı kiçik maraqların köməyi ilə bir çox şeylərə nail oldum.

Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika - riyaziyyat ixtisasına qəbul oldum. Yəni ilk hədəfim olan tələbəliyi qazandım.

Tələbə vaxtı Bakıda qohumumuzgildə qalırdım. Hiss edir və görürdüm ki, yaşam şərtləri, geyimləri ilə digər tələbələrdən geridəyəm. Onlar kinoya, konsertə, harasa gəzməyə gedirdilər, mən isə gedə bilmirdim. Amma uşaqlıqdan belə vəziyyətə öyrəşdiyimə görə bu mənim üçün qeyri-adi hal deyildi. Onsuz da həmişə belə olmuşdu və indi də belə davam edirdi...


"Cibimdə cəmi 250 dollar pulla, uzaq bir ölkəyə yola düşdüm”


- Qrup yoldaşlarımın əksəriyyəti riyaziyyat müəllimi olmağı planlaşdırırdı. Mən isə bakalavr təhsilimi bitirdikdən sonra tamamilə başqa bir istiqamətə, biznesin idarə edilməsi ixtisası üzrə İqtisad Universitetinə sənəd verdim. Həmçinin magistr təhsilinin ilk ilindən iş tapıb işləməyə başladım. Bununla yanaşı, hər zaman arzulayırdım ki, ABŞ-da təhsil alım. Amma o ölkə həmişə mənə əlçatmaz görünüb. Zaman keçdikcə özümə əminliyim artmışdı və xaricdə təhsil almağı daha ciddi düşünməyə başlamışdım. Buna görə bir neçə xarici universitetə müraciət etdim. Qəbul olduğum Vaşinqton Universitetində ikiillik proqram üçün 80 min dollar təhsil haqqı ödəməli idim. Çox çətinliklə universitetin qəbul şöbəsini razı salaraq birinci il üçün mənə 40 min dollar təqaüd ayırmalarına nail oldum. Bir şərtlə ki, ikinci ilə təhsil haqqını tapacağam. Amma özümə də aydın deyildi ki, bu necə olacaq?

Artıq Amerikaya yola düşə bilərdim, amma orada da şəxsi xərclərimi ödəmək üçün ayda 1000 dollar pul lazım idi. O zaman Portuqaliyada təhsil alan qardaşım 500 manat aylıq təqaüdünü mənə verəcəyini dedi. Yerdə qalanını isə iş tapıb ödəməli idim. Bu düşüncələr və cibimdə 250 dollar pulla, heç kimi tanımadığım yad bir yerə, Missuri ştatının Sent-Luis şəhərinə yola düşdüm.


"Təmizlik işləri görür, ev heyvanlarına qulluq edirdim ki...”


- Amerikada ilk olaraq əsas məqsədim kampusda iş tapmaq idi. Beynəlxalq tələbə olduğum üçün həftədə 20 saat işləmək icazəm var idi. Buna görə təmizlikdən tutmuş, uşaq baxıcılığına qədər bir çox işlərdə çalışırdım ki, yaşamaq üçün pul qazanım.

Orada qaldığım üç il yarım müddətində pula qənaət etmək üçün 12 müxtəlif ev dəyişmişəm. Amerikalılar istirahatə getdiyi zaman evlərini tələbələrə müvəqqəti yaşamaq üçün verirdilər ki, ev heyvanlarına qulluq edən olsun. Mən də həmin fürsətdən istifadə edirdim, əvəzində kirayə haqqı ödəmirdim.

Amma təhsilimin ikinci ilində təqaüd tapmaq cəhdlərim boşa çıxdı. Təhsil haqqı borcum yarandığından sonuncu semestrin dərslərinə qeydiyyatdan keçə bilmədim.

Artıq bilmirdim ki, hara gedim, kimə müraciət edim...

Bəxtim gətirdi ki, həmin dövrdə Azərbaycanın Amerikadakı səfirliyi ilə təsadüf nəticəsində kontaktım yarandı. Həmvətənlərimin dəstəyi ilə bir portalda adıma profil açıldı və həmin profil ABŞ və Kanadada yaşayan azərbaycanlılar arasında paylanıldı. Bununla da təhsil haqqım üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, o cümlədən qrup yoldaşlarım, professorlarım ianələr etməyə başladılar. O insanların əksəriyyətini indi də tanımıram, lakin onlara həyatım boyu minnətdaram olacağam...

Bu vasitə ilə 10 gün ərzində 15 min dollar vəsait toplandı. Sevincimdən göylərdə uçurdum. Təsəvvür edin ki, bu məbləğ semesterin başlanılmasına təxminən 4 gün qalmış yığılmışdı. Yerdə qalan təhsil haqqını isə professorumun dəstəyi ilə xarici fondların birindən əldə edə bildik. Beləliklə, universiteti bitirməyimə bir ay qalmış təhsil haqqım möcüzəvi şəkildə tam ödənildi...


Başlanğıca qayıdış


- Ermənilər bizi məhv etməyə çalışsalar da, bunu bacarmadılar. Yalnız xocalılar deyil, bütün məcburi köçkünlər həyatlarına yenidən, sıfırdan başladılar. O çətinliklər bizi sındırmadı. Nə vaxtsa o cür əziyyətlər çəkdiyimizi, şəraitsiz vəziyyətdə yaşadığımızı kiməsə deməyə utanırdım. Amma indi dərk edirəm və gənclərimizə də deyirəm ki, bütün bunlar bizim günahımız deyildi. Amma gələcəkdə bizi daha nəyin gözləməyi öz əlimizdədir. Əgər gələcəyi düşünməsək, təhsil almasaq, irəli getməsək, bax bu, bizim günahımız olar...

İşdənkənar şəxsi layihələr də həyata keçirirəm. Xarici ölkələrə səfər edirəm, öz rayonlarımıza gedirəm, həyat hekayəmi, təcrübəmi gənclərlə bölüşürəm. Qarabağ icmasında fəal olmağa çalışıram...

İndi geriyə baxanda görürəm ki, bəli, mən bacarmışam, arzularımın arxasınca gedərək təhsilimi istədiyim səviyyədə təkmilləşdirmişəm. Bunun üçün əlimdən gələn hər şeyi etmişəm və hətta ümidimin üzüldüyü son ana qədər mübarizə aparmışam.

Qarşıda isə onu ağır bir səfər gözləyir. Neçə ildir ayaq basmadığı və ömrünün əksər hissəsini keçirdiyi Naftalanda yerləşən xocalıların məskunlaşdığı düşərgəyə yollanacaq. Düzdür, indi həmin düşərgədən əsər-əlamət qalmayıb və oradakı ailələr Goranboya köçürülüb. Amma Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində məhz ora baş çəkmək istəyir. Acı göz yaşlarının qarışdığı, körpə gülüşlərinin dəfn olunduğu həmin o yerə...

Elə bu düşərgədə arzularından güc alaraq çətin və uzun bir yola başlamışdı. Və sübut etmişdi ki, həyatda insanın qarşısına sədd çəkəcək heç bir əngəl yoxdur. Yetər ki, bunu ürəkdən istəyib reallığa çevirməyi bacarasan. Bir ömür sığdırdığı həyatına nəzər salanda, ötən günlərini vərəqləyəndə isə həmişə özünün-özünə ünvanladığı bir sual var: "Görəsən, bütün bunları mən necə bacarmışam?!”

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM