25 Fevral 2020 08:23
1532
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 362 və 382 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 32/393


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə müşahidəçi olmuş Həsənzadə Ləman Ədalət qızı 2020-ci il fevralın 21-də, həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Şirvanlı Afər Cəmaləddin oğlu 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/83 saylı və 19 fevral 2020-ci il tarixli 23/89 saylı qərarlarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 21 saylı Nəsimi birinci seçki dairəsini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Şikayətçilər L.Ə.Həsənzadə və A.C.Şirvanlı müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü 21 saylı Nəsimi birinci seçki dairəsinin 1, 2, 6, 8, 11, 13 və 20 seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, səslərin hesablanması zamanı qanun pozuntularına yol verilmişdir.

Eyni zamanda L.Ə.Həsənzadə 20 saylı seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyası tərəfindən bu sayın artırıldığını iddia etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar şikayətçilər 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onlar Komissiyanın iclasında iştirak etməmişlər.

Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə araşdırılmışdır.

Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bir nüsxəsi məlumat lövhəsində asılmışdır. Bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, qeydə alınmış namizədlərin, məşvərətci səs hüquqlu üzvlərin, səlahiyyətli nümayəndələrin, məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər və namizəd A.C.Şirvanlının təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı hallar müəyyən olunmamışdır.

Beləliklə, 21 saylı Nəsimi birinci seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən müşahidəçi L.Ə.Həsənzadənin 21 fevral 2020-ci il tarixli 362 saylı və namizəd A.C.Şirvanlının 22 fevral 2020-ci il tarixli 382 saylı müraciətləri əsassız hesab edilərək təmin edilməməli, həmin dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/83 saylı və 19 fevral 2020-ci il tarixli 23/89 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə müşahidəçi olmuş Həsənzadə Ləman Ədalət qızının 21 fevral 2020-ci il tarixli 362 saylı və qeydə alınmış namizəd Şirvanlı Afər Cəmaləddin oğlunun 22 fevral 2020-ci il tarixli 382 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/83 saylı və 19 fevral 2020-ci il tarixli 23/89 saylı qərarları dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video