25 Fevral 2020 01:45
495
SİYASƏT
A- A+

Cəbhə bölgəsi dövlət qayğısının əsas ünvanıdır


Ağdamda 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş yığıncaq keçirilmişdir. Yığıncaqdan əvvəl tədbirin keçirildiyi Quzanlı Mədəniyyət Evinin qarşısındakı geniş meydanda Ağdamda istehsal edilmiş yerli sənaye və kənd təsərrüfatı məhsullarının sərgisi nümayiş etdirilmişdir.

Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ötən ilin uğurlu yekunlarını təhlil etmiş, yeni ildə nailiyyətləri daha da artırmaq üçün zəruri təşkilat - təsərrüfat tədbirlərini, tikinti, abadlıq, quruculuq işlərini sürətləndirmək üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. O qeyd etmişdir ki, 2019-cu ildə rayon üzrə ümumi məhsul istehsalının həcmi 170.6 milyon manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 3.7 milyon manat çoxdur. Hesabat ilində sənaye məhsulunun həcmi 13 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 134.5 milyon manat, ticarət dövriyyəsi 14.5 milyon manat olmuş, il ərzində tikinti-quraşdırma işlərinə 7.6 milyon manat vəsait sərf edilmişdir.

Ağdam rayonu ərazisinin təxminən dörddəüç hissəsi uzun illərdir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gün Ağdam kəndlisi bütün səy və bacarıqlarını sərf edərək var qüvvəsi ilə çalışır ki, məhdud torpaq sahəsindən daha çox məhsul götürsün, ölkənin ərzaq bolluğuna öz sanballı töhfəsini versin.

Yığıncaqda Prezident İlham Əliyevin Ağdama, ağdamlılara davamlı qayğısı dönə - dönə minnətdarlıqla vurğulandı. Bu qayğı cəbhə bölgəsində yaşayan insanların qələbəyə inamını artırır. Düşmənlə üz-üzə bir şəraitdə yaşayan ağdamlıları hər zaman ayıq-sayıq olmağa, gerçək fədakarlıq nümunəsi göstərməyə ruhlandırır.

Dövlət başçısının kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək barədə tapşırıq və tövsiyələri Ağdam kəndlisinin fəaliyyətinə yeni istiqamət vermişdir. Hesabat ilində kənd əməkçiləri rayon ərazisində 12. 278 hektar sahədə buğda, 2.215 hektar sahədə arpa əkib, aqrotexniki qaydalar əsasında becərmiş, nəticədə 55.530 ton taxıl istehsal edilmiş, hər hektarın məhsuldarlığı orta hesabla 38.4 sentnerə çatdırılmışdır. Ötən il rayonun torpaq istifadəçiləri 4.497 hektar sahədə tərəvəz, 373 hektar sahədə kartof, 1.553 hektar sahədə təzə yonca, 309 hektar sahədə şəkər çuğunduru əkib-becərmiş, son nəticədə 105,441 ton tərəvəz, 6.025 ton kartof, 13.245 ton şəkər çuğunduru istehsal etmişdilər.

Rayonun pambıqçıları keçən il böyük uğura imza atmışlar. 2.600 hektar sahədə pambıq əkən tarla bahadırlarının gərgin əməyi sayəsində tarlalarda bol məhsul yetişdirilməsi təmin edilmiş, məhsul son qramınadək yığılıb tədarük məntəqələrinə təhvil verilmişdir. Bütövlükdə 7.315 ton "ağ qızıl” tədarük olunmuş, hər hektarın orta məhsuldarlığı 28.1 sentnerə yüksəldilmişdir. Ayrı-ayrı fermerlər daha böyük uğur qazanmışlar. Quzanlı qəsəbə sakini, bacarıqlı fermer Mürsəl Qurbanovun pambıq əkib-becərdiyi 10 hektar sahədə hər hektarın orta məhsuldarlığı 61 sentner olmuşdur ki, bu da ölkədə ən yüksək göstəricilərdən biridir. Fədakar fermerin hünəri öz layiqli qiymətini almışdır. Respublika Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Mürsəl Qurbanov 1-ci dərəcəli "Əmək ordeni” ilə təltif olunmuşdur.

Rayonda pambıqçılıqla yanaşı, gəlirli sahə olan baramaçılığın inkişafına da böyük önəm verilir. Baramaçılığın yem bazasını möhkəmləndirmək üçün zəruri tədbirlər görülür. Məhsuldar tut tinglərinin əkilib-becərilməsinə xüsusi fikir verilir. Keçən il 525 qutu ipək qurdu toxumunu aqrozootexniki qaydalar əsasında becərən kümçülər nəticə etibarilə 17.1 ton barama istehsal etmişlər.

Ötən təsərrüfat ilində digər sahələrlə yanaşı, heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmış, əvvəlki illərlə müqayisədə xeyli irəliləyişə nail olunmuşdur. Təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı 42.297 başa catdırılmışdır ki, bu da ötən ildəkindən 663 baş çoxdur. Qoyunların sayı isə 104.768 başdır. Hesabat ilində 4.734 ton ət, 37.873 ton süd, 15.019 min ədəd yumurta istehsal olunmuşdur.

Yığıncaqda Prezident İlham Əliyevin ünvanına dəfələrlə minnətdarlıq səslənmişdir. Bu, cəbhə bölgəsində yerləşən Ağdama, gündəlik həyatlarında müxtəlif çətinliklərlə üzləşən, eyni zamanda hər zaman dövlətinə və Prezidentinə sədaqətli olan ağdamlılara göstərilən böyük qayğı və diqqətin məntiqi əks-sədası kimi qiymətləndirilməlidir. Düşmən qüvvələri ilə təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin erməni silahlı birləşmələrinin iriçaplı silahlarından və artilleriya qurğularından intensiv atəşə məruz qalması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlər bölgə sakinlərində böyük razılıq doğurur. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2018-ci il tarixli sərəncamına əsasən, 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitinin yaxşılışdırılması üçün 139 ailənin yaşadığı 121 fərdi evin bərpası başa çatdırılmışdır.

Hesabat ilində bölgədə yol infrastrukturu əsaslı şəkildə yaxşılaşdırılmış, tikinti, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən 14 kilometrlik hissəsi bərbad vəziyyətdə olduğu üçün həmin yola yeni asfalt örtüyü salınmış və kənarlarında dayanacaqlar tikilmişdir. Yolboyu 300 ədəd müxtəlif yol nişanları quraşdırılmışdır. Dövlət başçısının müvafiq sərəncamı ilə Ağdam rayonunun cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrini birləşdirən və uzunluğu 5,6 kilometr olan Korqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Quzanlı qəsəbəsindən Xındırıstan kəndi istiqamətində 1,6 kilometr uzunluğunda olan yola yeni asfalt örtük salınmış, kənarları abadlaşdırılmışdır.

Rayon icra hakimiyyətinin Dövlət Neft Şirkətinin rəhbərliyi ilə apardığı səmərəli danışıqlar nəticəsində rayon ərazisində fəaliyyət göstərən, əvvəllər heç bir istilik sistemi olmayan 34 məktəb və 9 uşaq bağçası binasına təbii qaz xətti çəkilmişdir. Məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına tikilmiş, laqeyd münasibətə görə qazlaşdırılmamış 15 ev təbii qazla təmin olunmuş, məcburi köçkün ailələri məişət rahatlığına qovuşdurulmuşdur. Əhmədağalı kənd körpələr evi-uşaq bağçası əsaslı təmir edilmiş, bina istilik sistemi və bütün lazımi inventar və avadanlıqlarla təchiz olunmuş, həyəti abadlaşdırılmış, bağçaya asfalt yol çəkilmişdir. Rayon icra hakimiyyəti binasının yaxınlığında müasir üslubda layihələndirilmiş üçmərtəbəli, yaraşıqlı "qonaq evi” inşa olunmuşdur.

Rayon ərazisində salınmış məcburi köçkünlər üçün qəsəbələrin ərazisində uzun illər istifadəsiz qalıb yararsız hala düşmüş 11 qeyri-yaşayış binası rekonstruksiya olunaraq 22 mənzil formasında yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 20 fərdi ev tikilib istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edib rayon əhalisinə nümunəvi xidməti özünün əsas məqsədinə çevirən icra hakimiyyətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər bölgədə sağlam mənəvi-psixoloji mühitin yaranmasına əhəmiyyətli təsir göstərir, xalq-dövlət birliyinin yenilməzliyini stimullaşdırır. Evoğlu kəndində məskunlaşmış 3 şəhid anası Qənirə Əhmədovaya 3 otaqlı ev tikilmiş və mebellə təmin olunmuşdur. Bərdə şəhərində ağdamlı məcburi köçkünlərin yaşadığı dördmərtəbəli binada 15 ədəd ikiotaqlı və 3 ədəd birotaqlı mənzillər tam təmir edilərək sakinlərin istifadəsinə verilmişdir. Quzanlı qəsəbəsinin Daş evlər adlanan ərazisində məcburi köçkünlərin yaşadıqları 49 evdə təmir işləri aparılmışdır.

İkinci Alıbəyli qəsəbəsində məcburi köçkün, övladı leykoz xəstəsi olan və ağır şəraitdə 1 otaqlı evdə yaşayan, əvvəllər etdiyi çoxsaylı müraciətləri cavabsız qalan Sadıqova Səadət İmdad qızının mənzil şəraiti yaxşılaşdırılmış, ailə üçün əlavə 1 otaq və hamam tikilmiş, ev lazımi əşyalarla təmin edilmişdir. Üçoğlan kəndi ərazisində Əfruz Allahverdiyevanın, Xındırıstan kəndində məskunlaşmış məcburi köçkünlər Aminə İskəndərovanın, Əsmər Ağayevanın, Etibar Abbasovun, Təzəkənd qəsəbəsində Sima İbrahimovanın, Quzanlı qəsəbəsində Murtuza Abbasovun, Uçoğlan kəndində Yasəmən Sadıqovanın, Evoğlu kəndində Yaqub Əliyevin, Bakı şəhərində Elza Qeybalıyevanın, Mingəçevir şəhərində Pənah Məmmədovun evlərində müxtəlif təmir-bərpa işləri görülmüş, Qax rayonunda olan, Ağdamda şəhid olmuş hərbçi mayor Aqil Omarovun ailəsinin evi əsaslı şəkildə təmir edilmişdir. Əlbəttə, bunlar Ağdam Rayon İcra Hakimiyyətinin qayğı və diqqəti ilə əhatə olunan əhalinin tam siyahısı deyil. Əsas olan odur ki, bölgə əhalisi rayon rəhbərliyinin simasında dövlətin öz vətəndaşına ünvanlanan qayğısından yetərincə bəhrələnir, məmur-vətəndaş münasibətindən razı qalır, dövlət başçısına sədaqət və etibarını hər məqamda fəal vətəndaş mövqeyi ilə büruzə verir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, rabitə xidməti sahələrində qazanılmış uğurlar, yol verilmiş nöqsanlar da prinsipiallıqla təhlil edildi. Sahibkarlığın inkişaf etdirilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər də diqqətə çatdırıldı.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişdir.

Yığıncaqda əminliklə qeyd olundu ki, qazanılmış nailiyyətlər qətiyyən arxayınlıq yaratmır. Əmək meydanında hünər göstərən ağdamlılar işğal altındakı torpaqların azad edilməsi uğrunda müqəddəs savaşa hər an hazırdırlar. Bölgədə hər kəs birmənalı olaraq inanır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət böyük Qələbəni tezliklə reallaşdıracaqdır.

Yığıncağın sonunda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Mürsəl Qurbanova 1-ci dərəcəli "Əmək ordeni”ni təqdim etmişdir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video