23 Fevral 2020 07:33
1419
Elm və texnika
A- A+

Sirli mağara, müqəddəs ziyarətgah


"Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmü ərşə dayanmışdı. İnsanlar arasında küfr hökm sürürdü. Buna dözə bilməyən vəzir Təmirxan tək Tanrıçılıq inancında olan bir neçə dostu ilə birgə zülmdən qurtulmaq üçün dağlara sığınmaq və başlarına çarə qılmaq istəyi ilə şəhərdən qaçırlar.

Yolda hökmdarın çobanına rast gəlirlər. Vəziyyəti öyrənən çoban da zülmdən cana gəldiyini və ümidini bir olan Allaha bağladığını bildirərək onlara qoşulur. Bu vaxt çobanın iti də ardınca gəlir. İtin səs salıb onların yerini bildirəcəyindən qorxuya düşürlər. Çoban iti heç bir vasitə ilə qova bilmir, vurub ayağının birini sındırır. Bir azdan baxırlar ki, it yenə gəlir. Çoban onun ikinci ayağını sındırdıqda it insan kimi dil açıb zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralıda basdırır və üstünə çomağını taxır. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. O, pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Xəzinə tapmısan? O isə inandırmağa çalışır ki, pullar kimsənin deyil, onları dünən şəhərdən çıxarkən özü ilə götürüb. Onu başa salırlar ki, bu pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.

Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri danışdıqdan sonra insanlar bununla maraqlanıb mağaraya doğru axışırlar. Vəzir yoldaşlarının bundan qorxuya düşəcəklərini söyləyərək onları xəbərdar etmək üçün qaçaraq mağaraya gəlir. Baş vermiş möcüzəni bildirir. Hər biri əl qaldırıb Allahdan qeyb olmalarını diləyir. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanların izlərini tapırlar və o zamandan bu yer ziyarətgaha çevrilir...”

Bura Naxçıvanda ən müqəddəs yerlərdən sayılan "Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksidir. Şəhərdən təqribən 12 km məsafədədir. İlandağ və Nəhəcir dağı arasındakı bu təbii mağara Culfa rayonunda keçmiş Haçaparaq kəndi ərazisində yerləşir. Hazırda bura Bənəniyar kəndi adlanır. Girişi güneydən başlanan mağara quzey istiqamətdə, dağın içərisinə doğru uzanıb gedir. Mağara dəniz səviyyəsindən 1666 metr hündürlükdədir.

Adı ərəb dilindən götürülüb. "Əshab” yeniyetmə cavan oğlanlar, "kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Deməli, "Əshabi-Kəhf” yeniyetmə cavanların sığınacaq yeri - mağara mənasındadır.

"Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, islamın müqəddəs kitabı "Qurani-Kərim”də də onun adı çəkilir. "Qurani-Kərim”də bu məsələ ilə birbaşa bağlı olan surə "Əl-Kəhf” surəsidir. Dünyanın bir sıra bölgələrində "Əshabi-Kəhf” adı ilə tanınan mağaralar vardır ki, onların da "Qurani-Kərim”də adı keçən mağara olduğu iddia edilir. Mağaranın yerləşdiyi yerin xüsusiyyətləri "Əl-Kəhf” surəsinin 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin”. Mağaranın içərisinə girəcəkdən baxarkən girişdən sağ və sol nəzərdə tutulur. Məhz Culfadakı "Əshabi-Kəhf”də içəri girən (baxan) adamın sağı gündoğana düşür. Bundan başqa, onların qeyb olduqları yerin girişi üzü qibləyə olub. Bu əlamətlər əsl "Əshabi-Kəhf”in Naxçıvan Muxtar Respublikasındakı mağara olduğunu sübut edir.

"Əshabi-Kəhf” mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş.

"Əshabi-Kəhf” neçə yüzilliklərdir müqəddəs ocaq sayılır. Hətta sovet hökumətinin qadağaları da insanları ona pənah aparmaqdan çəkindirməyib. El arasında deyirlər ki, "Əshabi-Kəhf”i 7 il ard-arda ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir. "Əshabi-Kəhf” ziyarətinin dəqiq vaxtı yoxdur, bura ilin istənilən fəslində getmək olar.

XX yüz illiyin 60-cı illərinə qədər ziyarətə əsasən at, ulaq, qatır, hətta dəvələrlə gediblər. Ziyarətə gedən bir neçə qohum ailə birləşib qəfilə təşkil edirdilər. Qəfiləyə daxil olanların hamısı zəvvar adlanırdı. Qəfiləyə yaşlı, dindar kişilərdən biri rəhbərlik edirdi. Hər qəfilədə ziyarətə getmək imkanı olmayan, qurban aparmayan müəyyən yaşlı adamlar olurdu. Yəni arzusu olub, imkanı olmayanlara da yardım edilirdi.

"Əshabi-Kəhf”ə çatmamış, yolun kənarında çoxlu qəbirlər var. Zəvvarlar ilk öncə həmin qəbirləri ziyarət edirdilər. Qəbirlərin burada nə vaxtdan və kimə məxsus olduqları məlum deyil. Aşağı hissədəki qəbiristanlıq isə vaxtilə burada mövcud olmuş Haçaparaq kəndinə aiddir.

Rəvayətlə bağlı olaraq, ilk ziyarət olunan yer mağaradan 100-120 metrə qədər aralı, yolun sol tərəfində çobanın itinin - Qitmirin basdırıldığı yerdir.

Mağarada müqəddəsləri ziyarət etməzdən və bir sıra ayinləri yerinə yetirməzdən əvvəl gətirilmiş qurban kəsilir. Qurban kəsilməmişdən öncə ona su verilməsinə, kəsilərkən qurban duası oxunmasına əməl olunur. Ziyarətgahın ətrafında natəmizlik olmasın deyə, buradan xeyli aralı, yolun sağ tərəfində qurban kəsmək üçün ayrıca yer duzəldilib.

Qurban kəsiləndən sonra mağarada müqəddəs yerləri ziyarət etməyə başlayırlar. İnsanların ilk rast gəldikləri möcüzə girişin başlanğıcındakı kiçik bulaqdır. Hər tərəf sərt qayalar, bu qayaların altından sızıb gələn bulaq sanki şəfa suyudur. Bu, qədim mağara sakinlərinin, sonrakı dövrlərdə zəvvarların min illər boyu istifadə etdikləri yeganə içməli sudur. Bulaq xalq arasında "Yeddi kimsənə” adlanan ziyarət yerinin aşağı tərəfindədir.

"Yeddi kimsənə” "Əshabi-Kəhf”in girişinin sol tərəfində qabağa doğru əyilmiş qayanın altındadır. Sanki sığınacaqdır. Rəvayətə əsasən, yeddi müqəddəs burada qayaya söykənərək qeyb olublar. Divarda dörd iz aydın görünür. Sanki insan divara söykənmiş, izi qalmışdır. Xalq arasındakı inama görə, bu, qeybə çəkilmiş yeddi nəfərin kürəklərinin izləridir.

Mağaranın içərisində "Yeddi kimsənə”dən sonra ziyarət edilən məqam Həzrəti Əli və onun atı Düldüllə bağlıdır. Rəvayətə görə, Həzrəti Əli bura ziyarətə gəlmiş, Düldül sol tərəfdəki qayadan sağdakı qayaya sıçramış və həmin qayada dal ayaqlarının izi çala kimi qalmışdır. İnsanlar niyyət edib yerdən təqribən 5-6 metrə qədər hündürlükdə olan həmin çalalara kiçik daşlar atırlar. Niyyəti hasil olanın daşı orda qalır. Bir qayda olaraq üç daş atılır.

Mağaranın daxilinə girdikcə ətrafdakı ağac və kollara parçalar bağlanır. Yuxarı tərəfdə, məscidə və "Cənnət bağı”na çıxan yolun solundakı qayada deşik var. Niyyəti olanlar deşikdən keçib həmin qayanın başına üç dəfə dolanırlar.

Məscidin qabağındakı "Qara daş”ın və "Damcıxana”nın ziyarəti əsas məqamlardan hesab edilir. Əvvəllər gətirilmiş nəzirlər qara daşın yanına və ya üstünə qoyulardı. Qara daşı müqəddəs hesab etməklə, onu öpür, daş yapışdırırlar.

"Damcıxana” məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Hər hansı arzusu olan niyyət edib oturur. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olmur.

Ziyarətgahda ən uca, yüksək məqam "Cənnət bağı” adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olunduğu yer sayılır. Burada gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub. Kitabədə deyilir: "Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”.

Son illərdə "Əshabi-Kəhf” ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılıb. Zəvvarlar üçün yaxşı şərait yaradılıb, 13 km məsafədə rahat yol salınıb, yolboyu yaşıllaşdırma işləri aparılıb, məscid tikilib, köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəzlənib. Ziyarətgahın ərazisində "Qonaq Evi”, "Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir.

Bu gün "Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video