22 Fevral 2020 06:44
1690
SİYASƏT
A- A+

SƏBRİN HÜDUDU VARMI, ALLAHIM?!


Allah birdir - hərə öz dilində ona dua edir, ondan imdad diləyir!

Allah birdir - dinlər müxtəlif olsalar da!

Biz də Allahın birliyinə, böyüklüyünə inanmışıq, onu qəbul etmişik!

Heç zaman Allahı bütlərdə, Yer üzündə axtarmırıq.

Oda sitayiş etməyi də əsrlərdir ki, tərgitmişik!

Bütün dinlərə hörmətlə yanaşırıq - bir olan Allahın xatirinə!

Bütün dini məbədləri müqəddəs tuturuq - hamısını Allahın evi saydığımıza görə!

Tanrının qoyduğu yoldan çıxmamağa çalışırıq (söhbət bütövlükdə millət haqqında gedir) - yolun müqəddəsliyini dərk etdiyimizə və Allahımızın qəzəbindən qorxduğumuza görə!

***

Həmişə səni hörmət və məhəbbətlə anırıq, böyük Yaradanımız!

Ucalığına, həm də ədalətinə görə!

Həm də inanırıq ki, ən qudurğan ədalətsizi də cilovlamaq və cəzalandırmaq qüdrətindəsən!

İstər tiran olsun, istər dövlət, istərsə də yolunu azmış millət!

Bəs nəyi gözləyirsən, uca Tanrım?!

Səbrin hüdudu olurmu, Allahım?!

Səbir nə zaman tükənmiş sayılır, İlahi?!

Səbrin tükənməsi üçün daha nələr baş verməlidir, ay bizi Yaradan?!

Biz bəndəyik, kiçiyik, yəqin ki, səbrimiz də kiçik olmalıdır!

Amma düşmənimiz hiyləgər, arxası möhkəm və güclü olduğundan ona hələlik gücümüz çatmır!

Səbirli olduğumuza görə dözürük!

Gücümüz çatmadığı üçün səbir edirik!

Həm də səbir etməyə məcburuq!

Sənsə hamıdan güclüsən!

Sən niyə bu qədər səbir eləyirsən?!

Səbrin özün boydadırsa, onda vay bizim halımıza!

Demirik gəl bizim yerimizə müharibə et!

Əstəğfürullah!

Axı hər şeyin əvvəli olduğu kimi, sonu da olmalıdır!

Səbir də əbədi ola bilməz!

Meşəlidə, Cəmillidə, Qaradağlıda, Bağanis-Ayrımda dolmayan səbir kasası niyə Xocalıda daşmadı!

20 min şəhid azdımı?

32 ildir qurban v

erə-verə gedirik, kifayət deyilmi?!

***

7 rayon qurban getdi...

Hələ də səbir edirsən...

Biz də sənin kimi...

Milyondan çox qoca, qadın, uşaq evsiz-eşiksiz qalaraq düzlərə töküldü, çadır şəhərciklərində məskunlaşdı...

Normal insanların yaşaya bilməyəcəyi şəraitdə yaşamalı oldu...

Nə yeməyə çörək tapdı, nə işləməyə iş...

Qışda soyuqdan, yayda istidən əziyyət çəkdi...

Dözdü... çünki başqa çarəsi yox idi!

Nəydi onların günahı, ALLAHIM!

Axı içlərində minlərlə uşaq, dil açmamış körpə, sənin varlığını dərk edəcək yaşa çatmayanları da vardı!

Onlar hansı günaha bata bilərdilər, necə günah iş tutardılar ki, belə zillətə düşdülər?!

Erməninin xoşu gələn torpaqda, göz dikdiyi ərazidə yaşamaq günah sayılırmı?!

Axı o torpağı, o vətəni onlara sən qismət etmişdin?!

***

Biz sənin ətəyini necə buraxa bilərik?

Yapışmağa başqa ətək yoxdur!

Biz səndən necə ümidimizi üzə bilərik?

Ümidsiz yaşamaq çətindir, bəlkə də mümkün deyil!

Sənə necə güvənməyə bilərik?

Sovet hökuməti yetmiş il ərzində səni danmağa çağırdı, amma faydası olmadı!

Ürəyimizin dərinliyində qoruyub saxladıq səni!

Niyə bizi yiyəsiz qoymusan?

Niyə zalımın zülmünün əvəzini vermirsən?

Niyə bu qədər səbirli və dözümlüsən?

Axı yaratdıqlarının ömrü onlara sənin qədər səbirli olmaq imkanı vermir!

Axı vətənə qayıtmaq həsrətilə yaşayanların sayı ilbəil yox, günbəgün azalır!

Axı əmanət qəbirlərin sayı aybaay artır, çoxalır!

Daha səbir etməyə əcəl də macal vermir!

***

Bəlkə səbrini rəhmlə əvəz edəsən?

Bəlkə düşmənin burnunu ovasan?

Bəlkə düşmənin arxasında duranları yerlə-yeksan edəsən?

Axı qaçqın da insandır!

Axı onu da sən yaratmısan!

Lap adını "məcburi köçkün” qoysaq da!

Lap adını "miqrant” qoysaq da!

Axı yaratdıqlarının hamısının insan kimi yaşamağa haqqı var!

***

Hamının müqəddəs bildiyi Kəbə evi bizim payımıza düşüb!

Dünyanın sonuncu, tarixi şəxsiyyət kimi seçdiyin peyğəmbəri bizə sən qismət etmisən!

Dinlərin cavanı, inkişafda olanı islam sayılır!

Di gəl ki, ona "terror dini” damğası vururlar, "terrorçu” deyiləndə barmaqla saqqallı müsəlmanı göstərirlər!

Göydə sənin etmədiyin ayrı-seçkiliyi yerdəkilər artıq ənənəyə çeviriblər!

"Ərəb baharı”, "demokratiya” arzusu ölkələri viranə qoydu!

Qeyri-islamçıların maliyyəsi və silahı ilə islam bayrağı altında müsəlman qırğınları törədənlərin vəhşiliyi və qəddarlığı heç bir əndazəyə sığmır!

Çörək dalınca düşmən qapısına gedənləri dənizlərdə boğur, tikanlı məftillərlə yollarını kəsir, itlərlə qarşılayır, sığınacaqlarına od vururlar!

Hamının sığınacaq axtardığı "Allah evləri” vaxtaşırı partladılır, ibadətə gələnlərin qanına bulaşır!

Bu evləri kim qorumalıdır?!

Allahın adı ilə Allahsızlıq edənləri kim cəzalandırmalıdır?!

Dinlərarası ayrı-seçkiliyə kim son qoymalıdır!

Bu sualların cavabını kimdən öyrənək, Allahım?!

Ay sənə qurban olum!

BƏNDƏN KİMİ DAİM İTAƏTİNDƏYİK:

* yoluna həmişə sadiqik;

* məscidlərin qapıları hamının üzünə açıqdır;

* bütün dindarların öz məbədləri, ibadətgahları var;

* hər il minlərlə adam Həcc ziyarətinə gedir;

* fəaliyyətdə olan məscidlərin sayı 2 mini keçib;

* qoşa minarəli yeni, möhtəşəm Bibiheybət məscidi tikildi;

* dörd minarəli, əzəmətli Heydər məscidi inşa edildi;

* XV əsrdən qalan Şamaxı məscidi təmir olunaraq yenidən fəaliyyətə başladı;

* hər il dövlət başçısının rəhbərliyi, bütün dinlərin nümayəndələrinin iştirakı ilə

Ramazan süfrəsi verilir;

* dövlətimiz xəstələrə, yetim-yesirə, imkansıza daim arxa durur!

Daha nə edək ki, sənə xoş gəlsin, bizə rəhm edəsən, torpaqlarımızı qaytarmağa kömək göstərəsən, ALLAHIM?!

Bu minnət deyil, ALLAHIM, bu yalvarışdır!

Bu, etiraz deyil, səbri tükənməkdə olan bəndənin fəryadıdır, Allahım!

Bu, ədalətsizlikdən cana doyan insanların ədalət hayqırtısıdır, Allahım!

Bu, torpağı əsir alınaraq ölümə məhkum edilən xalqın sənə xitabı, səndən kömək ummasıdır!

Həm də sənin böyüklüyünə və ədalətinə bir daha sığınmasıdır...

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video